AZ

Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli


Türk və müsəlman söhbəti üzərinə...
Məsələ burasındadır ki, nə bütün türklər yüz faiz türkdür, nə də bütün ərəblər yüz faiz ərəbdir. Bəli, biz türkcə danışırıq, ata-anamız da türkcə danışıb, amma dilimizin 30-40 faizi ərəb sözüdür.
Əsas musiqi ritmimiz diringidir ki, bu ritm bizdən və özbəklərdən başqa digər türk xalqlarında yoxdur. Amma farslarda və ermənilərdə var.
Bizim ərəblər, farslar, qeyri-türk Qafqaz xalqları, ermənilər və gürcülərlə xeyli ortaq mental xüsusiyyətlərimiz var. Müsəlmanlıq bizim üçün təkcə din deyil, qanmıza, genimizə yerimiş elə bir şeydir ki, onu çıxarıb atmaq mümkün deyil.
Sən islamdan imtina edə bilərsən, amma o sənin canından çıxmayacaq. Azərbaycanda elə adamlar var ki, elə bil Səddamın əkiz qardaşıdır. Bu bənzərlik dildən, antropologiyadan tutmuş hər şeydə var.
Necə ola bilər ki, bizdən çox monqollara, çinlilərə və koreyalılara oxşayan qazaxlara, qırğızlara, uyğurlara qardaş deyə bilirik, amma misalçün, kürdə, ərəbə, farsa yox?
Təkcə dil yaxınlığına görə qardaşlıq, millətçilik düz deyil axı. Belə baxanda qazaxlar, qırğızlar, tatarlar ilə ortaq sözlərimiz elə ərəblər və farslar qədərdir. Məncə, bu barədə düşünmək lazımdır.
Bir dəfə yazmışdım ki, bizim islam dinindən çıxmağımız Yer kürəsindən kənara tullanmağımız qədər mümkünsüzdür. Çünki bu din artıq bizim genimizdədir. Biz bir-birimizi ərəbcə salamlayırıq. Ancaq "salam" sözü artıq təkcə ərəbin yox, həm də bizimdir.
Təsəvvür edin ki, ərəb və fars sözlərini dilimizdən tam çıxarsaq, Azərbaycan dili yox olar. Ərəbə və farsa aid hər şeyi içimizdən çıxarsaq, millət olaraq mövcud olmarıq. Yəni bugünkü "azərbaycanlı", "türk" dediyimiz millət olmaz.
Eyni şey onlara, yəni ərəblərə və farslara da aiddir. Onlar da türkə aid olan hər şeyi çıxarıb atsalar, keyfiyyətcə indiki millətlər olmazlar...
1500 il qabaqkı ərəblər də, türklər indiki millətlər deyil. Biz ora qayıda bilmərik. Bu, sadəcə mümkün deyil. Bunu hələı heç bir millət etməyib. Amma bizdə nədənsə bu arzuyla yaşayanlar var. Özü də gənclər arasında...

Seçilən
10
nuh.az

1Mənbələr