AZ

Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Xocalı faciəsi”nin 34-cü ildönümü ilə əlaqədar “Qalib xalqın silinməyən yaddaşı” mövzusunda tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq Mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutmuşdular. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş beynəlxalq cinayətdir. 

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib.

“Xocalı soyqırımı”nın dünyaya çatdırılması bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Azərbaycanın Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmışdır.

Tədbirdə məruzə ilə çıxış edənlər Qubadlı rayon prokurorunun köməkçisi Taleh Zeynalov və rayonun İsa Məmmədov  adına Aşağı Mollu kənd tam orta məktəbinin tarix müəllimi Ramin Heydərov qeyd etdilər ki, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. 

2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Ağdərə, Xankəndi şəhərlərində, eyni zamanda 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırıldı.

Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 

Seçilən
14
unikal.az

1Mənbələr