Bakı, 26 fevral, AZƏRTAC
XX əsrin sonlarında Cənubi Qafqazda baş verən proseslər sıradan ərazi mübahisəsi deyildi. Bu, beynəlxalq hüququn selektiv tətbiqinin, böyük güclərin susqunluğunun və regional balansın pozulmasının nəticəsi idi. Azərbaycanın tarixi torpağı olan Qarabağın işğalı təkcə bir ölkənin suverenliyinə deyil, bütövlükdə post-sovet məkanında sərhədlərin toxunulmazlığı prinsipinə qarşı açıq meydan oxuma idi. Bu işğalın ən qanlı və insanlıq tarixində qara hərflərlə yazılan səhifəsi isə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verən Xocalı soyqırımı oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Selçuk Karakılıç deyib.
O bildirib ki, Azərbaycan dövləti işğal dövründə diplomatik müstəvidə ardıcıl mübarizə aparıb, beynəlxalq hüquqa istinad edib və regional balansı dəyişdirəcək strateji hazırlıq həyata keçirib. Məhz bu mərhələdə Azərbaycanın xarici siyasəti reaktiv deyil, proaktiv xətt üzrə qurulub. Bakı artıq hadisələrə cavab verən deyil, prosesləri formalaşdıran aktora çevrilib.
“2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi regional geosiyasəti dəyişdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq yeni reallıq yaratdı. Bu tarixi mərhələdə Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıdı. Türkiyənin siyasi, diplomatik və mənəvi dəstəyi bölgədə güc balansına ciddi təsir göstərdi. “Bir millət, iki dövlət” prinsipi real strateji əməkdaşlıq modelinə çevrildi. Türkiyənin dəstəyi təkcə hərbi müstəvidə deyil, beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsində də özünü göstərdi”, - deyə Səlçuk Karakılıç deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlik modelini yeni mərhələyə daşıyır. Qarabağın yenidən qurulması, regional əməkdaşlıq platformalarının yaradılması və sülh gündəliyinin formalaşdırılması gələcəyin əsas istiqamətləridir.