AZ

“İlk dəfə bu dərəcədə bərbad və zəif oynadıq” – Şoka düşən kapitan üzr istədi

Yeni ilə ardıcıl 2 qələbə ilə başlayan “Qəbələ” növbəti məğlubiyyətini aldı.

Son 4 matçda biri ölkə kubokunda olmaqla 2 dəfə “Sabah”a məğlub olan “Neftçi”yə uduzan, “Sumqayıt”la qolsuz bərabərə qalan bölgə təmsilçisi bu dəfə “Turan Tovuz”a boyun əydi.

14-cü turdan təxirə salınan qarşılaşmada öz meydanında Tovuz təmsilçisi qəbul edən “Qəbələ” darmadağından qaça bilmədi – 0:3.

Bu oyun “qırmızı-qaralar”ın ardıcıl 5 oyunda qol vura bilməməsi, həm də cari mövsümdə ilk böyük hesablı yenilgisi kimi yadda qaldı.

Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin kapitanı Murad Musayev ağır məğlubiyyətə söz tapa bilmədiyini deyib:

“Şokdayam, nə deyəcəyimi bilmirəm. Komandamızdan və özümüzdən belə futbol gözləmirdim. Sanki ilk dəfəydi kollektiv şəkildə meydana çıxmışdıq.

İndiyə qədər belə bərbad oynamamışdıq. Bu oyunu “Qəbələ”nin adına yaraşdırmadım. Cari mövsümdə ilk dəfə bu dərəcədə bərbad və zəif çıxış etdik.

Halbuki matça normal hazırlaşmışdıq. Qış fasiləsindən sonra sərgilədiyimiz futbol da nəticə qazanmağa imkan verirdi.

Sıx qrafikə görə baş məşqçimiz bəzi futbolçuları ehtiyatda saxlamışdı, müəyyən dəyişikliklər etmişdi.

Lakin heç bir halda belə olmamalıydı. İlk dəqiqələrdən qələbə qazanmaq üçün heç nə etmədik. Ağır yenilgiyə görə azarkeşlərimizdən üzr istəyirik”.

HƏBİB

Seçilən
14
sportinfo.az

1Mənbələr