AZ

Bakıda iftar menyusu: Qiymətlər kəskin artıb

Ramazan ayının gəlişi ilə birlikdə ictimai iaşə obyektlərində iftar menyularının qiymətləri yenidən müzakirə mövzusuna çevrilib. Son illər bəzi restoran və şadlıq evlərində təqdim olunan iftar süfrələrinin yüksək məbləğlərlə təklif edilməsi istehlakçılar arasında narazılıq doğurur.

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemin illərdir davam etdiyini bildirib.

Onun sözlərinə görə, artıq beş ildən çoxdur ki, Ramazan ayında iftar menyularının baha qiymətə təklif olunması ənənəyə çevrilib. Bəzi hallarda bir nəfərlik iftar süfrəsinin qiyməti 150 manata qədər yüksəlir:"Qiymətlər sərbəstdir və hökumət biznes qurumları üçün azad şərait yaradıb. Lakin bəzi obyektlər bu imkanlardan sui-istifadə edərək istehlakçılara istədikləri qiyməti təklif edirlər. Xüsusilə Ramazan ayında bu cür yanaşma doğru deyil”,- deyə o qeyd edib.

E.Hüseynov bildirib ki, əsas tələb şəffaflığın təmin olunmasıdır.

"Menyuda qiymətlər açıq şəkildə göstərilməli, istehlakçı əvvəlcədən nə qədər ödəniş edəcəyini bilməlidir. Çünki bir çox hallarda insanlar, xüsusilə qonaq olduqları məkanlarda süfrə arxasında qiymət soruşmağı etik hesab etmir və sonda çətin vəziyyətlə üzləşirlər. İftar menyuları ilə bağlı müəyyən çərçivə və tənzimləmə mexanizmi tətbiq olunmalıdır. Biznes etikası ayaq altına atılmamalıdır. İstənilən qiymətin təyin olunması normal hal deyil. Bu məsələ çərçivəyə salınmalı və sui-istifadə hallarına son qoyulmalıdır”, – deyə o əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr