AZ

“Azərbaycan xalqı bu cür biganəliyi Xocalı soyqırımının tanınmamasında görür”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Milli Məclisin deputatı Samir Vəliyev Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

 - Samir müəllim, 26 fevral tarixində Xocalı soyqırımının 34-cü ildönümü tamam oldu. Söhbətimizdə soyqırımı ilə bağlı dünyada mövcud olan qanunvericilik, bu istiqamətdə beynəlxalq sənədlərdən bəhs etmək istəyirik. Bununla bağlı ümumi nəzəri-hüquqi əsaslar barədə nə deyə bilərsiniz? 

- Ermənilər tərərfindən törədilmiş Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Sualınıza gəlincə, deyə bilərəm ki, hüquq termini kimi “soyqırımı” – “genosid” ilk dəfə polşalı hüquqşünas Rafael Lemkin tərəfindən 1944-cü ildə “İşğal edilmiş Avropada Nasist Hökmranlığı” kitabında təklif edilib. Qədim yunan dilindən tərcümədə “genos” sözü – “tayfa”, “irq” mənasını, qədim latın dilindən tərcümədə “cide” sözü isə - “öldürmək” mənasını verir. Rafael Lemkin bu termini nasist Almaniyasının yəhudilərə və digər millətlərə qarşı törətdiyi cinayətləri, habelə Avropanın əhalisinin məhv edilməsini təsvir etmək üçün istifadə edib. R. Lemkinin fikirlərinə əsasən, Hitlerin Avropanı işğal etməkdə əsas məqsədi yeni torpaqların tutulması deyildi, “Avropa əhalisinin yenidən təşkil olunması” idi. 

Müəllif məhz bu “yenidən təşkil olunma” prosesi zamanı digər millətlərin genosidə məruz qaldığını vurğulayırdı. Öz kitabında R.Lemkin vurğulayırdı ki, soyqırımı kolonial işğal fenomenidir, soyqırımının son nəticəsi əhalinin cinayətkarın istədiyi obrazda formalaşmasıdır. Bu yeni obrazı əldə etmək üçün cinayətkarlar əhalinin mədəniyyətini və dilini məcburi şəkildə dəyişdirir (sonralar bu proses “mədəniyyət soyqırımı” adlandı), iqtisadi istismara və məcburi əməyə məruz qoyur, etnik təmizləmə aparır. Cinayət hüququ nəzəriyyəsi baxımından R.Lemkin soyqırımı “milli qrupların həyatının əsas təməllərinin məhv edilməsinə yönəlmiş müxtəlif hərəkətlərin əlaqələndirilmiş planı” kimi təyin edirdi və soyqırımı üçün 2 əsas element ayırırdı: birincisi, İnsan qrupunu fiziki məhvetmə;  ikincisi isə insan qrupunun sosial, mədəni, iqtisadi və siyasi varlığın məhv edilməsi.

Beynəlxalq hüquqda isə ilk dəfə soyqırımı ayrıca bir cinayət kimi 1946-cı ildə BMT Baş Məclisinin 96-I nömrəli Qətnaməsində tanınıb.

- BMT-nin qəbul etdiyi bu sənəddə nələr əksini tapır? 

- Həmin qətnaməyə istinadən, soyqırımı – bütov bir insan qrupunun mövcud olmaq hüququnu inkar etməkdir. Qətnamədə vurğulanır ki, “qətlə yetirmək ayrı-ayrı insanların yaşamaq hüququnun inkar edilməsi olduğu kimi, soyqırımı da bütövlükdə insan qruplarının mövcud olmaq hüququnun inkar edilməsidir. Mövcud olmaq hüququnun bu cür inkar edilməsi bəşəri vicdanı sarsıdır, soyqırımı insan qruplarının təmsil etdiyi mədəni və digər töhfələr şəklində bəşəriyyətə böyük itkilər verir və əxlaq qanunlarına, Birləşmiş Millətlər Təşkilatının ruhuna və məqsədlərinə ziddir”. Bununla belə, istinad edilən BMT Qətnaməsi soyqırımı cinayətinin əsas hüquqi elementlərini dəqiq müəyyən etməmişdi.

