AZ

Faciə şahidi yaşadıqları dəhşəti danışdı: “Uşaqlar ağlayır, yaşlılar yalvarırdı”

Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən bu dəhşətli hadisə təkcə bir şəhərin deyil, bütövlükdə xalqın taleyinə yazılmış faciə kimi yaddaşlara həkk olunub.

Dinc əhaliyə qarşı törədilən qətliam nəticəsində yüzlərlə insan həyatını itirib, ailələr məhv olub, minlərlə sakin doğma yurdundan didərgin düşüb.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında təkcə hüzn və ağrı deyil, həm də ədalətə çağırış simvoludur. 34 il keçməsinə baxmayaraq, həmin gecənin hissləri hələ də ürəklərdə yaşayır, şəhidlərin xatirəsi ehtiramla anılır.

Xocalı soyqırımının canlı şahidi Gülnaz Məmmədli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Xocalı faciəsi sağalmaz yaramızdır:

“Həyatımda ən ağrılı gün fevralın 25-dən 26-na keçən gecə idi. Elektrik yox idi, ərzaq azalmışdı, kəndlərdəki insanlar hissə-hissə bir yerə toplanmışdı. Uşaqlar qorxu içindəydi, gecə yarısı atəş səsləri gücləndi. Evimizin pəncərələri əsirdi, hər tərəf alov içində idi.

Bizə dedilər ki, şəhərdən çıxmaq lazımdır. Əvvəlcə razılaşmadıq, amma insanlar kütləvi şəkildə məhv edildiyinin görəndə artıq qorxmağa başladıq. Bir yerə toplaşdığımız insanlarla birlikdə qaranlıqda, qarın içi ilə hərəkət etməyə başladıq. Qar dizimizə qədər idi, ayaqlarımız donurdu hərəkət etmək mümükn deyildi. 

Yanımızdakı uşaqlar ağlayırdı, analar onları qucaqlayıb sakitləşdirməyə çalışırdı. Heç kim hara getdiyini tam bilmirdi. İrəlidəkilər hara gedirdisə, bizdə onların arxasınca gedirdik. İnsanlar it-bat olmasın deyə, bir-birinin əlindən tutmuşdur. Amma qarışıqlıqda çoxları bir-birindən ayrıldı. Kimsə yaralanırdı, kimsə yıxılırdı.

Bəziləri artıq ayağa qalxa bilmirdi. İnsanlar çaşqınlıq içində, qışqıraraq bir-birlərini axtarırdılar. Uşaqlar ağlayır, yaşlılar yalvarırdı. Bəziləri artıq irəliləyə bilmirdi, yerə yıxılmışdılar”.

O qeyd edib ki, biz dağları və meşələri keçdikdən Ağdamın kiçik kəndlərdən birinə çatdıq:

“Orada bizə su, isti yemək və biraz istirahət verdilər. Qohumlarımız vardı, onların evlərinə sığındıq. İnsanlar ağlayır, qardaşlarını, uşaqlarını, ailələrini itirdikləri üçün yas saxlayırdı.

Bir neçə gün sonra sağ qalanlar kiçik qruplar halında Bakıya yol aldıq. Şəhərdə insanlar danışır, xəbərləri yayırdılar. Sağ qalmışdıq, amma ürəyimizdə itirilmiş insanlar, qardaşlarımız, uşaqlar, qadınlar və yaşlıların xatirəsi daşıyırdıq. Eşitdim ki, qonşularımızdan, qohumlarımızdan bir çoxu artıq yoxdur. Öldürülmüş, yaralanmış və ya itkin düşmüşdü.

O an içim parça-parça oldu. Hər addımda faciəni xatırlayırdıq, amma qəlbimizdə hələ də ümid vardı. O günləri çox ağrı-acılı xatırlayıram. Şəhidlərimizin ruhu daim qəlbimizdədir. Onların qəhrəmanlığı və fədakarlığı bizə vətən uğrunda qəhrəmanlıq göstərməyi öyrədir. Xocalı faciəsi heç vaxt yaddaşlardan silinməyəcik”.

Seçilən
9
cebheinfo.az

1Mənbələr