AZ

“Özümüz öz işimizi çətinləşdirdik, indi də zəhmət çəkib...” – Avrokubok həvəsi

Mövsümə uğurlu start verən “Sumqayıt” qış fasiləsindən sonra ləngər vurur.

Avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən hesab olunan komandaların hamısına - “Turan Tovuz”, “Zirə” və “Araz-Naxçıvan”a uduzan “kimyaçılar” səfərdə “Karvan-Yevlax”ı məğlub edib, öz meydanında “Qəbələ”ylə qolsuz bərabərliyə razılaşıb.

Beləliklə, yeni ildə 5 oyunda mümkün 15 xaldan yalnız 4-nü aktivinə yazan Saşa İliçin rəhbərlik etdiyi kollektiv turnir cədvəlindəki vəziyyətini xeyli çətinə salıb.

Komandanın aparıcı simalarından sayılan Rüstəm Əhmədzadə Sportinfo.az-a açıqlamasında şansların azaldığını desə də, çıxış yolu göstərib:

“Adlarını çəkdiyiniz komandalarla üçüncü dövrədə şəxsi görüşlərimiz qalıb. Bundan sonrakı oyunlarda qələbə qazanmalıyıq.

İndiki vəziyyətdə toparlanmalı və hər matçdan 3 xalla ayrılmalıyıq. Hər şey yaxşı idi. Özümüz öz işimizi çətinləşdirdik.İndi də zəhmət çəkib durumu yaxşılaşdırmalıyıq.

Bu günə qədər nəyə qadir olduğumuzu göstərmişik. Vəsiqə uğrunda mübarizə aparmaq üçün gücümüz və keyfiyyətimiz var. Sadəcə, bayaq dediyiniz kimi, sabitlik çatmır.

Bəlkə də əsas rəqiblərə yenilgilərdən sonra psixoloji gərginlik yarandı. Sonluğun bizim üçün uğurlu olacağına inanıram”.

21 turdan sonra aktivində 31 xal olan “Sumqayıt” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

“Kimyaçılar” 22-ci turda Yevlax şəhər stadionunda “Kəpəz”in qonağı olacaq.

Fevralın 27-də keçiriləcək qarşılaşma saat 14:30-da start götürəcək.

HƏBİB

Seçilən
14
sportinfo.az

1Mənbələr