AZ

BVF Ukraynaya 8,1 milyard dollar kredit ayrılmasını təsdiqləyib

BAKI, 27 fevral. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 8,1 milyard dollar həcmində yeni maliyyə proqramını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Fondun yaydığı bəyanata əsasən, İcraçı Direktorlar Şurası 48 ay müddətinə Genişləndirilmiş Kredit Mexanizmi (EFF) formatında 8,1 milyard dollarlıq proqramı təsdiq edib. Bu məbləğin 1,5 milyard dolları dərhal Kiyevə ayrılacaq.

BVF bir daha vurğulayıb ki, Ukrayna hakimiyyəti qarşıdakı dörd il ərzində 136,5 milyard dollar həcmində maliyyə çatışmazlığı ilə üzləşə bilər. Fond hesab edir ki, bu kəsir donor dəstəyi və borcların restrukturizasiyası əməliyyatları hesabına qarşılanacaq.

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, proqramla bağlı risklər son dərəcə yüksəkdir. Onun sözlərinə görə, proqramın uğuru, o cümlədən, Kiyevin islahatları həyata keçirmək iradəsindən asılı olacaq.

Qeyd edək ki, Ukrayna artıq bir neçə ildir büdcə kəsirini Qərb tərəfdaşlarından alınan kredit və qrantlar hesabına qarşılayır. BVF Kiyevin əsas kreditorlarından biridir. Hazırda 2023–2027-ci illəri əhatə edən 15,6 milyard dollarlıq əvvəlki EFF proqramı qüvvədədir. Bununla yanaşı, Kiyev fonda yeni proqramın işə salınması ilə bağlı müraciət edib.

Seçilən
29
teleqraf.com

1Mənbələr