AZ

Mənim dalağımın sancısı PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sancı çoxdan, xeyli əvvəl baş vermişdi. O vaxt ki, cəmiyyətdə oturuşmuş “müəllim” sözü “təhsil verən”lə əvəzləndi. Hətta əvvəl-əvvəl müxtəlif şəxslərin dilindən hallandırılan yeni ifadə qanuna – Təhsil Qanununa da salınanda “dalağımın sancısı” mənə diktə edirdi ki, hələ bu harasıdır. Sonra bir az da irəli getdilər. Ciddi-ciddi təklif irəli sürüldü ki, alimə “alim” yox, “məqalə yazan” deyək. Özü də təklif aşağıdan – mətbuatdan, filandan yox, birbaşa nazirin dilindən səslənirdi.

Barmağımı dişlədim, dedim, bəlkə dalaq sancısı məni aldadır. Ağrını hiss etsəm də, yenə şübhələrimə şübhə ilə yanaşırdım. Hələ ürəyimə dammağı da qulaqardına vururdum.

Yanılmışam deyim, yanılmamışam deyim – bilmirəm. Ürəyimə dammaq, barmaq dişləmək, dalaq sancmaq hamısı əbəs deyilmiş.

Aşağılanan, linç edilən müəllimdən sonra növbə alimlərə çatdı. Ömründə bir monoqrafiya yox, bir elmi məqalə oxumayanlar, heç bir mənəvi haqq etməyənlər alimləri məsxərəyə qoyur, qeyri-etik şəkildə elm adamlarını nalayiq ifadələrlə təhqir edirlər.

Bədbəxtcəsinə axına qoşulan qaragüruh alimlər haqqında ağına-bozuna baxmadan yersiz ifadələr işlədir.

Bilirəm, əksəriyyətin hövsələsi fikrimi çatdırmaq istədiyim yazını sona qədər oxumağa çatmır. Odur ki, mümkün qədər qısa yazıram.

“Azərbaycan mülki aviasiyası tarixinə dair” elmi məqaləni yazmaq üçün gördüyüm və görəcəyim işlərin siyahısı:

1. Məqalə konkret bir bölgənin aviasiya tarixindən bəhs edir. Aeroportun yerini tapmaq (aeroport ləğv edilib, indi yerində başqa təyinatlı obyektlər var).

2. Kameral baxış keçirmək. Xüsusi mülkiyyətdə olan 7–8 obyekt üzrə sahibkarlardan baxış üçün icazə almaq, ərazinin şəkillərini çəkmək üçün razılıq əldə etmək.

3. Bölgə arxivinə müraciət ünvanlamaq.

4. Arxivdə axtarış aparmaq üçün icazə verildiyi təqdirdə ödəniş etmək.

5. Mərkəzi arxivlərə sorğu göndərmək.

6. Moskvada qəbul edilmiş qərarların surətini əldə etmək.

7. Həmin dövr üçün respublika mətbuatında dərc olunmuş yazılarla tanış olmaq (Milli Kitabxanada).

8. Aeroport ərazisinin əvvəl sərəncamında olduğu kənd təsərrüfatı təşkilatının arxiv sənədlərinə baxış keçirmək.

9. Hazırkı mülkiyyətçilərin ərazini bələdiyyələrdən aldığına dair torpaq mülkiyyəti aktlarını tapmaq və qeydlər götürmək.

10. Zabrat Mülki Aviasiya İdarəsinin arxiv sənədlərinə çıxış əldə etmək (ödənişlidir).

11. Yerli əhəmiyyətli aviasiyadan istifadə olunmaqla poçt xidməti göstərildiyini nəzərə alıb, Mərkəzi Poçtun müvafiq sənədlərinə çıxış imkanı əldə etmək.

12. Keçmiş Aqrokimya Birliyinin kənd təsərrüfatı bitkilərinin ziyanvericilərlə mübarizəsinə dair qeydə alınmış məlumatlardan qeydlər götürmək.

13. AN-2 və YAK təyyarələrinin texniki xüsusiyyətlərinə dair məlumat toplamaq.

14. Nəhayət, mövzuya dair mövcud ədəbiyyatlarla tanış olmaq.

Bütün bunlardan sonra masa arxasına əyləşib məqaləni yazmaq. Bu da hələ son deyil. Məqaləni sanballı indeksasiyaya malik elmi jurnalda nəşr etdirmək (ödənişlidir).

8–10 səhifəlik elmi məqalənin ərsəyə gəlməsi üçün bir tarixçi olaraq sadalanan prosedur və mərhələlərin hamısından keçməyin zəruri olduğunu dərk etdiyimdən işimə bacardıqca məsuliyyətlə yanaşmalıyam.

Onu da xatırladım ki, çörəyim müəllimlikdən çıxır. Yəni gündəlik iş həyatımın özəllikləri də öz yerindədir. Bundan başqa, mənim də hamı kimi məişət qayğılarım, xeyir-şər əlaqələrim var. Üstəlik, müxtəlif ictimai tədbirlərdə iştirakım da vacibdir.

Belə deyək ki, ömrümün enerjili çağlarıdır. Yəni hələ təqaüd yaşıma çatmaq üçün on ilə yaxın vaxtım var (əgər ömür vəfa etsə). Belə sıx qrafiklə mən də hansısa inzibati tədbirdə, iclasda diqqət yayınıqlığına uğraya bilərəm. Demək, məntiqlə linç olunmalıyam?

Hörmətli həmvətənlər! O yaşlı alimləri qınayarkən unutduğunuz bir məqamı diqqətə almağınızı rica edirəm. Alim müasir dünyanın sivil coğrafiyasında sərbəst iş saatına malikdir. Ən azından əsasən. Bu o deməkdir ki, tədqiqatçı gününü arxivlərdə, laboratoriyalarda, çöl praktik materiallarının toplanmasında, müvafiq ədəbiyyatların mütaliəsində keçirir. Gecələrini də lampa işığında əldə etdiyi qənaətləri sistemləşdirərək yazıya köçürməklə məşğul olur.

Yuxarıda mən həcmcə kiçik bir məqalənin ərsəyə gəlməsi mərhələlərini qeyd etdim. Təxminən iki aylıq zaman çərçivəsində əldə edilən materiallardır. İndi siz deyin: bəs fundamental, əhatəli bir monoqrafiya üçün nə qədər vaxt və enerji lazım olar?

İllərini elm yolunda fəda edən o yaşlı insanları qınaq obyektinə çevirmək sizcə ədalətlidirmi?

Yeri gəlmişkən, ehtiyat etdiyim bir incəliyi də xatırladım. “Dalağımın sancması”, “barmağımı dişləmək”, “ürəyimə dammaq” dilimizin frazeoloji məfhumlarıdır. Lütfən, başqa cür yozmayasınız.

Bildiyim qədər alimlərin hədəfə alınması heç də təsadüfdən qaynaqlanmır. Müəllimi “təhsil verən”, alimi “məqalə yazan” edənlərin xüsusi sərinkeşlərlə havalandırdığı küləklər dəyərləri süpürüb atmaq üçündür.

Pərviz Yəhyalı 

 https://www.gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr