AZ

Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı

Bakı, 26 fevral, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” adlı tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Əlyazmalar İnstitutunun direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov Xocalı soyqırımının XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Çıxışında tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən söz açan alim son iki yüz il ərzində erməni şovinistlərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirmələrinə baxmayaraq, haqq-ədalətin Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində bərqərar olduğunu vurğulayıb.

Tədbirdə “Xocalı tarixi Azərbaycan torpağıdır!”, “Gün var əsrə bərabər”, “Xocalı – ağrıdan dirçəlişə uzanan yol” mövzularında məruzələr dinlənilib. Çıxış edənlər ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar.

Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Əsrin unudulmayacaq faciəsi – Xocalı soyqırımı” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Seçilən
11
1
azertag.az

2Mənbələr