AZ

“Xocalıda ucalan memorial tarixi ədalətin təntənəsidir” - ŞƏRH

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”.
Bu sözləri SİA -ya açıqlamasında Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Nurlana Mustafayeva bildirib.
Onun sözlərinə görə, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” ifadələri Xocalı soyqırımın tam mənzərəsini göz önünə sərir:

”Tariximizdə təkcə bir xalqın deyil, bütün bəşəriyyətin yaddaşına ağrı ilə həkk olunmuş 1992-ci il 26 fevral gecəsi insanlıq üçün utanc səhifəsidir. Həmin gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Qadınlar, uşaqlar, qocalar, hətta ana bətnindəki doğulmamış körpələr amansızcasına qətlə yetirildi, yüzlərlə ailə yer üzündən silindi, minlərlə insanın taleyi alt-üst oldu.

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Şəhər əhalisinə qarşı soyqırım həyata keçirildi. Bu qanlı hadisə nəticəsində 613 nəfər öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Həlak olanların 63-ü azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. Bu, azərbaycanlılara qarşı törədilmiş açıq-aşkar soyqırım aktı idi. Xocalıda insanlar yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmışdılar. Qətlə yetirilənlərə xüsusi qəddarlıq tətbiq olunmuş, amansız işgəncələrlə həyatlarına son qoyulmuşdu.

Uzun illər boyunca “Xocalı” adı Azərbaycan üçün həm dərin ağrının, həm də ədalət axtarışının simvolu idi. Xocalısoyqırımına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuş, bu soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında isə Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətləri vardır. Xüsusilə,Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynamışdır.

Erməni vandallarının məhz Xocalı şəhərini əsas hədəf seçməsi onun əlverişli hərbi-strateji mövqeyi ilə bağlı idi. Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşən Xocalının işğalı əsas nəqliyyat xətlərinə nəzarət imkanı yaradırdı. Bundan əlavə, şəhərdə Qarabağın yeganə hava limanı yerləşirdi. 1991-ci ilin oktyabrından blokadaya alınan Xocalıya gedən bütün yollar bağlanmış, hava limanının ələ keçirilməsi ilə şəhər tamamilə Azərbaycanın nəzarətindən çıxmışdı. Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin və sovet ordusunun 366-cı alayının azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Burada qətlə yetirilənlər günahsız, əliyalın insanlar – uşaqlar, qadınlar və qocalar idi. Şəhər tamamilə dağıdılmış, tarixi və mədəniyyət abidələri, sosial obyektlər məhv edilmişdi. O dönəmdə Xocalı soyqırımının törədilməsində iştirak etmiş Serj Sarkisyan bu gün də CənubiQafqazda Azərbaycanla Ermənistan arasında sülh proseslərini pozmaq üçün Ermənistanda revanşist qüvvələrə rəhbərlik edənlərdən biridir. Bu onu göstərir ki, soyqırımı törədən cinayətkarlar və onların başçıları Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın inkişafına əsas təhdiddirlər. Onlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar.

Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə tarixi, sənədli və bədii əsərlər, kitablar, məqalələr nəşr olunmuş, sənədli filmlər çəkilmişdir. Xocalı soyqırımı artıq bir sıra ölkələr tərəfindən tanınmışdır. Soyqırım şahidlərinin foto, audio və video materiallarının toplanması və qorunması həm bu gün, həm də gələcək nəsillər üçün çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda xarici alimlərlə birgə ortaq elmi araşdırmaların aparılması olduqca vacibdir.

Prezident İlham Əliyevin müəyyən etdiyi “hücum diplomatiyası” siyasəti uğurlu nəticələr vermiş, bir sıra dünya dövlətləri Xocalı soyqırımını qəbul etmişdir. Bu həqiqətlərin yayılmasında Azərbaycanın diplomatik nümayəndəlikləri və diaspor təşkilatları xüsusi rol oynamışdır. Monteneqronun Tuzi bələdiyyəsində, Sloveniyanın Dobrava Memorial Park Kompleksində, Bolqarıstanın Sofiya şəhərində, Serbiyanın Belqrad Universitetində, Yunanıstanda, Bosniya və Herseqovinanın Sarayevo şəhərində, Albaniyanın müxtəlif universitetlərində hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu anım mərasimləri dünya ictimaiyyətinin Xocalı soyqırımına olan həssaslığının göstəricisidir.

“Hücum diplomatiyası”nın məntiqi nəticəsi olan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbə Azərbaycan xalqına gələcəyə inamla, qürurla və əmin addımlarla irəliləməyi öyrətdi. Bu zəfər güclü, qətiyyətli liderlik, qüdrətli ordu, möhkəm dövlətçilik və uzaqgörən xarici siyasətin nəticəsi idi.

Xocalı soyqırımından çıxarılacaq çox böyük dərslər var. Bu insanlıq ayıbının bir daha təkrarlanmaması üçün Azərbaycan xalqı hər zaman bir və bütöv yumruq kimi birləşməlidir. Böyük türk şairi Mehmet Akif Ərsoyun dediyi kimi, “Tarixi ‘təkrar’ adlandırırlar. Əgər ibrət alınsaydı, tarix təkrar olardımı?...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2023 tarixində Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, 26 fevral 2024-cü il tarixində isə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması soyqırım qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi.

Artıq bu gün Xocalı dağıntıların, bədbinliyin deyil, dirçəlişin, ümidin və qayıdışın rəmzidir. Aparılan quruculuq işləri təkcə maddi bərpa deyil, həm də tarixi ədalətin təcəssümüdür. Bu torpaqlara qayıdan həyat Xocalı şəhidlərinin xatirəsinə göstərilən ən böyük ehtiramdır. Xocalı unudulmur və unudulmayacaq. Xocalı Azərbaycan xalqının qürurunun, şərəfinin və gələcəyə olan ümidinin simvolu kimi tarixdə əbədi yaşayacaq”.

Müəllif: Günay Hacıyeva
Seçilən
5
sia.az

1Mənbələr