Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 17:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə hərəkət dayandırılıb, avtomobillərdən siqnallar verilib.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, Şuşa şəhər sakinləri soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar.