Bakı, 26 fevral, Günel Türksoy, foto Azər İbrahimov, video Ceyhun Mustafayev, AZƏRTAC
Xocalı faciəsi zamanı itkisi olmayan ailə yox idi.
Bunu AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin şahidi, 68 yaşlı Rəhilə İsmayılova deyib.
“O dəhşətli gün getsin, bir də gəlməsin. Hadisə baş verən gün evimizdə oturmuşduq, qonşu da bizə gəldi. O, bir-iki saatdan sonra evinə qayıtdı. Həmin qonşum övladı ilə birlikdə meşədə ölüb, onların meyitləri tapılmadı. Biz də faciə gecəsi Qarqar çayını keçib, meşə ilə Şelliyə getdik. Düzə çıxanda camaatı qırdılar. Əmim oğlanları, bibim qızı o faciənin qurbanı oldular. Bibimqızının yoldaşının nəşi də tapılmadı. Bir əmioğlum Şuşada qaldı, hələ də taleyi naməlumdur”, - deyə o bildirib.
Rəhilə İsmayılova vurğulayıb ki, Xocalıdan çıxanda evin qapısını bağlayıb və meşə ilə hərəkət etməyə başlayıblar. “Meşədə qonşunun uşağı ermənilərin qurduqları tələyə düşdü. Onun ayağını tələdən çıxartdıq. Yaşlı bir qadın isə nəvəsini belinə bağlayıb gedirdi. Uşaq dayanmadan ağlayırdı. Dedilər ki, uşağın səsini kəsmək lazımdır ki, ermənilər eşitməsinlər, yoxsa gəlib hamını öldürərlər. Nənə dedi ki, qarnı ac körpəni necə öldürmək olar? Həmin qadın meşə ilə gedərkən tez-tez məndən yapışırdı. Mən də yeriyə bilmirdim. Qonşularımız uşaqları ilə birlikdə öldülər”, - deyə müsahibimiz diqqətə çatdırıb.
O, Xocalının işğaldan azad edildiyi günü belə xatırlayıb: “Xəbəri eşidəndə əvvəlcə inanmadım. Yerimdə donub qaldım. Allah şəhidlərimizə rəhmət eləsin! Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı”.