AZ

MEHDİYEVİN HƏLƏ DƏ BİTİRİLMƏYƏN “AKADEMİK TALEYİ”... Və İnsanovdan “fərqi”

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasından yayımlanan fotoları hər kəs gördü. Fotolarda yer alan şəxslərin arasnda doğrudan da elmdə zəhməti olan alimlər var idi. Lakin “mışhamışla” yatan bu similar həm də çoxdan dərin yuxuya getmiş Azərbaycan elminin bugünkü durumunu əks etdirirdi. 

O elmin ki, Azərbaycanın iqtisadiyyatından tutmuş yeni texnologiyalara və humanitar sahələrə qədər əksər istiqamətlərdə hər hansı ciddi töhvəsini, yeniliyini, dünyaya səs salan uğurunu görmürük, hiss etmirik, yaxın gələcəkdə görəcəyimizə də ümid etmirik... Əvəzində, AMEA başda olmaqla, Azərbaycan “elm təsərrüfatı”nın hər küncündən elmdən çox siyasi və digər intriqalar, korrupsiya, rüşvət, qohumbazlıq, yerlibazlıq və s. süzüldüyünü görmüşük və görürük…

Ancaq mövzumuz bu deyil. Bu iclas öncəsi Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılacağı barədə məlumatlar dolaşırdı. Lakin AMEA Rəyasət Heyəti heç bu məsləni gündəliyə belə çıxarmadı. Bu da prosedur qaydaları ilə izah edildi və bildirildi ki, Mehdiyevin xaric edilməsi məsələsinə yalnız onun barəsində məhkəmə qərarından sonra baxılacaq. Azərbaycan reallıqlarını nəzərə alanların bir çoxu üçün bu izahat kifayət qədər müəmmalı göründü. Çünki bu mələkətdə “təqsirsizlik prezumpsiyası”nın heç də hər zaman, hər yerdə, hamı üçün işləmədiyinə dair hallar olub, yəni, bəzən “əvvəl qulağı kəsib, sonra sayırlar”. AMEA-nın özü də qətiyyən prinsipial qanunçuluq etalonu sayıla bilməz, əks halda, ona aid müxtəlif qanunsuz, qalmaqallı kadr təyinatlarından korrupsiya cinayətlərinə qədər çoxsaylı faktlar üzə çıxmazdı.

Hətta düşünənlər oldu ki, AMEA-dakıların çoxunun akademiyaya yolu uzun illər – Prezident Aparatına rəhbərlik etdiyi dövrdən bu təşkilata nəzarət etmiş Mehdiyevin “doğanağından” keçdiyi üçün onun xaric edilməsi qərarını ləngidirlər. 

Bu yaxınlarda AMEA-da Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verilməsi ilə əlaqədar yayılmış məlumatlardan sonra belə qərarln verilməsi şübhələri daha da artırıb.

Ancaq əslində, Mehdiyev barədə qərarın təxirə salınması doğrudan da prosedur qaydaları ilə bağlı ola bilər. AMEA-nın yaxın tarixində artıq bu cür hal olub. Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilsə də, onun akademiyadan xaric edilməsi barədə qərar yalnız 2007-ci ilin mayında - barəsində məhkəmə qərarı çıxandan sonra verilmişdi. İndi də belə görünür ki, Mehdiyevə qarşı “ayrıseçkilik” edilmir. Onun nəyi İnsanovdan artıq, yaxud əskikdir ki?...

Doğrudur, İnsanovun doğrudan da ciddi elmi fəaliyyəti olub, bəzi preparatların müəllifidir, vərəm və ağciyər xəstəlikləri  üzrə mütəxəssisdir(Görünür, nazir olduğu 12 il ərzində səhiyyəmizi uğurla “vərəmlətməsi” də bundan irəli gəlib). Ondan fərqli olaraq, Mehdiyevin “filosofluğu”, yazdı(rdı)ğı kitablar, məqalələr, vərəqdən oxuduğu çıxışlar, eləcə də elmi dərəcəsi – akademikliyi hər zaman saxta təsir bağışlayıb. Və Mehdiyevlə İnsanov arasındakı yeganə fərq də yəqin ki, budur.

Ancaq onu demirik ki, bu şəxslərin hər ikisi gerçək akademik statusunu daşıyacaq mənəvi keyfiyyətlərdən çox-çox uzaq olublar. Hər ikisi rəhbərlik etdikləri sahəni bərbad vəziyyətə salıblar, ölkəni bacardıqları qədər talayıblar, oğurlayıblar, haqsızlıq, ədalətsizlik ediblər. Hər birinin evindən çıxan milyonlar, qızl-zinət əşyaları, yaşadıqalrı dəbdəbəli villalar, mülklər, varidat, bizneslər və s. də bunun əyani sübutudur.

Hər ikisi vəzifədə olanda gözləri ayaqlarının altını görməyib, sadə vətəndaşa rişxəndlə baxıb, haqqını yedikləri Azərbaycan insanını insan yerinə qoymayıb. Sonda da hər ikisi “yediyi qaba tüpürüblər”. 

İndi hər ikisinin “akademik taleyi” də eynidir. Nəticədə İnsanovdan sonra AMEA-dan qovulan ikinci “akademik” Mehdiyev olacaq...

Ancaq bu şəxslərin arasında bir fərq də var. İnsanov uzun müddətli məhkumluq həyatından sonra geri qayıtdı, məhkumluğu üzərindən götürüldü, hətta siyasətlə məşğul olmağa başladı. Həyat ona bu möhləti verdi. Ancaq Mehdiyevə bu möhlətin, fürsətin veriləcəyi, yumşaq desək, böyük sual doğurur...

Nəhayət, bir də qayıdaq akademiyanın iclasında yuxuya gedən alimlərimizə. Bir çoxları sosial şəbəkələrdə, mətbuatda onları qınayır, hətta ələ salır. Ancaq bir şey dəqiqdir ki, heç olmasa, bu “yorğun” alimlərin çoxunun vicdanı da, əli də, dili də saxta akademiklərdən, korrupsioner məmurlardan, nazirlərdən və s. qat-qat təmizdir. Odur ki, qoyun yatsınlar. Onsuz da onların iradəsi heç nəyi həll etmir... Şair demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın...”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
hurriyyet.az

1Mənbələr