AZ

BMT: İsrailin məqsədi İordan çayının Qərb Sahilində və Qəzzada daimi demoqrafik dəyişikliklərdir...

Ali komissar Volker Türk bildirib ki, mövcud addımlar geri dönməz nəticələr yarada və etnik təmizləmə ilə bağlı narahatlıqları gücləndirə bilər...

Poliqon xəbər verir ki, Agence France-Presse Agentliyinin məlumatına görə, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk İsrailin işğal altındakı Qərb Sahili və Qəzza zolağında həyata keçirdiyi addımların daimi demoqrafik dəyişikliklərə yönəldiyini bildirib. O, bu bəyanatı Cenevrədə BMT İnsan Hüquqları Şurasında çıxışı zamanı səsləndirib.

Türk vurğulayıb ki, İsrailin hərəkətləri birlikdə götürüldükdə Qəzza və Qərb Sahilində geri dönməz demoqrafik dəyişikliklər yaratmağa yönəlmiş kimi görünür və bu, etnik təmizləmə ilə bağlı ciddi narahatlıqlara səbəb olur. Onun sözlərinə görə, xüsusilə Qərb Sahilinin şimalında bir ildir davam edən hərbi əməliyyat nəticəsində 32 min fələstinli məcburi köçkünə çevrilib.

Digər bölgələrdə isə, o cümlədən Ramallahın şərqində yerləşən Mixmas yaxınlığı və İordan vadisində Ras əl Ayn əl Auca ərazilərində bədəvi maldar icmaları artan təzyiq və zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olublar. Bildirilir ki, bu hallar ilin əvvəlindən intensivləşib.

Hazırda Qərb Sahilində təxminən üç milyon fələstinli ilə yanaşı, 500 mindən çox israilli məskunlaşıb. Beynəlxalq hüquqa əsasən, bu yaşayış məntəqələri qanunsuz hesab olunur. İsrail 1967-ci ildən etibarən Qərb Sahilinə nəzarət edir.

Bu ay İsrail hökuməti ifrat sağçı nazirlərin dəstəklədiyi bir sıra təşəbbüsləri təsdiqləyib. Onların arasında Qərb Sahilində torpaqların dövlət mülkiyyəti kimi qeydiyyata alınması prosesinin başlanması və israillilərə həmin ərazilərdə torpağı birbaşa almağa icazə verilməsi də var. Bu qərarlar bir sıra ölkələr tərəfindən pislənib.

İsrailin hazırkı hökuməti yaşayış məntəqələrinin genişləndirilməsini sürətləndirib. Məskunlaşmaların monitorinqi ilə məşğul olan İsrailin Peace Now qeyri hökumət təşkilatının məlumatına görə, 2025-ci ildə rekord sayda, 54 yeni yaşayış məntəqəsinin tikintisinə icazə verilib.

Qəzza zolağında isə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi görünməmiş hücumdan sonra başlayan müharibə nəticəsində ərazidə yaşayan 2,2 milyon insanın böyük əksəriyyəti ən azı bir dəfə yerindən didərgin düşüb.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr