Dərin kosmosda alimlər çox qeyri-adi bir qalaktika aşkar ediblər. CDG-2 adlanan bu obyekt demək olar ki, işıq saçmır, çox az sayda ulduza malikdir və kütləsinin 99,9 faizi qaranlıq maddədən ibarətdir. Bu kəşf göstərir ki, kainatda elə qalaktikalar ola bilər ki, onların əsas hissəsini görünməz qaranlıq maddə təşkil edir, adi maddə isə çox cüzi paya malikdir.
CDG-2 qalaktikası Hubble Kosmik Teleskopunun arxiv görüntülərinin yenidən araşdırılması zamanı tapılıb. O, bizdən təxminən 240 milyon işıq ili uzaqlıqda yerləşən Persey qalaktikalar toplusu istiqamətində müşahidə edilib. Şəkillərdə çox zəif bir işıqlanma görünüb və sonradan bunun real obyekt olduğu təsdiqlənib. Daha sonra Euclid kosmik teleskopunun məlumatları da bunu təsdiq edib.
Məlum olub ki, CDG-2-də cəmi bir neçə on və ya yüzlərlə ulduz var. Bu isə bütöv qalaktika üçün çox azdır. Alimlərin fikrincə, qalaktika keçmişdə qazını itirib və buna görə yeni ulduzlar yarana bilməyib. Yalnız ən sıx ulduz qrupları bu günə qədər qalıb.
Bundan başqa, ABŞ-dakı Qrin-Benk Rəsədxanası astronomları J0613+52 adlı başqa bir qalaktika da aşkar ediblər. O, təxminən 270 milyon işıq ili uzaqlıqda yerləşir və demək olar ki, görünən ulduzlara malik deyil. Onun tərkibində çoxlu ilkin qaz var, lakin bu qaz ulduzlara çevrilməyib.
Hər iki kəşf göstərir ki, kainatda əsasən qaranlıq maddədən ibarət olan “kölgə” qalaktikalar mövcud ola bilər. Bu cür obyektləri tapmaq çox çətindir, çünki onlar demək olar ki, işıq saçmır. Əgər bu tip qalaktikaların mövcudluğu tam təsdiqlənsə, bu, kainatın quruluşu və qalaktikaların necə formalaşdığı barədə anlayışlarımızı daha da genişləndirə bilər.
Hazırladı:
S.ELAY
XQ