Söküntü qərarı verildikdən sonra sakinlərə kompensasiya təklif olunur. Lakin məbləğin hansı meyarlarla müəyyənləşdirildiyi və bazar qiymətlərini nə dərəcədə əks etdirdiyi ilə bağlı fikirlər birmənalı deyil.
Adətən sakinlər iddia edirlər ki, yaxınlıqdakı yeni tikililərdə mənzillərin bir kvadratmetri 4.000 manatdan başlayır. Təklif olunan kompensasiya ilə real bazar qiymətləri arasında isə ciddi fərq var. Onlar bildirirlər ki, verilən məbləğlə eyni ərazidə yeni mənzil almaq demək olar ki, mümkün deyil. Hazırda Bakıda yeni tikilən binalarda kvadratmetr qiymətləri əsasən 3.000 manatdan yuxarıdır. Kvadratmetrə görə təklif edilən 2.700 manatlıq kompensasiya ilə həmin ərazidə mənzil əldə etmək çətinləşir.
Bəzi sakinlər Bakının kənarlarına və ya Sumqayıta köçmək məcburiyyətində qalırlar.
Maraqlıdır, kompensasiyanın hesablanma qaydası necədir?
Kompensasiyanın necə hesablandığı da müzakirə mövzusudur. Əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, qiymətləndirmə zamanı bir neçə metoddan istifadə olunur. Əsasən müqayisəli satış metodu tətbiq edilir. Bu zaman ətraf ərazidə, təxminən 1 kilometr radiusda oxşar əmlakların real satış qiymətləri nəzərə alınır.
Bundan əlavə, xərc metodu da tətbiq olunur. Yəni tikilinin mövcud vəziyyəti, təmir səviyyəsi və digər xüsusiyyətləri qiymətləndirilir. Zərurət olduqda əmlakın gəlir gətirmə imkanları da nəzərə alına bilər.
Əgər vətəndaş təklif olunan kompensasiya ilə razı deyilsə və ya veriləcək mənzilin sahəsi onu qane etmirsə, məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə prosesində müstəqil ekspertiza təyin olunur və ərazidəki oxşar mənzillərin bazar dəyəri əsasında ədalətli məbləğ müəyyənləşdirilir. Bundan sonra məhkəmə qərar qəbul edir.
Kompensasiya məbləğləri qüvvədə olan normativ-hüquqi aktlara və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən müəyyən edilir. Qiymətləndirmə prosesi müstəqil ekspert rəyləri əsasında aparılır və vətəndaşların hüquqlarının qorunması üçün qanunvericilikdə müvafiq mexanizmlər nəzərdə tutulub.
Elcan Turan
Day.Az