Rusiya-Ukrayna müharibəsinin gedişində diplomatik kanalların yenidən aktivləşməsi fonunda Cenevrədə keçirilən danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Uzun müddətdir davam edən hərbi qarşıdurmanın siyasi masada həll olunub-olunmayacağı, tərəflərin hansı şərtlərlə kompromisə gedə biləcəyi və sülh perspektivinin nə dərəcədə real olduğu əsas müzakirə mövzularına çevrilib. Xüsusilə, Ukraynanın təhlükəsizlik zəmanətləri və işğal olunmuş ərazilərin taleyi ilə bağlı irəli sürdüyü tələblər, eləcə də Rusiyanın mövqeyindən geri çəkilməməsi danışıqların taleyini qeyri-müəyyən saxlayır. Maraqlıdır, Cenevrə danışıqları müharibənin yaxın zamanda bitməsi üçün real imkan yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, humanitar istiqamətdə və dialoq mühitində müəyyən irəliləyişlər müşahidə olunur, lakin Cenevrə danışıqlarından dərhal yekun nəticə gözləmək doğru deyil.

Onun sözlərinə görə, əsas problemlər təhlükəsizlik zəmanətləri və ərazi məsələləri ətrafında cəmləşir:
“Fundamental məsələlər üzrə nəticə əldə etmək hələ mümkün olmur. Ukraynaya tam təhlükəsizlik zəmanəti verilmir. Eyni zamanda Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılmasını tələb edir. Rusiya isə nəzarətə götürdüyü əraziləri saxlamaq və bölgədə mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu səbəbdən prosesdən qısa müddətdə çıxış yolu tapmaq hələ real görünmür”.
Siyasi şərhçi qeyd edib ki, hazırkı mərhələdə danışıqlar daha çox mövqelərin yoxlanılması və diplomatik təmasların davam etdirilməsi xarakteri daşıyır. Onun fikrincə, tərəflər arasında əsas ziddiyyətlər aradan qalxmadığı müddətdə müharibənin yaxın zamanda başa çatacağı barədə qəti proqnoz vermək çətindir.
Aynurə İsmayıl
KONKRET.az