AZ

Yanvar ayında 181,8 min nəfər Azərbaycana gəlib: Turizmdə canlanma, yoxsa?

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41.9 faiz artaraq 7.2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 4.3 faiz artaraq 34.6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4.7 faiz artaraq 58.6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3.8 faiz artaraq 81.4 min nəfər təşkil edib.

Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, turizm istiqamətindəki sözügedən artımı faiz nisbəti ilə müqayisə etsək, elə də böyük olmasa da, burada yaxşı bir məqamı da qeyd etmək lazımdır:

"Bu isə yanvar ayının, adətən, turizmin daha aşağı dinamika göstərdiyi dönəmlə bağlıdır. Yəni belə bir dönəmdə 5.3 faiz artımın olması, növbəti aylarda bu yüksəlişin daha da çox olması ehtimalını artırır".

"Artımın konkret və dəqiq səbəblərini ifadə etmək üçün isə səfərlərin strukturunu bilmək lazımdır. Yəni viza rejiminin ləğvi, biznes fəaliyyəti, rəsmi səfərlər və s. hər biri burada rol oynayır", - deyə ekspert əlavə edib.

Turizm eksperti Ceyhun Aşurov da Oxu.Az-a açıqlamasında bildirib ki, bu artımın əsas səbəbi, əslində keçən ilin yanvar ayının turizm baxımından daha zəif olması ilə bağlıdır:

"Ümumilikdə isə keçən il turizm nöqteyi-nəzərdən, demək olar ki, geriləmə ili oldu. Həmin ilin rəsmi statistikasında da iki faizdən də çox əcnəbilərin azaldığını il ərzində müşahidə etdik".

"Təbii ki, 2026-cı il yeni başlayıb və keçən ilin göstəricilərinə görə, bu ildə nisbətən aktivlik olacağına ümid edirik. Ümumi gözləntimiz də bu istiqamətdədir", - deyə müsahibimiz qeyd edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr