AZ

İşçi qıtlığlı yaranarsa, əməkhaqqının yüksəlmə ehtimalı var - Akif Nəsirli

Market sektorunda çalışanların əmək şəraiti uzun illərdir müzakirə mövzusudur. Xüsusilə iri və orta ticarət obyektlərində işləyən əməkdaşların iş saatlarının normadan artıq olması, iş yükünün çoxluğu və buna baxmayaraq aldıqları əməkhaqqının aşağı səviyyədə qalması narazılıq doğurur. Əksər hallarda market işçiləri gün ərzində 10-12 saat ayaqüstə çalışır, həm kassada xidmət göstərir, həm mal düzür, həm də anbar işlərinə cəlb olunur. Bayram və istirahət günlərində belə iş qrafiki dəyişmir. Lakin bütün bu intensiv əmək müqabilində maaşlar əsasən 430-500 manat civarında olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, 430-500 manat maaş məsələsinə qiymət verərkən bir neçə amili nəzərə almaq lazımdır:

"Azərbaycanda pərakəndə ticarət sektoru böyük məşğulluq yaradır, lakin bu sahədə işlər əsasən aşağı və orta ixtisas tələb edən kateqoriyaya daxildir. Buna görə də təklif olunan maaşlar çox vaxt minimum əməkhaqqına yaxın formalaşır. Digər tərəfdən, iri market şəbəkələrində marker və ya satış zalı işçilərinin iş qrafiki adətən uzun olur, fiziki yük yüksəkdir və istirahət günləri məhdud ola bilir. Bu baxımdan 430-500 manat məbləği görülən işin ağırlığı ilə müqayisədə bir çoxlarına aşağı görünə bilər. Xüsusilə yaşayış xərclərinin artdığı indiki şəraitdə bu məbləğ böyük şəhərlərdə əsas ehtiyacları tam qarşılamaq üçün kifayət etməyə bilər. Əmək bazarının reallığı isə ondan ibarətdir ki, ixtisas və təcrübə tələb etməyən sahələrdə işçi təklifi çox olduqda maaşlar adətən aşağı səviyyədə qalır. Əgər işçi qıtlığı yaranarsa və ya alternativ iş imkanları artsa, bu zaman əməkhaqqının yüksəlməsi ehtimalı artır. Yəni formal olaraq bu maaş bazarın mövcud şərtlərinə uyğun sayıla bilər, amma sosial baxımdan və iş yükü nəzərə alındıqda onun adekvat olub-olmaması mübahisəli qalır".

Nuriyyə NATİQQIZI

Seçilən
7
1
redaktor.az

2Mənbələr