AZ

DOST Agentliyinin sədri BSTA-nın Texniki Komissiyasının rəhbəri kimi fəaliyyətə başlayıb

Bakı, 26 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının yeni sədri kimi fəaliyyətə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onun sədrliyi ilə Texniki Komissiyanın ilk iclası olub.

Onlayn formatda keçirilən iclasda Komissiyanın əvvəlki dövr üzrə fəaliyyəti müzakirə olunub, növbəti illər üçün iş planı təqdim edilib. Müzakirələr çərçivəsində sosial təminat sistemlərinin müasirləşdirilməsi sahəsində bir sıra əsas istiqamətlər müəyyənləşdirilib. Həmin istiqamətlərə sosial təminat sistemlərində innovasiya, həyat dövrü yanaşmasının tətbiqi, tədqiqat potensialının gücləndirilməsi, eləcə də ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi daxildir.

Fərid Məmmədovun Komissiyaya sədrliyi dövründə sosial siyasət sahəsində analitik imkanların artırılması əsas hədəflərdən biri olacaq. Bununla yanaşı, süni intellekt əsaslı alətlərin tətbiqi və sosial göstəricilər üzrə müqayisəli təhlil mexanizmlərinin hazırlanması da nəzərdə tutulur.

Xatırladaq ki, BSTA-nın Malayziyada keçirilən Dünya Sosial Təminat Forumunda Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı ilə Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib. Bu, Azərbaycanın qlobal sosial siyasətin formalaşmasında artan rolunun, eləcə də ölkəmizin DOST modelinin, əldə etdiyi sosial nailiyyətlərin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

Seçilən
10
3
azertag.az

4Mənbələr