- Belə olan halda, daha hansı sənədlər, qərarlar qəbul edilib? Soyqırımı cinayətlərini hansı sənədlər təfsir edir?

- Hüquqi anlamda ilk dəfə beynəlxalq miqyasda soyqırımı cinayətinin elementləri BMT-nin 1948-ci il tarixli Soyqırımı Konvensiyasında təsbit edilib. Konvensiyanın tam adı “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”dır. Sonradan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu da 6-cı maddədə həmin elementləri təkrarlayıb. Bu günə qədər də BMT Soyqırımı Konvensiyası soyqırımı cinayəti üzrə ən mühüm ixtisaslaşmış sənəd hesab edilir.

Konvensiyanın 2-ci maddəsinə görə, cinayət əməlinin soyqırımı kimi tövsif edilməsi üçün 2 əsas vardır. Birinci əsas – soyqırımı məqsədidir. Soyqırımı məqsədi – yəni, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədidir. Bu əsas soyqırımı cinayətinin mənəvi elementi – subyektiv cəhətidir. Başqa sözlə, soyqırımı cinayəti ehtiyatsızlıqdan və ya etinasızlıq nəticəsində törədilə bilməz. Əməlin soyqırımı kimi tövsifi üçün birbaşa qəsd formasında soyqırımı məqsədi aşkar edilməlidir.

İkinci əsas isə əməlin obyektiv cəhətidir və fəal hərəkətlərdən ibarətdir. Konvensiyada aşağıdakı hərəkətlər təsbit edilib: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 

Lakin etiraf etməliyik ki, müasir dövrdə soyqırımının obyektiv cəhəti daha geniş hərəkətlərlə izah edilməlidir. Sadə dillə desək, Konvensiyada göstərilən 5 növ fəal hərəkət forması artıq hərəkət deyil, nəticədir. Yuxarıda göstərilən hərəkət nəticələrinə yönəlmiş istənilən davranış soyqırımı kimi tövsif edilə bilər. Əminliklə deyə bilərik ki, müasir rəqəmsal-bioloji texnologiyalar və mürəkkəb ictimai münasibətlər zəminində soyqırımı cinayəti istənilən üsulla və formada törədə bilər. Məsələn:zəhərli və qoxusuz kimyəvi qazlar yaşayış məskəninə buraxıla bilər. Eləcə də, zərərli və gec təsir edən dərman, zəhərli qidanın yaşayış məskənində pulsuz paylanılması mümkündür. Həmçinin, bir qrupdan olan insanların mobil telefonları kiberhücümla kütləvi şəkildə partladıla bilər. Bundan başqa, dronlar və özüidarəolunan digər silahlar vasitəsi ilə etnik qrup kütləvi qətlə yetirilə bilər. Həm də, dadı və qoxusu olmayan zəhərli maddələr yaşayış məskəni ətrafındakı su hövzələrinə atıla bilər. Bu zaman soyqırımı aylarla davam edəcək.

Təkrar edirəm ki, əsas olan soyqırımı törətmək məqsədidir – cinayət hüququnda buna “cinayətkar qəsd deyilir”. Soyqırımı məqsədini aşkar etmək kifayətdir ki, cinayətkar soyqırımı törətdiyinə görə cəzalansın. Soyqırımıda cinayətkar qəsd birbaşa qəsd olmalıdır. Soyqırımı cinayətində qəsdin sübuta yetirilməsi asan deyil və hüquq-mühafizə əməkdaşlarından xüsusi diqqət, bacarıq tələb edir. Adətən, soyqırımı cinayətinin məqsədini sübut edən plan, xəritə, fəaliyyət çertyojları, yazışmalar, elanlar və çağırışlar kimi maddi sübutlar aşkar olunur.

- Bəs dünya təcrübəsində elə hallar baş veribmi ki, soyqırımı törədən cinayətkarlar cəzasız qalsın? 

- Bəli, beynəlxalq hüquq tarixində dəfələrlə baş verib ki, lazımi qədər sübutlar tapılmadığına görə faktiki soyqırımı cinayətkarları müvafiq cəzanı almamışlar. Məsələn, II Dünya Müharibəsindən sonra Nürnberq Tribunalı nasist Almaniyasının dövlət təmsilçilərini mühakimə edərkən, Hans Friçe adlı nasizm təbliğatçısı və dövlət jurnalisti sübut yetərsizliyinə görə cəzalanmayıb. Halbuki, H. Friçe nasist Almaniyası dövründə dövlət məmuru idi və kütləvi təbliğat işlərini aparırdı. Eyni şəkildə müxtəlif vaxtlarda nasist Almaniyasının kansleri, diplomatı və bir neçə ölkədə səfir işləmiş Frans fon Papen də cəza almayıb. 

Bundan başqa, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının baxdığı bir sıra işlərdə də sübut yetərsizliyi mövcud olub. Məsələn, həbsxana nəzarətçisi və polis işləmiş Qoran Yelisiçə qarşı, siyasətçi Radoslav Brdaninə qarşı, bələdiyyə işçisi olmuş Milomir Stakiçə qarşı Bosniyada baş verən hadisələrlə bağlı soyqırımı ittihamları tribunalda öz təsdiqini tapmayıb.

BMT Beynəlxalq Ədalət Məhkəməsi və xüsusi tribunallar tərəfindən dəfələrlə vurğulanıb ki, soyqırımı cinayəti beynəlxalq hüququn prinsiplərinə, bütün beynəlxalq birliyə və beynəlxalq hüququn rəhbər normalarına – ius cogens normalara ziddir. Belə ki, soyqırımı cinayətinin yolverilməzliyi – beynəlxalq adət hüquq normalarından irəli gəlir. Buna görə də, hər hansı dövlət BMT-nin 1948-ci il tarixli Soyqırımı Konvensiyasına qoşulmasa belə, yenə də soyqırımının yolverilməzliyi öhdəliyini daşıyır. Bu münasibəti BMT Beynəlxalq Ədalət Məhkəməsi ilk dəfə 2006-cı ildə “Konqo Demokratik Respublikası Ruandaya qarşı” işi üzrə Qərarında bildirib, daha sonra isə 2007-ci ildə “Bosniya və Herseqovina Serbiyaya qarşı” işi ilə bağlı işin mahiyyəti üzrə Qərarında  bir daha təkrarlayıb. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı isə “İttihamçı Kupreskiçə qarşı” işi üzrə 14 yanvar 2000-ci il tarixli Qərarında  bu fikri təsdiq edib.  

- Samir müəllim, bəs Azərbaycanın milli qanunvericiliyində bu məsələlər özünün necə əksini tapır? 

- Azərbaycan BMT-nin Soyqırımı Konvensiyasına 1996-cı ildə qoşulub. Ratifikasiya qanununa uyğun olaraq, Azərbaycanın Cinayət Məcəlləsində 103-cü maddədə soyqırımı cinayəti təsbit edilib. Həmin maddə BMT Soyqırımı Konvensiyasının 2-ci maddəsini və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun 6-cı maddəsini olduğu kimi təkrarlayır. 

Cinayət hüququ üzrə nəzəri təhlillər onu deməyə əsas verir ki, soyqırımı cinayəti həm silahlı toqquşmalar zəminində, həm də sülh dövründə törədilə bilər. Xüsusilə, sülh dövründə soyqırımının törədilməsi terror aktları ilə müşayiət edilə bilər. Bu zaman düzgün tövsif üçün nəzərə almaq lazımdır ki, terror aktlarının əsas məqsədi əhalidə vahimə yaratmaq, cinayətkar istək və iradəni dövlət orqanlarına qəbul etdirməkdir – yəni, terror törədilməsi zamanı bir əvəz, bir qazanc güdülür. Soyqırımı cinayəti isə nifrət əsaslı cinayətdir – yəni, hər hansı əvəz, qazanc güdülmür, konkret insan qrupu nifrət edildiyinə görə kütləvi qətlə yetirilir.

Hüquq-mühafizə əməkdaşları üçün ən çətin tapşırıq da cinayətin nifrət əsasını – yəni, milli, etnik, dini, irqi qrupa nifrət hisslərini müəyyən etməkdir. Ola bilər ki, psixoloji-manyakal yayınmaları olan cinayətkar yüzlərlə adam öldürsün, ancaq milli-etnik qrupa nifrəti aşkar edilməsin. Bu kimi kütləvi qətl hallarını soyqırımı cinayətindən fərqləndirmək lazımdır. Eyni zamanda ola bilər ki, soyqırımı məqsədi ilə cəmi 1-2 nəfər öldürülsün, lakin soyqırımı niyyəti aşkar olunduqdan sonra öldürülən şəxslərin sayı əhəmiyyət kəsb etmir.

Ayrıca vurğulanmalıdır ki, BMT Soyqırımı Konvensiyasının 3-cü maddəsinin tələblərinə uyğun olaraq, milli Cinayət Məcəlləsində təkcə soyqırımı yox, soyqırımı ilə əlaqəli digər cinayət -  soyqırımının törədilməsinə təhrik etmə (maddə 104) də öz əksini tapır. Cinayət Məcəlləsinin bu 2 maddəsi – 103-cü və 104-cü maddəsi BMT Soyqırımı Konvensiyasının bütövlükdə məqsədini əhatə etməyə imkan verir.

- Bəs dünyada tanınmamış soyqırımı əməlləri haqqında nə deyə bilərsiniz?

- Təəssüf ki, hər hansı bir əməlin dünya birliyi tərəfindən soyqırımı kimi tanınması müasir dövrün ikili siyasi standartlarından və beynəlxalq hüququ diktə edən güclü dövlətlərin iradəsindən xeyli asılıdır. Digər sülh və bəşəriyyət əleyhinə cinayətlərlə yanaşı soyqırımı cinayətinin törədilməsinə görə də məsuliyyətə cəlbetmə müddəti nəzərdə tutulmayıb. Başqa sözlə, soyqırımının törədilməsindən nə qədər uzun müddət keçməsinin hüquqi məsuliyyətə cəlb etmək üçün heç bir mənası yoxdur.

Bəşər tarixində isə hələ də bir sıra soyqırımı faciələri var ki, siyasi səbəblərə görə dünya dövlətlərinin “diqqətindən kənarda qalıb”. Məsələn, XV-XIX əsrlər arasında Amerika Birləşmiş Ştatlarının dövlət olaraq qurulması dövründə yerli əhali olan hindu tayfalarının kökü ümumiyyətlə kəsilib, milyonlarla hindu qətlə yetirilib. Bu gün həmin hindu tayfalarının cüzi qalıqları QHT-lər yaradaraq ABŞ hökumətindən kompensasiya tələb edir.

Bundan başqa, XIX əsrin ortalarında Fransa Afrika ölkələrində, xüsusilə Əlcəzairdə sərt kolonial siyasət tətbiq edib, müstəqilliyə can atan Əlcəzair xalqını qətlə yetirib.

SSRİ dövründə isə 1937-1945-ci illərdə Azərbaycan xalqı da daxil olmaqla, əsarət altında olan onlarla xalqın milyonlarla təmsilçisi Qafqazda qətlə yetirilib. Azərbaycan xalqına qarşı bu soyqırımı əməllərinə görə hələ də heç kəs məsuliyyətə cəlb olunmayıb.

2016-2017-ci illərdə Asiyada Myanmar dövlətinin Rohinya əyalətində müsəlman əhalinin minlərlə qırılmasına da beynəlxalq birlik tərəfindən müvafiq hüquqi qiymət verilməyib.

Xalqımız də belə haqsızlıqla üzləşib. Beynəlxalq birliyin bu cür biganəliyini Azərbaycan xalqı Xocalı soyqırımının tanınmaması ilə görür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
qafqazinfo.az

1Mənbələr