AZ

Şəmkirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

Şəmkir rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in rəhbər heyəti və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir Şəhidlər Xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət ediblər. Abidə önünə düzülən tər çiçəklər şəhidlərin xatirəsinə ehtiramın ifadəsi idi. İnsanlar başlarını aşağı əyərək faciə qurbanlarını yad edib, onların əziz xatirəsinin unudulmayacağını bir daha nümayiş etdiriblər.

Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxışında qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir. O vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti sayəsində faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atılıb.

“Azərbaycan ordusunun gücü və xalqımızın birliyi sayəsində şanlı Qələbə qazanılıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, onların xatirəsinə tarixi ədalət döyüş meydanında öz yerini tapıb”, – deyə Rəşad Tağıyev bildirib.

Faciə qurbanlarının xatirəsini anmaq məqsədilə saat 17:00-da Şəmkir şəhərində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb. İnsanlar bir dəqiqəlik sükutla Xocalı şəhidlərinin xatirəsini yad edərək, bu qan yaddaşının xalqımızın qəlbində əbədi yaşayacağını bir daha nümayiş etdiriblər.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Seçilən
10
xalqqazeti.az

1Mənbələr