AZ

Xocalı tarixin öyrənilməmiş dərsləri

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mənə elə gəldi ki, tonqalda yanan meyitlərin arasından kimsə imdad diləyir... Bundan sonra artıq irəli gedə bilmədim...” 

Bu sözləri otuz dörd il bundan öncə bəşəriyyətə və insanlığa qarşı törədilmiş dəhşətli cinayətin şahidi, Xocalı qəsəbəsində dinc azərbaycanlıların qətlə yetirilməsini öz gözləri ilə görmüş şəxs qələmə alıb. 

Bu gün Ermənistan və Azərbaycan sülh yolu ilə addımlar atır və bu, uzun illərdən sonra regionda heç olmasa hansısa bir qarşılıqlı razılaşma əldə etməyə ümid verir. Amma bunu zaman göstərəcək. Görəsən dünya bu faciədən bir ibrət dərsi götürə bildimi? Güman ki, yox. Xocalıdan sonra Gürcüstan, Çeçenistan, Dnestryanı, Suriya və Krım hadisələri gəldi, Donbas, Buça və digər yerlərdə eyni qırğınlar törədildi. Oralarda çoxlu dinc insan həlak oldu və indi də həlak olurlar, xarabalığa çevrilən məntəqələrin və kütləvi məzarlıqların üzərində isə hər yerdə Rusiya bayrağı dalğalanır.

Sağalmayan yara

25-26 fevral tarixlərində biz Azərbaycanda törədilmiş dəhşət doğuran faciənin ildönümünü anırıq - o zaman erməni silahlı qüvvələri Rusiya ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Qarabağ bölgəsindəki Xocalı qəsəbəsinə hücum edərək, əksəriyyəti qadın, qoca və uşaq olmaqla, 613 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirdilər. Bu faciə Azərbaycan xalqının tarixi yaddaşında sağalmayan yara olaraq qalır.

Xocalı “əməliyyatının” iştirakçısı, erməni əsilli müəllif David Xeyriyan “Araratın qəhrəmanları” adlı kitabında öz təəssüratlarını belə təsvir edir: - “2 mart 1992-ci ildə, meyitləri yığıb yandırmaq üzrə ixtisaslaşmış “Qaflan” qrupu yüzdən çox türkün (azərbaycanlının) meyitini Xocalının qərb tərəfində - təxminən bir kilometr aralıda od vurub yandırırdı. Meyitləri daşıyan axırıncı avtomobilin banında  alnından və qollarından yara almış təxminən 10 yaşlı bir qız uşağı gördüm. Aclığa, soyuğa və aldığı yaralara baxmayaraq, üzü göyərmiş bu uşaq hələ sağ idi. O, ağır-ağır nəfəs alırdı. Mən ölümlə pəncələşən bu uşağın gözlərini unuda bilmirəm... Az sonra Tiqran adlı bir əsgər bu hərəkətsiz qızı saçından tutub meyit topasına atdı... Sonra topaya od vurdular. Mənə elə gəldi ki, yanan meyitlərin arasından kimsə imdad diləyir... Bundan sonra artıq irəli gedə bilmədim...”.

Qırğınlar sadistcəsinə yerinə yetirilirdi: hamilə qadınların qarnını yarır, hələ doğulmamış körpəni bətnindən çıxarır və yerinə kişilərin kəsilmiş başını tikirdilər.

Xocalıya hücum əməliyyatına Rusiya Silahlı Qüvvələrinin 366-cı alayının 2-ci batalyonunun komandiri, general paqonları daşıyan və sonradan Ermənistan Respublikasının müdafiə naziri olmuş Seyran Ohanyan rəhbərlik edirdi. Xocalı qırğınından sonra 366-cı alay Rusiyaya çıxarıldı və ləğv edildi, lakin onun heç bir hərbçisi törədilmiş qırğınlara görə cinayət məsuliyyətinə cəlb olunmadı. Daha maraqlısı odur ki, 2000-ci ildə işğalçılar Xocalı qəsəbəsinin adını dəyişdirərək, yaraqlı dəstələri hazırlayan erməni əsilli rus generalının şərəfinə “İvanyan” qoydular.

1992-ci ilin fevralında dünya mediası Xocalı qırğını barədə dəhşət saçan xəbərlərlə dolu idi:

“The Times” qəzeti: “Erməni əsgərləri yüzlərlə qaçqın ailəsini qırdılar. Sağ qalanlar deyirdilər ki, onlar çoxu uşaq və qadın olan 450-dən artıq azərbaycanlını güllələdilər. Yüzlərlə, bəlkə də mindən çox insan itkin düşüb... Bir çox insanların meyitləri eybəcər hala salınıb, bir azyaşlı qızdan isə yalnız başı qalmışdı...”

