ain.az, Bakupost portalına istinadən məlumat verir.
Fransa Parlamentinin aşağı palatası (Milli assambleya) ağır və sağalmaz xəstələr üçün “həyatın sonuna yardım hüququ”nu nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda yenidən qəbul edib.
BakuPost.az “Le Figaro”ya istinadən xəbər verir ki, səsvermə zamanı 299 deputat sənədin lehinə, 226 deputat isə əleyhinə çıxış edib. Qəbul edilən mətn ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən şəxslərə müəyyən şərtlər daxilində həyatlarına son qoymaq üçün tibbi yardım almaq hüququ verir. Qanunda həmçinin pasiyentin fiziki baxımdan proseduru özü icra edə bilmədiyi hallarda evtanaziya mexanizmi də istisna hal kimi nəzərdə tutulur.Sənədə əsasən, yardım hüququnun tətbiqi üçün bir sıra ciddi şərtlər mövcuddur. Pasiyent ağır və sağalmaz xəstəlikdən əziyyət çəkməli, vəziyyəti terminal mərhələyə yaxın olmalı, fiziki və ya psixoloji baxımdan dözülməz əzab yaşamalıdır. Bundan əlavə, tətbiq edilən müalicə ya nəticə verməməli, ya da xəstə üçün əlavə əzab yaratmalıdır. Ən vacib şərtlərdən biri isə qərarın könüllü və tam şüurlu şəkildə ifadə olunmasıdır. Qanun eyni zamanda tibb işçilərinə proseduru həyata keçirməkdən imtina etmək hüququ tanıyır.Fransa mediası yazır ki, parlament müzakirələri olduqca gərgin keçib. Təxminən 2 minə yaxın dəyişiklik təklifi irəli sürülüb və qanunun adı, hüquqi çərçivəsi və terminologiyası ətrafında ciddi fikir ayrılıqları yaranıb. Bəzi deputatlar “həyatın sonuna yardım” ifadəsini daha yumşaq termin hesab edərək birbaşa “həkim yardımı ilə intihar” və “evtanaziya” anlayışlarının işlədilməsini təklif ediblər. Digər qanunvericilər isə mövzunun etik və sosial həssaslığını nəzərə alaraq daha ehtiyatlı formulalara üstünlük veriblər.Qeyd edək ki, sənəd hələ qüvvəyə minməyib. Qanun layihəsi növbəti mərhələdə yenidən parlamentin yuxarı palatasına (senat) göndəriləcək. Senat daha əvvəl oxşar məzmunlu mətni rədd etmişdi. Əgər yuxarı palata yenidən dəyişikliklər edərsə və ya sənədi qəbul etməzsə, məsələ parlament proseduruna uyğun olaraq əlavə oxunuşlara və ya birgə komissiya mərhələsinə çıxarıla bilər.Bundan əvvəl deputatlar yekdilliklə aağalmaz xəstələrə dəstəyin yardımın genişləndirilməsini nəzərdə tutan ayrıca qanun layihəsini də qəbul ediblər. Sənəd sağalmaz xəstələr üçün xüsusi qayğı mərkəzi və qulluq bölmələrinin şəbəkəsinin genişləndirilməsini, sağalmaz xəstələr üçün keyfiyyətli ağrıkəsici və tibbi dəstəyə çıxışın artırılmasını nəzərdə tutur.Qanun layihəsi Fransa cəmiyyətində uzun müddətdir davam edən ictimai və etik müzakirələrin əsnasında qəbul edilib. Mövzu ətrafında cəmiyyətdə fikir ayrılığı davam edir. Bəzi dini və konservativ qruplar təşəbbüsə qarşı çıxır, digər tərəfdən isə xəstə hüquqları müdafiəçiləri bunu fərdi seçim azadlığının genişləndirilməsi kimi qiymətləndirirlər.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.