Bakı, 26 fevral, AZƏRTAC
Müasir dövrdə qlobal iqlim dəyişiklikləri dünya ölkələri üçün aktual çağırışlardan birinə çevrilib. Azərbaycanda da iqlim proseslərinin elmi əsaslarla öyrənilməsi və mümkün risklərin qiymətləndirilməsi əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda bu istiqamətdə kompleks tədqiqatlar aparılır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Temperatur artımı, yağıntı rejimində qeyri-sabitlik və ekstremal hava hadisələrinin çoxalması təbii ekosistemlərlə yanaşı, iqtisadiyyatın aparıcı sahələrinə, o cümlədən aqrar sektora ciddi təsir göstərir. Temperatur və yağıntı rejimində baş verən dəyişikliklər məhsuldarlığa təsir göstərir, quraqlıq və torpaq deqradasiyası riskini artırır. Xüsusilə su resurslarından asılı olan regionlarda bu proseslər daha ciddi nəticələr doğurur.
Mütəxəssislərinin fikrincə, temperaturun yüksəlməsi və quraqlığın artması su çatışmazlığını dərinləşdirir, torpaqların münbitliyini azaldır və ənənəvi əkin növlərinin məhsuldarlığını aşağı salır. Bu təsirlər daha çox Kür-Araz düzənliyi, Naxçıvan və Abşeron ərazilərində müşahidə olunur. Su buxarlanmasının artması və yağıntıların qeyri-bərabər paylanması əkin planlaşdırılmasını çətinləşdirir, su ehtiyatlarının daha səmərəli idarə olunmasını zəruri edir.
Bununla yanaşı, iqlim dəyişiklikləri bəzi bölgələr üçün yeni imkanlar yaradır. Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Daşkəsən iqtisadi rayonlarında vegetasiya dövrünün uzanması daha isti iqlimə uyğun bitkilərin becərilməsinə şərait yaradır. Bu isə bağçılıq və üzümçülük sahəsində məhsuldarlığın artırılması potensialını gücləndirir.
Mütəxəssislər vurğulayırlar ki, mövcud şərait kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini zəruri edir. Damcı suvarma sistemləri, quraqlığa davamlı sortlar, rəqəmsal aqromonitorinq və peyk məlumatları əsasında əkin sahələrinin qiymətləndirilməsi kimi yanaşmalar risklərin azaldılmasına kömək edə bilər. Məkan analitikası isə risk zonalarının müəyyənləşdirilməsi, məhsuldarlığın proqnozlaşdırılması və düzgün idarəetmə qərarlarının qəbulunda mühüm rol oynayır.
Nəticə etibarilə, iqlim dəyişiklikləri kənd təsərrüfatı üçün həm ciddi çağırışlar, həm də yeni inkişaf imkanları yaradır. Sahənin dayanıqlı inkişafı elmi əsaslı adaptasiya strategiyalarının hazırlanması və müasir texnologiyaların geniş tətbiqindən asılı olacaq.