“İzvestiya” qəzeti: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Yaşlı bir qadının sifətinin yarısı çapılmışdı. Kişilərin başının dərisi soyulmuşdu...” 

“İzvestiya” qəzeti: “Mayor Leonid Kravets: mən öz gözlərimlə təpəlikdə yüzə yaxın meyit gördüm. Bir oğlan uşağının başı yox idi. Hər tərəf qeyri-adi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyitləri ilə dolu idi.”

“Sunday Times” qəzeti: “Xocalı boş mağazaları, ağacsız və çirkli küçələri olan acınacaqlı bir Azərbaycan qəsəbəsi idi. Hərçənd bura ən yaxşı vaxtlarda torpaq becərən və toyuq-cücə saxlayan minlərlə azərbaycanlının doğma evi idi. Keçən həftə bu qəsəbə yer üzündən silindi.” 

"Financial Times“ qəzeti: “Ermənilər Ağdam tərəfə gedən qaçqınlar kolonnasını güllələdilər... General Polyakov bəyan etdi ki, 366-cı alayda xidmət edən 103 nəfər erməni əsiili hərbçi Dağlıq Qarabağda qaldı.”

"Le Mond“ qəzeti: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülən qadın və uşaqlar arasında başının dərisi soyulmuş və dırnaqları çıxarılmış üç nəfərin meyitlərini gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır.”

Şər qüvvələrin təkamülü

Belə təsəvvür olunmaz qəddarlıq nədən qaynaqlanırdı? Axı Azərbaycanda lap qədimdən müxtəlif xalqların təmsilçiləri yaşayırlar – birlikdə işləyir, oxuyur və birgə ailələr qururlar. Ancaq onlardan bəzilərinin aralarında, işğalçı yadellilərə lazım olanda, ədavət körüklənmişdir, xüsusən də işğalçılar burada vəziyyətə nəzarətin itirdiyini görəndə. Həm çar, həm də sovet Rusiyası hakimiyyəti Qafqaz xalqlarını daim məqsədyönlü surətdə bir-birinə qarşı qızışdırmağa çalışmış və bəzən buna nail olmuşlar. XIX əsrin ikinci yarısında Rusiya imperializmi özünə Qafqazda erməni millətçiləri simasında müttəfiq tapdı. Onlar keçmişdə heç vaxt mövcud olmayan bir dövləti – “Böyük Ermənistanı” yaratmaq xülyası ilə yaşayırdılar. Həm də bu dövləti qonşu xalqların - türk, gürcü, kürd və azərbaycanlıların yaşadıqları torpaqlarda yaratmağı planlaşdırmışdılar. Xocalı faciəsinin kökləri məhz həmin dövrrə gedib çıxır. Faciənin hələ indiyədək cəzalandırılmamış sifarişçilərini isə təkcə İrəvanda deyil, həm də Moskvada axtarmaq lazımdır.

Daha sonra Qafqazdan da yan ötməyən Birinci Dünya Müharibəsi baş verdi və 1915-1920-ci illərdə “Böyük Ermənistan” yaratmaq cəhdləri uğursuzluqla nəticələndi. Bu, həm qonşu xalqlardan, həm də ermənilərin özlərindən çoxsaylı qurbanlar tələb etdi. 

Hər halda, Azərbaycan torpaqlarının bir hissəsində (keçmiş İrəvan xanlığı ərazilərində) 1918-ci ildə Ermənistan respublikası yaradıldı və yarandığının elə ertəsi günü bu dövlət qonşuları Gürcüstan, Türkiyə və Azərbaycan üzərinə hücuma keçdi. Ermənistan Gürcüstandan təkcə cənubi Cavaxetiyanı deyil, həm də paytaxt Tiflisi, Türkiyədənsə onun bütün şərq hissəsini qoparmaq istəyirdi, Azərbaycan isə ümumiyyətlə mövcud olmamalı idi.

