AZ

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

Ermənistanda gözlənilən parlament seçkiləri və konstitusiya referendumu təkcə ölkənin daxili siyasi kursunu deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini müəyyən edən həlledici mərhələdir. Bu proseslər Azərbaycanla davam edən sülh danışıqlarının hüquqi və siyasi legitimliyi baxımından ciddi sınaq kimi qiymətləndirilir. Rəsmi Bakı Ermənistanın daxili siyasi mənzərəsi ilə bağlı iki əsas suala cavab tələb edir: Ermənistan cəmiyyəti konstitusiyasında yer alan ərazi iddialarından imtina edərək sülhə üstünlük verəcəkmi və hazırkı hakimiyyət radikal-revanşist qüvvələrin təzyiqi qarşısında sülh iradəsini qoruyub saxlaya biləcəkmi? 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın siyasi gündəmində yer alan bu iki hadisə sülh müqaviləsinin imzalanması prosesində həm katalizator, həm də ciddi maneə rolunu oynaya bilər: "Azərbaycanın ən prinsipial tələbi Ermənistanın konstitusiyasında və Müstəqillik Bəyannaməsində yer alan ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş müddəaların çıxarılmasıdır. Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi maneədir. Deməli, Ermənistan konstitusiyası redaktə olunmayana, Müstəqillik Bəyannaməsinə istinad əsas qanundan çıxarılmayana qədər İrəvanın Azərbaycana qarşı ərazi iddialarının olmaması barədə danışmaq mümkün deyil. Referendum bu problemin yeganə hüquqi həlli yoludur. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın Əsas qanununun dəyişməsi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyada öz əksini tapıb. Həmçinin qeyd olunub ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər".

K.Bayramov qeyd edib ki, referendumun müsbət nəticələnməsi sülh müqaviləsinin konstitusion baxımdan toxunulmazlığını təmin edəcək. Bu isə gələcəkdə hər hansı hakimiyyət dəyişikliyi zamanı sülh sənədinin ləğvi riskini minimuma endirəcək. Əgər Ermənistan cəmiyyəti həmin dəyişikliklərə "yox" deyərsə, bu, sülh prosesinin iflasa uğraması və bölgədə yeni hərbi gərginlik dalğasının yaranması anlamına gələ bilər. "Hazırkı hakimiyyətin seçkilərdə qələbə qazanması isə ictimaiyyətin Azərbaycanla delimitasiya və demarkasiya prosesinə, eləcə də kommunikasiyaların açılmasına siyasi dəstəyinin göstəricisi kimi qiymətləndiriləcək. Qeyd etmək lazımdır ki, Koçaryan- Sarkisyan cütlüyünə bağlı revanşistlər, eləcə də kilsənin siyasi ambisiya nümayəndələri seçki prosesini "milli ləyaqət mübarizəsi" kimi təqdim edərək sülh gündəmini pozmağa çalışa bilərlər. Onların hakimiyyətə gəlmələri və ya parlamentdə güclü blok formalaşdırmaları sülh sazişinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə sala bilər", - deyə deputat  bildirib. 

Deputat vurğulayıb ki, Ermənistan qarşıdan gələn parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına müraciət edib. Ermənistanın Aİ-dən hibrid müdafiə dəstəyi istəməsi, əslində, seçkilərdən və referendumdan "sülh mandatı" ilə çıxmaq üçün atılan qabaqlayıcı addımıdır. İrəvan daxili siyasi proseslərini Moskvanın hibrid müdaxilələrindən qorumaqla, Azərbaycanla imzalanacaq gələcək sülh sənədinin hüquqi və siyasi legitimliyini təminat altına almağa çalışır. Bu proseslərin uğurla nəticələnməsi Cənubi Qafqazın onilliklərdir davam edən gərginlikdən qurtularaq iqtisadi əməkdaşlıq və sabitlik məkanına çevrilməsi üçün yeganə real çıxış yolu kimi qiymətləndirilir. 

K.Bayramov əlavə edib ki, Ermənistanda qarşıdan gələn seçki və referendum marafonu regionun "qanlı keçmişi" ilə "sabit gələcəyi" arasında həlledici seçimə çevriləcək. Bu ölkədə daxili sabitliyin və sülh iradəsinin üstünlük qazanması bölgədə onilliklərdir davam edən düşmənçiliyin iqtisadi əməkdaşlıqla əvəz olunması üçün yeganə real çıxış yolu hesab olunur.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr