BAKI, 26 fevral. TELEQRAF
Elm adamları uzun müddətdir qlobal istiləşmə səbəbindən quraqlığın eyni vaxtda bir neçə qitəni bürüyə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Amma Hindistanın Qandxinaqar Texnologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, okeandakı temperatur dəyişiklikləri belə bir ssenarini məhdudlaşdırır və quraqlığın eyni anda bütün dünyanı əhatə etməsinə imkan vermir.
Teleqraf xəbər verir ki, bu barədə “Communications Earth & Environment” məlumat yayıb.
Tədqiqata görə, quraqlıqla bağlı vəziyyət əvvəl düşünüldüyü qədər kritik deyil. 1901-2020-ci illərin məlumatları göstərir ki, eyni vaxtda baş verən quraqlıqlar planetin maksimum 6,5 faizini əhatə edir. Halbuki əvvəllər alimlər bu göstəricinin üç dəfə çox ola biləcəyini ehtimal edirdilər.
Alimlər həmçinin buğda, düyü, qarğıdalı və soya məhsuldarlığına dair tarixi məlumatları təhlil edərək, mülayim quraqlığın aqrar sektora təsirini qiymətləndiriblər.
İnstitutun süni intellekt üzrə mütəxəssisi Hemant Puniya qeyd edib ki, bir çox əsas kənd təsərrüfatı regionlarında mülayim quraqlıq baş verəndə məhsul itkisi ehtimalı kəskin artır, çox vaxt 25 faizdən yuxarı, bəzi ərazilərdə isə qarğıdalı və soya kimi bitkilər üçün 40-50 faizdən artıq olur.
Materialda bildirilir ki, bu dəyişikliklərin əsas səbəbi El-Nino hadisəsidir. Bu, Sakit okeanda suyun temperaturunun vaxtaşırı isinməsi və soyuması ilə xarakterizə olunan təbii prosesdir. Əsas məqam odur ki, bu dəyişikliklər müxtəlif regionlara fərqli təsir göstərir: dünyanın bir hissəsində güclü quraqlıq hökm sürərkən, digər hissəsində adətən bol yağıntılar müşahidə olunur. Məhz bu təbii balans quraqlığın bütün qitələri eyni vaxtda bürüməsinin qarşısını alır.
“Araşdırmamız göstərir ki, qlobal istiləşmə qarşısında tamamilə aciz deyilik”, - tədqiqatın rəhbəri Udit Bxatiya əlavə edib.