Rusiyanın sadiq müttəfiqi Ermənistanın Qarabağı işğal etməsindən sonra da, ruslar Azərbaycanın ləzgi, avar və talışların yaşadıqları bölgələrdə separatizmi qızışdırmağa davam edirdilər. Separatizmin və münaqişələrin qızışdırıldığı hər yerdə daim Rusiyanın kölgəsi görünür. Eyni mənzərəni Moldovada da görürük – burada Rusiya separatçı Dnestryanı respublikanı (oyuncaq Dağlıq Qarabağ respublikasının daha bir analoqunu) saxlamağa davam edir. Moldova Avropa İttifaqına inteqrasiya etmək niyyətini bəyan etdikdə, Qaqauziya muxtar ərazisinin ondan ayrılması mövzusu yenidən gündəmə gəldi.

Və nəhayət, bu ardıcıl hadisələr zəncirinin əsl apofeozu – Donbas və Krımda “xalq üsyanlarının” riyakarlıqla səhnələşdirilməsi ilə başlanan və nəticədə yüz minlərlə insanın həyatını tələb edən, daim mülki əhalinin qırğını, işgəncələr, adam oğurluğu və digər ağır cinayətlərlə müşayiət olunaraq indiyədək Ukraynaya qarşı aparılan genişmiqyaslı hərbi təcavüz oldu.

Hər şeyi çox tez unudanlara Litva ilə bağlı daha bir Dağlıq Qarabağ analoqunu xatırlatmaq istəyirəm: 1990-cı ildə Moskva Cənub-Şərqi Litvada, o vaxt artıq mövcud olmayan Litva SSR-nin tərkib hissəsi olduğu iddia edilən “Polyak milli ərazi muxtariyyatını” yaratmışdı. Şükürlər olsun ki, bu süni qurumun ləğvi digər oxşar hallarda olduğu kimi, nə litvalıların, nə də Litva polyaklarının qanının axıdılmasını və savaş qurbanlarını tələb etmədi.

Cinayətkarlar çox vaxt nəinki cəzalandırılmır, hətta qəhrəmanlar kimi ucaldılır: Ermənistanda müharibə cinayətkarları və silahsız qadın və uşaq qatilləri “milli qəhrəman” adlandırılır. Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Xocalı qırğınının ən qorxunc qatillərindən biri olan Vazgen Sisliyanı bü rütbəyə layiq görmüşdür. Axı başqa cür ola da bilməzdi, çünki Sov. İKP-nın keçmiş funksioneri R. Köçəryanın özü əsas erməni yaraqlı dəstələrindən birinin yaradıcısı və rəhbəri olmuşdur.

2008-2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarkisyanın mayası da eyni xəmirdən yoğrulub. SSRİ dövründə S. Sarkisyanın tutduğu yüksək partiya vəzifələri ona eyni zamanda artıq 1989-cu ildən etbarən erməni yaraqlı dəstələrinə rəhbərlik etməyə mane olmurdu və sonradan bu dəstələr “Dağlıq Qarabağ respublikasının hərbi qüvvələri” adlandırılmışdı. Daha sonra S. Sarkisyan Ermənistanın müdafiə naziri və təhlükəsizlik xidmətinin rəhbəri oldu. Xocalı faciəsinə və Azərbaycan xalqının yaşadığı digər əzablara görə həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da birbaşa məsuliyyət daşıyır. Yeri gəlmişkən, o, Qarabağa “Böyük Ermənistan” qurmaq üçün hətta Suriyadan basa-basa gəlib çıxmışdı.

İndiki nəslə xəbərdarlıq

Deyirlər ki, tarix təkrarlanır, çünki bəşəriyyət çox vaxt ondan ibrət dərsi götürmür və bu, yəqin bir həqiqətdir. Görəsən, dünya Xocalı faciəsindən və ya Gürcüstan ərazilərinin işğalından dərs aldımı? Təəssüf ki, yox. Hər dəfə belə hadisələrin başqalarına aidiyyatı olmayan hansısa “yerli məsələ” olduğunu deyib özünü bilməzliyə vururlar. Beləliklə, Xocalı faciəsi “azərbaycanlıların öz işinə”, Abxaziya və Osetiya isə “gürcülərin daxili işinə” çevrildi. 2014-cü ildə hətta Qərbin ən yüksək dairələrində belə Krım və Donbas məsələsini “Kiyevin Ukrayna rusları ilə münasibətlərin aydınlaşdırılması” kimi qələmə vermək cəhdləri oldu. Lakin bir fakt həmişə gözardı edildi ki, bütün bu hadisələr bir-birindən ayrı baş verməyən və aydın görünən ardıcıl cinayətlər zəncirinin həlqələridir. Qarşısı alınmayan şər qüvvələrin ardıcıl törətdiyi cinayətlər zəncirinin...

