AZ

Dünya üçün Azərbaycan modeli

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA[email protected]

Bu həftə Xocalı soyqırımının növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş ərazilərə səfər etdi. Dövlət başçısı Xocavənd və Xocalı rayonlarında olub, sakinlərlə görüşüb, bərpa-quruculuq işləri ilə yerindəcə tanış olub. Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib.

Prezidentin baş çəkdiyi Xocavənd rayonunun eyniadlı kəndi - Xocavənd kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada hazırda bərpa işləri davam etdirilir. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb, infrastruktur qurulub.

Dövlət başçısı Xocavənd şəhərində görülmüş işlərlə də tanış olublar. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.

Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verilib. Şəhərdə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Prezident Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşdə bildirib ki, köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır: "Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq".

Dövlət başçısı bildirib ki, son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb: "İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir".

Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.

Dövlət başçısı, həmçinin Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olub. Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri var.

Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.

Xanabadda bir sıra sosial layihələr icra olunub, müvafiq infrastruktur qurulub.

Azad olunmuş ərazilərin hər birində bərpa-quruculuq işləri yüksək səviyyədə, keyfiyyət təmin edilməklə aparılır. Bütün bunlar uzun illər ağır şəraitdə köçkünlük həyatı yaşayan insanlarımızın öz doğma yurdlarında rahat yaşamalarına hesablanıb.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan dövləti beş il əvvəl İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə əldə etdi. Ondan sonra həyata keçirilən bir günlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünmüzü və suverenliyimizi tam bərpa etdik: "İlk günlərdən başlayaraq da 30 il ərzində işğalda qalan və faktiki olaraq xarabalığa çevrilən ərazilərimizi yenidən dirçəltməyə başladıq. Çox böyük infrastruktur layihələri həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Böyük Qayıdış konsepsiyası işlənib hazırlanıb ki, artıq o çərçivədə təxminən 50 min soydaşımız öz doğma yurduna qayıdıb. Bu proses davam edir. Əlbəttə ki, qayıdışı ləngidən amillər də var. İlk növbədə söhbət ondan gedir ki, işğal müddətində ərazilərimiz tam dağıdılıb və indi həmin ərazilər sıfırdan qurulur, yol infrastrukturu və digər layihələr həyata keçirilir. Əsas maneələrdən biri də ərazilərin minalarla kütləvi şəkildə çirkləndirlməsidir. Orada təxminən 1 milyondan artıq mina basdırılıb. Bu da təbii ki, bərpa işlərinə müəyyən çətinliklər yaradır. Amma beş il ərzində çox böyük işlər görülüb. Azərbaycan Prezidenti mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edir. Hər səfər zamanı da yeni layihələrin gerçəkləşməsinə şahidlik edirik. Sözün həqiqi mənasında çox nəhəng işlər görülüb. Azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı inşa edilib, yollar çəkilir".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ərəfəsində növbəti dəfə Xocalı və Xocavənd rayonlarına səfər etdi, görülmüş işlərlə yerində tanış oldu, görüləcək işlərlə bağlı tapşırıqlarını verdi: "Biz 34 il bundan əvvəl çox böyük bir faciə yaşadıq, bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı həyata keçirilən bir soyqırım, müharibə cinayəti, misli görünməmiş vəhşilik, vandal aktı idi. İşğal müddətində minlərlə insanımız qətlə yetirildi, amansız işgəncələrə məruz qaldırlar. Bu günlərdə Bakıda başa çatan məhkəmə prosesində həmin faciələri yaşamağımıza səbəb olan cinayətkarların bir qisminə hökm oxundu. Bu, əslində Azərbaycana qarşı cinayətlərdə əli olmuş şəxslərin hər birinin məhkəməsi idi. Bu, Ermənistanın işğalçılıq siyasətinə üzərində qurulmuş məhkəmə idi ki, biz ədalətin yenidən bərpa olunması prosesinə şahidlik etdi. Bəzi cinayətkarlar - sarkisyanlar köçəryanlar, ohanyanlar hələ də mühakimədən kənarda qalıblar, amma bundan sonrakı fəaliyyətimizi ona istiqamətləndirməliyik ki, bu cinayətkarlar da Azərbaycan qanunvericiliyi qarşısında dayansınlar, əməllərinə görə cavab versinlər. Bəşəriyyətə qarşı həyata keçirilmiş bu vandalizm aktında əli olan hər kəs layiqincə cəzalandırılsın.

İstənilən halda, bu gün biz fərqli bir durumdayıq, Xocalıda bu gün Azərbaycan bayrağı dalğalanır. Orada görülən işlər, eləcə də azad olunmuş digər ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirir, xalqımızın yenilməzliyini göstərir. Bu mənada təbii ki, qürurluyuq, proseslər davam edəcək və biz ərazilərimizdə bərpa işlərini tam olaraq həyata keçirəcəyik. İnsanlarımızın geri qayıdıb tam məskunlaşmasını da həll etmiş olacağıq".

A.Əlizadə hesab edir ki, Azərbaycan təkcə ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, eyni zamanda, separatçılıqdan terroçuluqdan qurtulmağın Azərbaycan modelini ortaya qoydu: "Necə ki, İkinci Qarabağ müharibəsində bir hərbi performans göstərdik, son nəsil silahlardan istifadə etməklə, torpaqlarımızı qısa müddət ərzində azad etdik, bərpa-quruculuq işlərində də bir nümunə ortaya qoymuş olduq. Bundan sonra görüləcək işlər, davamlı quruculuq prosesi təbii ki, bütün dünyaya Azərbaycan nümunəsi olaraq təqdim olunacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr