
Kataloniya parlamenti Barselonada turist vergisini ikiqat artıraraq, bir gecə üçün maksimum 7,5 avrodan 15 avroya çatdıran qanunu təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bununla da, Barselona Avropada turistlərə ən yüksək vergi tətbiq edən şəhərlərdən birinə çevrilib.
Agentliyin bildridiyinə görə, vergi artımından məqsəd turist sayını tənzimləmək və mənzil böhranını həll etməkdir.
Qanuna əsasən, aprel ayından etibarən otel qiymətləri otelin kateqoriyasından asılı olaraq, iki dəfə artaraq, bir gecəlik 5-7,5 avrodan 10-15 avroya yüksələcək.
Barselonadakı bütün otellərin demək olar ki, yarısını təşkil edən dördulduzlu bir oteldə gecələmə adambaşına 11,40 başa gələcək. Beşulduzlu bir oteldə isə qonaqlar bir gecə üçün 15 avroya qədər ödəməli olacaq.
Əldə edilən gəlirin dörddə biri şəhərin mənzil böhranının həllinə sərf olunacaq.
Digər tərəfdən, Barselona parlamentinin daha əvvəl qəbul etdiyi qərara əsasən 2028-ci ildən etibarən mənzillərin qısa müddətə kirayə verilməsi qadağan olunacaq.