AZ

Britaniyada sığınacaq müraciətləri azalıb, kiçik qayıqlarla gələnlərin sayı isə artıb

London, 26 fevral, AZƏRTAC

Böyük Britaniyada 2025-ci ildə sığınacaq üçün müraciət edənlərin sayı bir qədər azalsa da, ölkəyə kiçik qayıqlarla gələnlərin sayı artıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin yeni məlumatlarına əsasən, 2025-ci ilin dekabrınadək olan 12 ay ərzində Böyük Britaniyada 100 mindən bir qədər çox şəxs sığınacaq üçün müraciət edib. Bu göstərici əvvəlki illə müqayisədə cüzi azalma deməkdir. Eyni zamanda, ölkəyə qeyri-qanuni yollarla daxil olanların sayı artıb. 2025-ci ildə 46 min 497 nəfər Böyük Britaniyaya qeyri-qanuni marşrutlarla gəlib ki, bu da əvvəlki illə müqayisədə 7 faizdən çox artım deməkdir.

Onların böyük əksəriyyəti, 89 faizi La-Manş boğazını kiçik qayıqlarla keçərək ölkəyə daxil olub. Ümumilikdə 41 min 472 nəfər kiçik qayıqlarla Böyük Britaniyaya çatıb. Bu, əvvəlki illə müqayisədə 13 faiz artım olsa da, 2022-ci ildə qeydə alınmış pik göstəricidən 9 faiz aşağıdır. Qeyri-qanuni yollarla gələnlər arasında yük maşınlarında gizlənənlər və lazımi sənədlər olmadan hava yolu ilə gələn şəxslər də var.

Məlumata görə, 2025-ci ilin sonuna Böyük Britaniyada 30 min 657 sığınacaq axtaran şəxs müvəqqəti olaraq otellərdə yerləşdirilib. Bu göstərici son 18 ayın ən aşağı səviyyəsi kimi qiymətləndirilir. Sığınacaq müraciətləri üzrə qərar gözləyənlərin ümumi sayı isə ardıcıl dördüncü rüb azalıb və 64 min 426 nəfərə düşüb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
10
1
azertag.az

2Mənbələr