AZ

“ABŞ-nin strateji məqsədi İranda hakimiyyət dəyişikliyidir” – Azad Məsiyev

"ABŞ başda olmaqla İran əleyhinə bir koalisiya uzun müddətdir ki, İranı həm iqtisadi, həm də siyasi sanksiyalar vasitəsilə dünyanın iqtisadi-siyasi sistemindən təcrid etməyə çalışır. Bu koalisiyanın məqsədi İranın sosial vəziyyətini gərginləşdirmək, xalqla dövlət arasında qarşıdurma yaratmaq və nəticədə hakimiyyətdə dəyişiklik üçün əlverişli şərait formalaşdırmaqdır. Lakin uzun müddət ərzində tətbiq olunan bu ssenari hələ özünü doğrultmayıb. ABŞ ilə İran arasındakı gərginlik İslam inqilabının baş verməsindən sonra yaranmış və əsasən ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişdirərək özlərinə münasib bir hakimiyyət qurmaqdır. Bu strategiya həm respublikaçılar, həm də demokratlar hakimiyyətdə olarkən davamlıdır və müxtəlif taktiki addımlar vasitəsilə həyata keçirilir. Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin İrana qarşı siyasəti daha aqressivləşib. Uranın zənginləşdirilməsi məsələsi yalnız bəhanə rolunu oynayır; əsl məqsəd İrana təzyiq göstərmək və onun siyasi hakimiyyətini dəyişdirməkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı danışıqlar üçüncü raunduna başlayıb. Beynəlxalq ictimaiyyət uzun müddətdir bu mövzuya diqqət yetirir və hazırkı müzakirələr yenidən qlobal gündəmin əsas mərkəzinə çevrilib. Rəsmi açıqlamalarda tərəflər dialoqun davam etdiyini bildirirlər, lakin onların mövqeləri arasında fundamental fərqlər qalmaqdadır. Vaşinqton İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq və beynəlxalq nəzarəti gücləndirmək istədiyini açıqlayır, Tehran isə proqramın yalnız dinc məqsəd üçün həyata keçirildiyini vurğulayaraq, hər hansı dayandırılmanın mümkün olmadığını bildirir. Bu fikir ayrılığı tərəflər arasında kompromisin mümkün olub-olmaması sualını gündəmə gətirib.

Siyasi şərhçi bildirib ki, ABŞ İran üzərində hərbi və diplomatik təzyiq göstərmək üçün davamlı olaraq müxtəlif bəhanələr irəli sürür.

Seçilən
5
aznews.az

1Mənbələr