AZ

Azərbaycanlılar 1 saata nə qədər qazanır? Maraqlı siyahı yayıldı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda əmək məhsuldarlığı 26,4 dollar (44,2 manat) səviyyəsində qiymətləndirilib. Bu göstərici bir iş saatına düşən ümumi daxili məhsulun (ÜDM) həcmini əks etdirir.

Məlumata görə, ölkəmiz bu göstərici ilə İranı (23,6 dollar), Ermənistanı (26 dollar), Özbəkistanı (13,7 dollar) və Qırğızıstanı (10 dollar) geridə qoyur. Lakin açıqlanan statistikanın real maaşlar və vətəndaşların gəlirləri ilə nə dərəcədə üst-üstə düşdüyü sosial mediada geniş müzakirələrə səbəb olub.

Əslində ölkəmizdə bir saatlıq əmək dəyəri təxmini hesablamalarla nə qədərdir? Ümumiyyətlə, bu meyar nəyə əsasən hesablanır?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, bu məsələ metodoloji və rəqəmsal baxımdan aydınlaşma tələb edir:

“Bir saata düşən ÜDM-in həcmi, ölkədə bir saatlıq əməyin nə qədər dəyər yaratdığını göstərən bir göstəricidir. Yəni saatlıq əmək məhsuldarlığını bildirir, birbaşa əməkhaqqı demək deyil. Əməkhaqqı olaraq 1 saatlıq əməyin dəyəri, adətən aylıq əməkhaqqının aylıq iş saatına bölünməsi ilə hesablanır. Ölkədəki orta aylıq maaşı təqribən 900-1000 manat götürsək, belə olan halda saatlıq əməkhaqqı təqribən 5-6 manat edəcək. Onda təbii olaraq sual yaranır, necə olur ki, iqtisadiyyat 1 saatda 44 manat dəyər yaradır, amma işçiyə 6 manat düşür? Çünki ÜDM-in içində mənfəət, vergilər, amortizasiya, kapital gəlirləri kimi bir çox göstəricilər mövcuddur. Yəni 44 manatın hamısı əməkhaqqı deyil. İllik ÜDM-i ildə ümumi işlənmiş saatlara böldüyümüz zaman 1 saatlıq əməyin iqtisadi məhsuldarlığını əldə etmiş oluruq, bir saatlıq əməkhaqqını deyil”.

Vüsalə Əhmədova

İqtisadçı bildirib ki, Azərbaycan kimi neft ixrac edən ölkələrdə saatlıq əmək məhsuldarlığına ən böyük təsiri məhz enerji sektoru göstərir:

“Hesaba neft hasilatı daxil ediləndə ÜDM ciddi artır, amma sektorda işləyənlərin sayı az olduğu üçün iş saatı bazası çox dəyişmir. Nəticədə bölünən artır, məxrəc isə az dəyişir və göstərici yüksəlir. Neft və qaz sektoru yüksək kapitallıdır, az işçi ilə böyük dəyər yaradır, ixrac qiymətlərindən asılı olaraq ÜDM-i kəskin artırır. Bu da öz növbəsində ümumi orta göstəriciləri yuxarı çəkir. Bu səbəbdən saatlıq ÜDM göstəricisi real sektor əməkhaqqısından yüksək görünür.

Həmçinin, hesaba kölgə iqtisadiyyatı və natamam məşğulluq daxil edilməyəndə, bölünən saatlar azalır və nəticə böyüyür. Doğru olardı ki, ÜDM sabit qiymətlərlə götürülsün, faktiki işlənmiş saatlar istifadə edilsin, alıcılıq qabiliyyəti pariteti tətbiq edilsin. Qısacası, 44 manat rəqəmi riyazi olaraq makro səviyyədə orta iqtisadi məhsuldarlıqdır, amma bütün iqtisadiyyatın real əmək gəlirini əks etdirmir”.

Qeyd edək ki, ümumilikdə, qonşu və Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə əmək məhsuldarlığı belədir: Rusiya – 43,2 dollar, Qazaxıstan – 41,5 dollar, Türkiyə – 40,9 dollar, Gürcüstan – 29,5 dollar, Türkmənistan – 27,9 dollar, Ermənistan – 26 dollar, İran – 23,6 dollar, Özbəkistan – 13,7 dollar, Qırğızıstan – 10 dollar.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr