AZ

Danimarkada növbədənkənar seçkilər elan edilib

Baş nazir Mette Frederiksen seçkilərin martın 24-də keçiriləcəyini açıqlayıb, qərar ölkənin təhlükəsizlik siyasəti və ABŞ ilə münasibətlərin gələcəyi fonunda verilib...

Danimarkanın baş naziri Mette Frederiksen ölkədə növbədənkənar parlament seçkilərinin martın 24-də keçiriləcəyini elan edib.

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, ölkədə növbəti parlament seçkiləri ən geci bu ilin 31 oktyabr tarixinədək keçirilməli idi. Lakin yerli və beynəlxalq müşahidəçilər hesab edirlər ki, seçkilərin irəli çəkilməsi hakim Sosial-Demokrat Partiyasının reytinqinin yüksəlməsi ilə bağlıdır. Analitiklərin fikrincə, bu artım əsasən ABŞ-nin keçmiş prezidenti Donald Trump tərəfindən Greenland üzərində nəzarət imkanları ilə bağlı səsləndirilən bəyanatlardan sonra ölkədə milli təhlükəsizlik və suverenlik məsələlərinin aktuallaşması fonunda baş verib.

Baş nazir Frederiksen seçkilərlə bağlı açıqlamasında bildirib ki, Danimarka yeni geosiyasi reallıqlar şəraitində öz strateji kursunu müəyyənləşdirməlidir. Onun sözlərinə görə, ölkə ABŞ ilə münasibətlərin xarakterini yenidən qiymətləndirməli, eyni zamanda Avropada sabitliyin və sülhün qorunması üçün müdafiə potensialını gücləndirməlidir.

“Biz ABŞ ilə münasibətlərimizin xarakterini müəyyənləşdirməliyik və qitəmizdə sülhün təmin olunması üçün yenidən silahlanmalıyıq”, deyə hökumət başçısı vurğulayıb.

Ekspertlər hesab edirlər ki, seçkilərin vaxtından əvvəl keçirilməsi həm daxili siyasi mövqelərin möhkəmləndirilməsi, həm də təhlükəsizlik və müdafiə siyasətinə ictimai mandatın yenilənməsi məqsədi daşıyır. Qərar eyni zamanda Arktika regionunda artan geosiyasi rəqabət və Qərb ölkələrinin müdafiə xərclərini artırmaq çağırışları fonunda qəbul edilib.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr