AZ

BDU tələbələri şantaj edilib – Hansı cəza veriləcək?

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində oxuyan bir qrup qız tələbənin sosial şəbəkələrdəki şəkillərinin icazəsiz istifadə edildiyi iddia olunur. Naməlum şəxs onların “TikTok” profillərindən götürülmüş fotoları saxta montaj edərək yayımlayıb.

Zərərçəkənlər polisə müraciət etdiklərini bildiriblər.İddialara görə, görüntülərin silinməsi müqabilində pul tələb olunub. Lakin tələbələr pul təklif etdikdə həmin şəxs bunu maddi məqsədlə etmədiyini deyib. Ehtimal olunur ki, o, vaxtilə Hüquq fakültəsinə qəbul ola bilmədiyi üçün tələbələrə qarşı qərəzli davranıb.

Süni intellektin geniş yayıldığı dövrdə şəxsin fotosundan icazəsiz istifadə edib montaj hazırlamaq və yaymaq hallarında işi törədən şəxsi və ya şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

KONKRET.az xəbər verir ki, sfera.az-a bu haqda açıqlama verən vəkil Babək Umudovun sözlərinə əsasən, fərdi məlumatların və şəxsi həyatın toxunulmazlığının pozulması halları, xüsusilə süni intellekt vasitəsilə foto və video manipulyasiyası, qanunvericilikdə cinayət və mülki məsuliyyət yaradır:

 

 

“Bu əməl şəxsi həyatın toxunulmazlığını pozur və şərəf, ləyaqət və ya işgüzar nüfuzun ləkələnməsi kimi qiymətləndirilir. Əgər təhrif edilmiş materiallar yalan məlumatlar yayır, alçaldıcı xarakter daşıyır və ya şəxsi sirri açıqlayırsa, Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə həyatının sirrinin pozulması) maddəsi tətbiq edilir. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi də tətbiq edilə bilir. Bu maddə ilə şəxs, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Mütəxəssisin sözlərinə görə, “Kütləvi informasiya vasitələri haqqında” Qanun (Media haqqında Qanun) sosial mediada belə materialların yayılmasına görə təkzib, düzəliş və ya üzr tələb etmək hüququ verir:

“Zərərçəkmiş şəxs Mülki Məcəlləyə əsasən məhkəməyə müraciət edərək mənəvi zərərin (məsələn, stres, reputasiya itkisi) kompensasiyasını tələb edə bilər. Bu, cinayət məsuliyyəti ilə paralel gedir. Materialların silinməsi müqabilində pul tələb olunması isə açıq şantajdır və Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə tənzimlənir. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Deepfake materiallarla şantaj bu maddəyə tam uyğundur, çünki təhrif edilmiş fotoların yayılması və ya silinməməsi təhdidi şərəfə toxunmaq sayılır. Bundan əlavə, “Kibercinayətkarlıq haqqında Konvensiya”ya əsasən, kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma, dələduzluq və digər hüquqazidd əməllər cinayət məsuliyyəti yaradır. Deepfake və oxşar texnologiyalarla foto və video manipulyasiyası bu kontekstdə də qiymətləndirilə bilər”.

Seçilən
13
1
konkret.az

2Mənbələr