Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı soyqırımın 34-cü ildönümünə həsr olunmuş birgə elmi-praktik konfrans keçirib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, konfransı açan rektor akademik Urxan Ələkbərov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən ağır faciələrdən biri olduğunu vurğulayıb. Akademik çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını müasir tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirib.
Rektor Xocalı soyqırımının əsl mahiyyətinin Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandığını, 1994-cü ilin fevralında Milli Məclisin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Daha sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edib. O, bu il yanvarın 1-nə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyanda qeydiyyata alındığını, onlardan 168 mülki şəxs, 42 nəfərinin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləri olduğunu qeyd edib.
E.Səmədov bildirib ki, mülki şəxslərin arasında 38 uşaq (23 oğlan, 15 qız), 57 qadın (15 yaşlı qadın), 30 qoca da var. 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya edilib. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib. Şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24-ü Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.
Tədbirdə, həmçinin DİA-nın Tarix kafedrasının professoru Fuad Məmmədov, “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor Elçin Əhmədov çıxış ediblər. Çıxışlarda Xocalı həqiqətlərinin beynəlxalq aləmə çıxarılmasının zəruriliyi diqqətə çatdırıb. Eyni zamanda, İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda Azərbaycanın Dövlət Bayrağının dalğalandığı vurğulanıb.