Məhz belə bir xəbərdarlığı bu gün Xocalı qırğınının ildönümü qeyd olunarkən bir daha litvalılara və digər avropalılara ünvanlayıram: 

“Xocalı yalnız Azərbaycanın problemi deyildi və indi də deyil. Sadalanan bütün münaqişələr bir-biri ilə bağlıdır. Onların hamısı təcavüzkar imperializmin rüşeym halında qarşısı alınmadıqda nələrin baş verdiyini göstərir.

Zənnimcə, bütün bunlar ona görə mümkün oldu ki, Qarabağın işğalından sonra məhz Qərb siyasətçiləri və diplomatları təcavüzkara qarşı kifayət qədər qətiyyət və ardıcıllıq nümayiş etdirmədilər. Belə fəaliyyətsizlik və biganəlik Rusiya ordusunun sabah digər Avropa dövlətlərinin ərazilərində peyda olmasına gətirib çıxara bilər. Bundan yalnız müharibə cinayətkarlarını öz layiqli yerlərinə oturtmaqla, yalnız onların ehtiyat etdikləri yeganə arqument olan güc tətbiq etməklə qaçınmaq mümkündür.” 

Odur ki, bu gün deyirəm: Xocalı faciəsi hələ bitməyib – zahirini dəyişərək başqa yerlərdə davam edir.

Xocalı: danışan faktlar

1992-ci ilin əvvəlində erməni hərbi birləşmələri Xocalını mühasirəyə aldılar. Qəsəbə daim atəşə tutulurdu, sakinlər oranı tərk etməyə başlamışdılar, lakin hücum gecəsi erməni qüvvələrinin mühasirəsində hələ də təxminən 2500 nəfərə yaxın insan qalmışdı.

Hücum fevralın 25-i axşamdan xeyli keçmiş - saat 23:00-da başlandı. Şəhərə artilleriya, tank və zenit silahlarından atəş yağdırıldı. İlk növbədə, özünümüdafiə dəstələri, Azərbaycan milisi və azsaylı ordu qüvvələrinin yerləşdiyi kazarmalar və müqavimət nöqtələri məhv edildi. Erməni birləşmələri ilə yanaşı, Rusiyanın 366-cı motoatıcı alayının qüvvələri də qəsəbəni atəşə tutmuşdular.

2 saat davam edən artilleriya atəşindən sonra bu alayın zirehli texnikası və tankların köməyilə piyadalar Xocalıya doğru hərəkət etdilər. Onlar qəsəbənin sonuncu müdafiəçilərini səhər saat 7 radələrində təslim olmağa məcbur etdilər.

Xocalı üç tərəfdən atəşə tutularaq hücuma məruz qalmışdı. Mülki əhalinin buradan çıxması üçün təcavüzkarlar hücum ərəfəsində onlara eni 100-300 m. olan yeganə bir dar yolu „azad dəhliz” kimi təklif etmişdilər. Ancaq “azad dəhliz” bir tələ idi - yol atəşə tutulurdu və bura ilə qaçan insanlar tezliklə erməni qüvvələrinin pusqusu ilə üzləşərək güllə yağışına və qırğına məruz qaldılar. İnsanların bir hissəsi təpəliklərə qaçdı və onların çoxu sonra orada soyuqdan və taqətsizlikdən öldü.

O zaman qəsəbədə olan 2500 nəfər mülki şəxsdən bu qırğın nəticəsində, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini ermənilər tərəfindən qətlə yetirildi (bu rəqəm münaqişənin hər iki tərəfindən qəbul edilir). 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər yaralandı (o cümlədən 76 uşaq). 1200-dən çox insan əsir və girov götürüldü (o cümlədən 18 uşaq), 150 nəfər isə itkin düşdü.

Litva dilindən tərcümə edəni - Mahir Həmzəyev

Məqalə 25 fevral 2026-cı ildə aşağıda göstərilən Litva qəzetlərində dərc olunub.

Kaunas, “Kauno diena” qəzeti, 25 fevral 2026-cı il.

https://kauno.diena.lt/naujienos/nuomones/nuomones/chodzaly-neismoktos-istorijos-pamokos-1744076

Klaypeda, “Klaipėda” gündəliyi, 25 fevral 2026-cı il.

https://m.klaipeda.diena.lt/naujienos/nuomones/nuomones/chodzaly-neismoktos-istorijos-pamokos-1744076

Kaunas, “Diena.lt” xəbər portalının saytı, 25 fevral 2026-cı il.

https://diena.lt/naujienos/nuomones/nuomones/chodzaly-neismoktos-istorijos-pamokos-174407

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr