AZ

ABŞ-nin İrandan tələbləri nədən ibarətdir?

WSJ: ABŞ Cenevrə danışıqlarında İrandan nüvə obyektlərinin ləğvini və zənginləşdirilmiş uranın təhvilini tələb edir...

Vaşinqton Fordo, Natanz və İsfahandakı obyektlərin bağlanmasını, uranın sıfır səviyyədə zənginləşdirilməsini və sazişin müddətsiz olmasını istəyir.

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Cenevrədə keçirilən nüvə danışıqlarında Amerika nümayəndə heyəti İrana qarşı irəli sürdüyü tələblər siyahısına bir sıra sərt şərtlər daxil edib. Bu şərtlər arasında əsas nüvə obyektlərinin ləğvi və ölkənin bütün zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ nəzarətinə verilməsi yer alır.

Məlumata əsasən, söhbət Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinin tamamilə bağlanmasından gedir. Vaşinqton, həmçinin Tehrana qarşı sanksiyaların yalnız minimal şəkildə yumşaldılmasını təklif edir və gələcəkdə müəyyən güzəştlərin mümkün ola biləcəyini bildirir.

Qəzet yazır ki, ABŞ tərəfi uranın zənginləşdirilməsinin sıfır səviyyəyə endirilməsində israrlıdır. Bununla belə, amerikalı danışıqlarçılar Tehranda yerləşən tədqiqat reaktorunun tibbi məqsədlər üçün aşağı səviyyədə zənginləşdirmə ilə yenidən işə salınmasını müzakirə etməyə hazır olduqlarını da istisna etmirlər.

Amerika tərəfi yeni sazişin müddətsiz olmasını tələb edir. Nəşrin məlumatına görə, İran isə kompromis variant kimi uranın zənginləşdirilməsinin uzunmüddətli dayandırılmasını və ya onun ərəb, iran konsorsiumu vasitəsilə emalını mümkün sayır. Bu mexanizm ABŞ üçün əlavə nəzarət aləti rolunu oynaya bilər.

Bu gün Cenevrədə ABŞ ilə İran arasında nüvə sazişi üzrə danışıqların üçüncü raundu başlayıb. Əvvəlki görüş fevralın 17-də eyni şəhərdə keçirilib. Həmin görüşdən sonra İranın xarici işlər naziri Abbas Araqçi tərəflərin əsas məsələlər üzrə razılıq əldə etdiyini və mümkün sazişin detalları üzərində işləməyə hazır olduqlarını bəyan etmişdi.

Müşahidəçilər hesab edirlər ki, tərəflər arasında mövqelər hələ də ciddi şəkildə fərqlənir. Vaşinqton daha sərt və uzunmüddətli məhdudiyyətlərdə israrlı olduğu halda, Tehran suveren hüquqlarının qorunmasını və sanksiyaların real şəkildə aradan qaldırılmasını prioritet sayır. Cenevrə danışıqlarının nəticəsi Yaxın Şərqdə təhlükəsizlik balansına və beynəlxalq nüvə nəzarəti sisteminə birbaşa təsir göstərə bilər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr