AZ

Alim mürgülədi, bəs biz nə etdik?

Azərbaycan Milli Elmlər Akademiyasının növbəti ümumi yığıncağından yayılan görüntülər cəmiyyətdə müxtəlif reaksiyalar doğurdu. Zalın bir küncündə mürgüləyən alimlərin görüntüsü qısa zamanda sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrildi.Bir kadr sürətlə ümumiləşdirildi: mürgüləyən alim yox, guya mürgüləyən elm. Halbuki bir insanın yorğunluğu ilə bir sistemin keyfiyyətini eyniləşdirmək ən asan, ən səthi nəticədir. Bir çoxları bu anı ironiyaya bürüdü. Gah dedik ki, mürgüləyən təkcə alim deyil, elə sanki elmimizin özüdür. Kimiləri isə Mirzə Ələkbər Sabirin məşhur misrasına sığındı: “Səs salma, yatanlar oyanar, qoy hələ yatsın…” Sabir satira ilə silkələyirdi. Biz isə satiranı reaksiyaya çevirməklə kifayətlənirik.Amma emosiyanı bir kənara qoyub sual verək: doğrudanmı alimlərin yuxulaması yalnız bizə xas hadisədir? Yoxsa bu, daha fundamental insan fiziologiyası ilə bağlı məsələdir?Tarix göstərir ki, “az yat, qəhrəman ol” ideyası elmi baxımdan heç vaxt ciddi əsaslandırılmayıb. Aristotel yuxu haqqında “De Somno et Vigilia” adlı traktatında yuxunu təbii və zəruri hal sayırdı. O yazırdı ki, uzun müddət oyaq qalmaq orqanizmi zəiflədir. Platon ölçülü həyat tərzini müdafiə edirdi. Pifaqor məktəbində intizam əsas idi, amma gecə istirahəti həyat rejiminin ayrılmaz hissəsi sayılırdı. Antik dünya belə yuxusuzluğu fəzilət kimi təqdim etmirdi.XIX əsrdə Ivan Pavlov yuxunu beynin “mühafizəedici tormozlanması” kimi izah edirdi. Sistem özünü qorumaq üçün fəaliyyəti azaldır. XX əsrdə Hans Berger EEG vasitəsilə göstərdi ki, yuxu passiv sönmə deyil, aktiv prosesdir. 1953-cü ildə Eugene AserinskyNathaniel Kleitman REM mərhələsini kəşf etdilər. Bu mərhələdə beyin yüksək aktivlik göstərir və yaddaş möhkəmlənir. Müasir elm açıq deyir: yuxu lüks deyil, idrakın mexanizmidir.Dahilərin şəxsi rejimləri də fərqli olub. Thomas Edison az yatmaqla öyünürdü, amma gün ərzində tez-tez mürgüləyirdi. Albert Einstein isə 9–10 saatlıq yuxu ilə tanınırdı. Fərqlər var, amma biologiya dəyişmir. Beyin akademik dərəcəyə görə fərqli işləməz. Neyronlar titul tanımır.Dünya təcrübəsi də bunu göstərir. ABŞ Milli Radioteleskop Müşahidəçiliyindən alim Adam Ginsburg konfrans salonlarında karbon qazının yüksək səviyyəsinin insanlarda yuxululuq yaratdığını araşdırmışdı. 1983-cü ildə aparılmış bir tədqiqatda konfrans iştirakçılarının təxminən 18 faizinin çıxış zamanı yuxuya getdiyi, 40 faizinin isə xəyal qurduğunu bildirdiyi qeyd olunmuşdu.Deməli, konfrans zalında mürgüləmək “milli xüsusiyyət” deyil. Uzun sessiyalar, monoton çıxışlar, zəif ventilyasiya və yorğunluq bu kombinasiyada beyni müdafiə rejiminə keçirir. Alim də insandır. Onun neyronları da eyni qanunlarla işləyir.Bəlkə sual “niyə yatdı?” deyil, “niyə sistem belədir?” olmalıdır? Əgər zalda yorğunluq varsa, problem fərddə yox, formatda ola bilər. Niyə akademik müzakirələr saatlarla fasiləsiz davam edir? Niyə format daha interaktiv, daha canlı olmur? Niyə zalın havası və işıqlandırması nəzərə alınmır?Biz elm insanından qeyri-insani performans gözləyirik. Amma qeyri-insani sistem qurmaq barədə düşünmürük. Superqəhrəman alim gözləyən cəmiyyət əvvəlcə super yorğun sistem yaradır.Yuxu insanın zəifliyi deyil. O, beynin özünü qoruma mexanizmidir. Xroniki yuxusuzluq diqqəti, qərarverməni və yaradıcılığı zəiflədir. Elm isə məhz diqqət və yaradıcılıq üzərində qurulub.Zalın bir küncündə mürgüləyən alim görüntüsü ironik görünə bilər. Amma problem mürgüləyən alim deyil. Problem oyanmaq istəməyən müzakirədir. Yəni konfransda bir-iki adamın mürgüləməsi hadisənin simptomudur, özü problem deyil. Əsl problem odur ki, cəmiyyət olaraq biz həmin görüntünü görən kimi asanca gülürük, paylaşırıq, qınayırıq, amma sonra müzakirə dərinləşmir. “Nəyi dəyişsək daha yaxşı olar?” sualı gəlmir. Yəni müzakirə tənqid səviyyəsindən islahata keçmir. Hamını günahlandırırıq. amma idarəetmə, qaydalar, standartlar, nəticə ölçümü kimi mövzulara girilmir.Alimin bir anlıq yuxusu deyil, bizim mövzunu ciddi, səbəbli və həll yönlü müzakirəyə çevirmək istəməməyimiz daha təhlükəlidir.
Əgər həqiqətən oyaq cəmiyyət istəyiriksə, əvvəlcə reflekslərimizi yox, düşüncəmizi oyatmalıyıq!

Gülbəniz Hüseynli

Seçilən
35
metbuat.az

1Mənbələr