Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yekaterinburq, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, matəm rəmzi olaraq Baş Konsulluğun binası qarşısında dövlət bayrağı yarıya qədər endirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı faciəsinə dair fotosərgi ilə tanışlıq olub.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və digərləri Xocalı faciəsini bəşəriyyət tarixinə həkk olunmuş ən qanlı cinayətlərdən biri kimi xarakterizə ediblər. Xocalı soyqırımına beynəlxalq müstəvidə tam hüquqi qiymətin veriləcəyinə əminlik ifadə olunub. Eyni zamanda, vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və bu gün Xocalıda Memorial Kompleksin açılışı tarixi ədalətin qələbəsidir.
Mərasim zamanı Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının faciənin 34-cü ildönümü ilə bağlı bəyanatı iştirakçıların diqqətinə çatdırılıb.
Anım tədbiri rejissor Vaqif Mustafazadənin Xocalı dəhşətlərindən bəhs edən “Dərdimi çəkirəm” sənədli filminin nümayişi ilə yekunlaşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.