AZ

TƏCİLİ! İran Azərbaycanla hava məkanını BAĞLADI – Nə baş verir?

İran Azərbaycanla sərhədə yaxın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı NOTAM (aviatorlar üçün xəbərdarlıq bildirişi) elan edib. Bildirişə əsasən, təxminən 3300 metrədək yüksəklikdə PUA-lardan istifadə olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Flightradar24” monitorinq xidməti məlumat yayıb.

“Flightradar24” eyni zamanda xəbərdarlığın şamil olunduğu dəniz zonasının koordinatlarını da dərc edib. Məlumata görə, İran Xəzər dənizində Azərbaycan sərhədlərinə yaxın ərazidə PUA təlimləri keçirir və qeyd olunan hava məkanı bütün növ uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.

Hadisə regionda onsuz da həssas olan təhlükəsizlik mühitində baş verdiyi üçün diqqət çəkir. Xüsusilə son dövrlərdə İranın hərbi aktivliyinin artması və müxtəlif istiqamətlərdə təlimlər keçirməsi fonunda bu addımın siyasi və hərbi mesaj xarakteri daşıyıb-daşımadığı sual doğurur.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, NOTAM elan edilməsi beynəlxalq praktika baxımından normal prosedurdur, lakin seçilən məkan və zamanlama xüsusi diqqət tələb edir:

“NOTAM texniki baxımdan təhlükəsizlik üçün verilən standart xəbərdarlıqdır. Amma burada əsas məsələ coğrafiyadır. Təlimlərin Azərbaycan sərhədinə və Xəzər dənizindəki zonaya yaxın ərazidə keçirilməsi siyasi mesaj kimi də yozula bilər. Cənubi Qafqazda yeni nəqliyyat layihələri, Azərbaycanla Qərb arasında artan əməkdaşlıq, həmçinin regionda hərbi-siyasi dinamika Tehranı narahat edir. İran vaxtaşırı sərhədyanı ərazilərdə hərbi təlimlər keçirməklə həm daxili auditoriyaya, həm də qonşularına siqnal verir”.

Azər Hüseynov hesab edir ki, bu addımı birbaşa hərbi təhdid kimi qiymətləndirmək düzgün olmaz, lakin siyasi fon nəzərə alınmalıdır:

“İran açıq qarşıdurma xətti tutmur. Amma o, regionda kənar güclərin hərbi iştirakına həssas yanaşır. Xəzər dənizində və sərhəd zonasında PUA təlimləri keçirməsi bir növ güc nümayişidir və ‘biz buradayıq’ mesajıdır. Hazırda əsas məsələ emosional reaksiya verməməkdir. Hərbi təlimlər beynəlxalq hüquq çərçivəsində keçirilirsə və sərhəd pozuntusu yoxdursa, bu, daha çox siyasi jest kimi qiymətləndirilməlidir. Amma regionda hərbi aktivliyin artması ümumi risk səviyyəsini yüksəldir. Ümumilikdə isə, İranın NOTAM elan edərək sərhədə yaxın hava məkanında PUA təlimləri keçirməsi texniki baxımdan adi prosedur sayılsa da, regional kontekst və mövcud geosiyasi vəziyyət bu addıma əlavə siyasi çalar verir. Ekspertlərin fikrincə, proseslər diqqətlə izlənməli, eyni zamanda diplomatik balans qorunmalıdır.

Tunar 

NOCOMMENT.az 

Seçilən
25
nocomment.az

1Mənbələr