AZ

Hillari Klinton Epşteynlə bağlı iddialara münasibət bildirib

ABŞ-nin sabiq dövlət katibi maliyyəçi Ceffri Epşteynin cinayətlərindən xəbərsiz olduğunu deyib...

Poliqon xəbər verir ki, Hillari Klinton sosial şəbəkə X hesabında yaydığı bəyanatda maliyyəçi Ceffri Epşteynin törətdiyi cinayətlərdən xəbərsiz olduğunu bildirib və onun adası ilə hər hansı əlaqəsinin olmadığını vurğulayıb. Sabiq dövlət katibi qeyd edib ki, Epşteynlə heç vaxt görüşdüyünü xatırlamır.

Klintonun sözlərinə görə, o, maliyyəçinin təyyarəsi ilə heç vaxt uçmayıb, onun adasına, evlərinə və ya ofislərinə baş çəkməyib. O əlavə edib ki, bu məsələ ilə bağlı deyəcək başqa sözü yoxdur.

Sabiq dövlət katibi həmçinin Epşteynin və onun köməkçisi Gisleyn Maksvellin törətdiyi cinayətlər barədə hər hansı məlumata malik olmadığını bildirib.

Yanvar ayında ABŞ-nin keçmiş prezidenti Bill Klinton və Hillari Klinton Epşteyn işi üzrə aparılan istintaq çərçivəsində ifadə verməkdən imtina etmişdilər. Bu qərar ABŞ ictimaiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Ötən ilin noyabrında isə ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyindən Bill Klintonun və digər demokrat siyasətçilərin Epşteynlə mümkün əlaqələrinin araşdırılmasını tələb etmişdi. Buna səbəb maliyyəçinin yazışmaları və dərc olunan məktublar olmuşdu. Həmin materiallarda Trampın adı da hallanırdı. Demokratlar və Ağ Ev baş verənləri siyasi manipulyasiya kimi qiymətləndirmişdilər.

Qeyd edək ki, Epşteyn işi ABŞ-də son illərin ən qalmaqallı istintaq proseslərindən biri hesab olunur və müxtəlif yüksək vəzifəli şəxslərin adlarının hallanması siyasi müstəvidə mübahisələri daha da dərinləşdirib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr