AZ

Kolumbiyada Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Kolumbiyanın aparıcı dövlət ali təhsil müəssisələrindən biri olan "Universidad Distrital Francisco José de Caldas"da Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş təbliğat-məlumat xarakterli silsilə tədbirlər keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşı Namik Ramazanov geniş auditoriya qarşısında çıxış edərək XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı və onun ağır nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib, sonrakı dövrdə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb.

Çıxışda beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına münasibətinə də toxunulub, hazırda 18 ölkənin, o cümlədən Kolumbiya parlamentinin bu qətliamı soyqırımı kimi qiymətləndirərək pislədiyi vurğulanıb. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi ardıcıl şəkildə həyata keçirilir. Diplomat vurğulayıb ki, Xocalı soyqırımının xatırlanması nifrət deyil, ədalət və tarixi yaddaş naminədir və bu faciənin beynəlxalq hüquq və insan hüquqları kontekstində tanınması mühüm əhəmiyyət daşıyır.

Təqdimatın sonunda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış "Xocalı Soyqırımı" adlı sənədli film nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Tədbir universitetin rəsmi sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanıb, ali təhsil müəssisəsinin radiosuna Xocalı soyqırımı və Azərbaycan haqqında müsahibə verilib.

Eyni zamanda, universitet ərazisində Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Biz xatırlayırıq" adlı məlumat guşəsi təşkil edilib. Guşə tələbələr tərəfindən maraqla qarşılanıb, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ispan dilində nəşr olunmuş kitab və bukletlər iştirakçılara paylanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
1
milli.az

2Mənbələr