Bakı, 26 fevral, AZƏRTAC
Torpaq¬larımızın iyirmi faizi işğal altında qaldı. Amma xalqımız ruhən işğal olunmadı, yenilməz xalq ruhunu diri saxladı. Qarabağın işğalından sonra ruhumuzu işğaldan qoruyan məhz Qələbə günü¬nün uzaqda olmadığını bildirən Ulu Öndər Heydər Əliyevin və Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin tarixi mesajları, Azərbaycan xalqının yenilməz iradəsi, yazarlarımızın qələmə aldıqları əsərlər və “Böyük Qayıdış”a ümidini itirməyən ədəbiyyatımız oldu.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad deyib.
O xatırladıb ki, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. “1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecədə Xocalı “Şəhid şəhər”ə çevrilib. Xocalı şəhəri 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilənə qədər bu ad qəhrəman Xocalının üstündə damğa olaraq qalıb. Xocalı ağrısı sinəsi dağlı yazarlarımızın ürək ağrısı olub, illər keçdikcə daha təsirli şəkildə ədəbiyyatımıza yansıyıb. Azərbaycan ədəbiyyatının ağrı ədəbiyyatı qolunu yaradıb. Xocalı faciəsi təkcə Azərbaycan yazarlarının ürəyində 31 il boyunca qapanma¬yan yara kimi sızıldamır, bəzi dünya aydınlarının da könül yarasına çevrilir. Türk araşdırmaçı yazar Fatih Ordu Xocalı şəhidlərinin əziz xatirəsinə “Bəyaz gülün tikanları” hekayəsini, şair Abdurrahim Karakoç “Kurşunlar sizdedir, sızı bizdedir”, Zeynalabdin Makas “Xocali şikestesi”, italiyalı şair və bəstəkar Davide Qualtieri¬ isə “Xocalı” şeirlərini həsr edir və son dərəcə ağrılı duyğularını sətirlərə sərir. Vahid Mustafayevin rejissoru olduğu “Xoca”, Aqil Abbasın eyniadlı romanı əsasında “Dolu” kimi çox təsirli filmlər çəkilib. Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciə ilə bağlı materiallar bütün dünyaya yayılıb və yayılmaqda davam edir. Ermənilərə sözümüzü analoqu olmayan döyüş taktikamızla, unikal Şuşa Zəfəri ilə dedik. Ancaq susmamalıyıq, unutmamalıyıq. Qazandığımız Zəfər bizə faciələrimizi unutmağa əsas verməməli, bu istiqamətdə daha güclü təbliğat aparmalıyıq”, - deyə Esmira Fuad diqqətə çatdırıb.