Tbilisi, 26 fevral, AZƏRTAC
Cənubi Qafqazın geostrateji mövqeyi sayəsində nəqliyyat və logistika marşrutları böyük əhəmiyyət qazanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunda çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, hər üç ölkənin siyasi liderləri həm ikitərəfli, həm də üçtərəfli münasibətlərin inkişafına xüsusi önəm verir.
“Məhz buna görə bizə bu istiqamətdə səylərimizi artırmaq tapşırılıb. Beynəlxalq ticarətin, investisiyaların, enerji, nəqliyyat, xidmətlər, liman və avia əməliyyatları, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın artacağına inanırıq. Hökumət rəsmiləri olaraq bizim üzərimizə düşən vəzifə biznes üçün yol açmaq, mövcud maneələri aradan qaldırmaqdır. Ticarət və investisiyalar sahəsindəki problemləri həll etdikcə ölkələrimiz arasında daha sıx iqtisadi inteqrasiya yaranacaq. Belə bir deyim var – “İnsan əvvəlcə qonşusu ilə ticarət edir, sonra fəaliyyətini genişləndirir”. Buna görə biz qonşu ölkələr kimi daha sıx və inteqrasiya olunmuş iqtisadiyyatlar qurmaq üçün daha çox çalışmalıyıq. Biz üç ölkə təkcə qonşu deyilik – dostuq, qardaşıq, müttəfiqik və iqtisadi tərəfdaşıq. Biz bir-birimizdən asılıyıq.
Liderlərimizin həyata keçirdiyi üç böyük layihə, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu artıq uğurla fəaliyyət göstərir. Bu layihələr ölkələrimizi bir-birinə daha sıx bağlayan “zərgərlik inciləri”dir”, - deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi