AZ

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

Türk xalqlarının yazısının üçminillik tarixə malik olmasına baxmayaraq, bir neçə dəfə əlifbalarında dəyişiklik olub. Dilimizin yazılı hissəsində yaşanan əsas çətinliklər hərflərin mürəkkəb təsviri və istifadəsi ilə bağlı idi.

Azərbaycan dilində rəsmi üç əlifba sistemi mövcuddur: Azərbaycanda latın, İranda ərəb və Dağıstanda Kiril əlifbaları. 1922-ci ilə qədər Azərbaycanda türk dilləri ailəsinə aid əlavə işarələrlə birgə ərəb yazıları işlədilirdi. Azərbaycan mədəniyyət xadimlərinin qeydlərinə istinadən söyləyə bilərik ki, bu, çox çətin qrafik  sistem təşkil edirdi. Hələ XVI  əsrdə M.Füzuli ərəb dilinin çətinliyi barədə öz fikrini söyləmişdi. Bu çətinliklərə baxmayaraq, Azərbaycanda 1929-cu ilədək ərəb əlifbası latın əlifbası ilə yanaşı işlənib. 

Türkdilli xalqların əksəriyyəti uzun müddət öz əsərlərini fars, ərəb, türk dillərində yazıblar və bu ənənə ədəbi dil üslubunun zənginləşməsinə xidmət edib. Azərbaycan xalqının görkəmli şəxsiyyətləri - Nəsimi, Füzuli üç dildə mükəmməl əsərlər yazıblar. M.Füzulinin ərəb, fars, türk dillərində yazdığı bənzərsiz sənət nümunələri dövrünün ənənələrinə xas olaraq hər üç dili yüksək səviyyədə bilməsinə sübutdur. Onun Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin müxtəlif dillərin qarışığından istifadə etməklə yazdığı şeirlər təsadüfi deyil, tarixi-coğrafi şəraitlə əlaqədardır. VII əsrdən sonra ərəb xilafətinin tərkibinə daxil olan ərazilərdə ərəb dilinin dövlət dili olması bir çox xalqın mədəniyyətini özündə birləşdirən ümummüsəlman mədəniyyətinin yaranmasına səbəb olub, islam bayrağı altında birləşən xalqlar üçün müştərək dünyagörüşünə əsaslanan ortaq ədəbi mövzular, janr formaları təşkil edib.

Azərbaycan türk dilinin yazılışında latın əlifbasının qəbul edilməsi təşəbbüsü ilk dəfə XIX əsrdə yaranıb. Yeni əlifba görkəmli ictimai xadim, yazıçı, maarifçi, şair, filosof, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan dramaturgiyası və ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundzadə (Axundov) tərəfindən tərtib olunub. O, 1857-ci ildə farsca yazdığı ərəb əlifbasının islahat layihəsində ərəb yazılarının çatışmazlıqlarını qeyd edərək həlli yollarını təklif edib. M.F.Axundov 1863-cü ildə öz layihəsinə dəstək almaq məqsədilə İstanbula səfər edib. Bu layihə "Ancuman - Danış" Elmi Cəmiyyəti tərəfindən rədd olunub. Buna cavab olaraq islam əlifbasından tamamilə imtina etməyi, Avropa yazı sistemi üzrə soldan sağa yazmağı təklif edən M.F.Axundov Avropa sisteminə əsaslanan 42 işarəli (32 samit və 10 sait) yeni əlifba tərtib edib. Bu əlifbada görkəmli ədib ərəb əlifbasının bütün hərflərini saxlamış, orada yer almayan saitləri əlifbaya əlavə etmişdi. M.F.Axundov İstanbuldan qayıtdıqdan sonra əlifba haqqında ikinci layihə tərtib edərək Tehrana göndərib. Lakin irticapərəst İran hökuməti başda Nəsrəddin şah olmaqla bu layihəni qəbul etməyib. Əlifba məsələsi ilə bağlı üçüncü layihəni Türkiyə sədrəzəmi Ali paşaya göndərir. M.F.Axundov geniş xalq kütləsinin tez və asan yolla savadlanması üçün köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda ömrünün sonuna qədər mübarizə aparıb, Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışıb, dramatik əsərlərini çox sadə xalq danışıq dilində yazıb. "Əlifba haqqında mənzumə" əsərini yazıb.

XX əsrin əvvəllərində latın əlifbasına keçid barədə bir neçə dəfə məsələ qaldırılıb. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və digər ədiblər ərəb əlifbasından latın əlifbasına keçidin zəruri olduğunu söyləyiblər. Nəhayət, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Maarif Nazirliyinin nəzdində yeni əlifbanın tədqiqi üzrə komissiya yaradılıb. A.Əfəndizadənin təqdim etdiyi nümunələrdən biri təsdiq olunaraq nəşr edilib.

Azərbaycanda bolşevik hökuməti qurulandan sonra Azərbaycan yazısının latın əlifbasına keçməsi yenidən gündəmə gəlib. Uzun müzakirələrdən sonra yeni əlifba 1922-ci ildə təsdiq edilib, 1925-ci ildə isə ərəb əlifbası ilə yanaşı, rəsmi əlifba kimi istifadə olunub.

Latın əlifbasına keçid ölkəmizdə yazının inkişafına öz dəyərli töhfələrini verib. 1924-cü ildə Moskvada Şərqşünaslıq Elmi Cəmiyyəti nəzdində türk yazılarında latın şrifti assosiasiyası yaradılıb və bu qurum ilk Ümumtürk qurultayının keçirilməsinə zəmin yaradıb. Hazırlıq işləri zamanı 1924-cü il avqustun 2-də Azərbaycanda diyarşünaslıq üzrə qurultayın əsasnaməsi qəbul edilib.

Azərbaycanda I Diyarşünaslıq Qurultayı 200 nümayəndənin iştirakı ilə ilk dəfə  1924-cü il 21-24 sentyabrda "Satir - Agit" (indiki Kukla teatrı - Z.H.) teatrının binasında keçirilib. Qurultayda SSRİ MİK-in sədri Nəriman Nərimanov, SSRİ Elmlər Akademiyasının elmi katibi akademik Sergey Oldenburq, Ümumittifaq Şərqşünaslar Assosiasiyası və  RSFSR-in Diyarşünaslıq bürosunun üzvü professor Aleksandr Samoyloviç və digər görkəmli alimlər, respublikanın elm və mədəniyyət xadimləri iştirak ediblər. Qurultayın gündəliyində duran əsas məsələ Azərbaycan-türk dili ləhcələrinin elmi cəhətdən öyrənilməsi, bu dilin türk ləhcələri və akademik Marrın ən yeni yafetik dillər nəzəriyyəsi ilə əlaqəsinin müəyyənləşdirilməsi, Azərbaycan-türk milli xalq ləhcələri lüğətinin tərtib edilməsi idi.

Türk xalqlarının tarixi, etnoqrafiyası, folklorunu öyrənən bölmələri əhatə edən türkoloji yarımseksiyanın yaradıldığı I Diyarşünaslıq Qurultayında Nəriman Nərimanovun məruzəsinin müzakirəsindən sonra türk mədəniyyətinin bir sıra elmi  təcrübə məsələlərinin müzakirəsi məqsədilə Türkoloji Qurultayın çağırılmasının zəruriliyi barədə qətnamə təsdiq edilib.

Diyarşünaslıq qurultayı dörd gün davam edib, plenum və seksiyalarda 30-dan çox məruzə dinlənilib. Qurultayın qərar və tövsiyələrində respublikada diyarşünaslıq sahəsində tədqiqata cəlb olunacaq vacib məsələlərin qoyuluşu çox əhəmiyyətli təkmil formada öz əksini tapıb. Diyarşünaslıq qurultayında həmçinin Azərbaycanda I Ümumittifaq Türkoloji Qurultayın keçirilməsi qərara alınıb. "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin əməkdaşları qurultayın keçirilməsi üçün hazırlıqlara başlayıb.

Beləliklə, qurultay diyarşünaslığın inkişafına böyük təkan verib, Azərbaycanın tədqiqi və öyrənilməsi dərnəkləri, cəmiyyətin populyarlaşdırılması barədə əsasnamə qəbul edilib. Əsasnamədə qeyd edildiyi kimi, Azərbaycanı tədqiq edən dərnəklərin əsas vəzifəsi əhali arasında milli diyarşünaslığın müxtəlif sahələri üzrə kadrların hazırlanması kimi əhəmiyyətli məsələləri həll etmək olub.

Respublikanın Xalq Maarif Komissarlığı hökumətinin qərarına əsasən,  "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin əməkdaşları (Səməd Ağa Ağamalıoğlu, Ruhulla Axundov, R.Cəbiyev, professorlar Bəkir Çobanzadə,  N.İ.Aşmarin, V.Xuluflu və başqaları) Əlifba Komissiyası, ali təhsil müəssisələri və ictimai təşkilatlarla birgə fəaliyyətə başlayıblar. Mövcud fəaliyyəti dövründə cəmiyyət çox işlər görmüş, xeyli inkişaf etmiş, üzvlərinin sayı B.V.Çobanzadə, X.Məmmədov, A.O.Musaxanlı, V.Əşim, İ.Hikmət, H.Seyidbəyli, Ə.Hüseynzadə, S.Nəşirvanova, A.Vəlixanlı, Ağamirzə Axundzadə, Ə.Yazidji, Əli Nazim Məmmədzadə, C.Sadıxov, H.Verdiyev və digərlərinin hesabına  artmışdır. Adları sadalanan görkəmli alimlər cəmiyyətə üzv olduqdan sonra bölmənin işi xeyli genişlənmişdir. Qurultaya hazırlıq Səməd ağa Ağamalıoğlunun rəhbərliyi altında 9 nəfərdən ibarət  cəmiyyətin Mərkəzi Şurasının təşkilat komissiyası tərəfindən həyata keçirilmişdir.

"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin təşəbbüsü ilə Bakı şəhərində yerləşən Türk mədəniyyəti sarayında (İsmailiyyə binası) 1926-cı il fevralın 16-dan martın 6-na qədər I Ümumittifaq Türkoloji Qurultay keçirildi. Keçmiş Sovet İttifaqının bütün türkdilli xalqlarının 131 nəfərlik alim heyəti, SSRİ Elmlər Akademiyasının mütəxəssisləri, Ukrayna Akademiyasının Şərqşünaslıq Elmi Assosiasiyası, Qafqaz Şərqşünaslıq Assosiasiyası və xarici ölkələrdən gəlmiş 30 nəfər alimlər arasında Türkiyə və Almaniyadan iki professor, Macarıstan, Avstriya və İrandan gəlmiş nümayəndələr qurultayda iştirak etmişlər. Qurultay Azərbaycan SSRİ MİK-in və XKŞ-nin sədri  Q.Musabəyovun sədrliyi ilə işə başlamışdır. "Türk xalqları tarixinin öyrənilməsinin müasir durumu və uyğun tapşırıqları" (Vasiliy Bartold), "Türk xalqları arasında diyarşünaslıq işinin metodları" (Sergey Oldenburq), "Türk dillərinin öyrənilməsində müasir vəziyyət və uyğun vəzifələr" (Aleksandr Samoylov), "Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsinin uyğun vəzifələri" (Q.F.Çursin), "Türkologiyanın keçmişi və indiki durumu haqqında" (N.N.Aşmarin), "Türk dillərində elmi terminologiya sistemi barədə" (Hənəfi Zeynallı), "Türk dillərinin yafetidoloji dillərlə münasibətləri barədə" (A.N.Genko), "Türk danışıqlarının doğmalığı barədə" (Bəkir Çobanzadə), "Türk dilində doğru yazı" (F.Ağazadə), "Orfoqrafiya haqqında" və "Texniki baxımdan əlifba sistemi barədə" (C.Məmmədzadə), "Türk xalqlarının təsviri sənəti barədə" (A.A.Miller), "Orfoqrafiya barədə" (A.B.Baytursun), "Türk-tatar xalqlarının ədəbi inkişafı" (Qaziz Qubaydullin), "Türk xalqlarında ədəbi dilin inkişafı" (Mehmet Fuad Köprüllüzadə) mövzularında çıxışlar olmuşdur.

Ölkənin bütövlükdə türkdilli xalqları üçün latın əlifbasının əsasında vahid yazının ərsəyə gətirilməsi, türk xalqlarının mədəni inkişafında prinsipial məsələlərin müzakirəsi zamanı müxtəlif baxışların kəskin polemikası aparılan qurultayda ərəb əlifbasından latın əlifbasına keçid, türk xalqlarının tarixi-etnoqrafik və linqvistik problemlərinin həlli və keçmiş SSRİ ərazisində yaşayan bütün türkdilli xalqların mədəni inkişaf perspektivləri müəyyən edilmişdir. 

Bir müddət sonra 1933-cü ildə bəzi hərflərin qrafikası və fonetik əhəmiyyətini fərqləndirən yeni əlifba yarandı. Azərbaycan latın əlifbası 1938-ci ildə digər dəyişikliyə məruz qaldı, nəticədə "N, n" hərfi ləğv edildi. Nəhayət, türkdilli xalqları öz soykökündən uzaqlaşdırmaq məqsədi güdən Sovetlər Birliyinin siyasəti nəticəsində 1939-cu ilin may ayında Azərbaycan-türk əlifbasının Kiril əlifbasına keçirilməsi barədə qərar qəbul edildi. 1939-cu il noyabrın 15-də Kiril əlifbası rəsmi olaraq təsdiq olundu. Azərbaycan SSR XKS komissiyasının nəzdində yaradılan əlifba 1940-cı il yanvarın 1-də  qüvvəyə mindi.

Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayının tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latın qrafikalı əlifbanı qəbul etmişdi. Bu o qədər asan həll edilə biləcək məsələ olmadığı üçün çox böyük elmi diskussiyaların məntiqi sonluğu kimi kütləvi savadlanmaya, bütün türk xalqları arasında elmi, mədəni əlaqələrin daha intensiv inkişafına təkan verəcək bir addım olmalı idi. Beləliklə, Türkoloji qurultay ümumilikdə türk xalqları tarixinin araşdırılması sahəsində ilk ən mühüm və qlobal hadisə oldu. Qurultay daha öncə keçirilmiş Şərqşünaslıq qurultayından və onun kimi digər konqreslərdən fərqli olaraq bir sıra özəllikləri ilə seçilirdi:

* Türkoloji qurultay şərqşünaslara yeni imkanlar yaratdı, elmi tədqiqatların səviyyəsini yüksəltdi, daha dinamik iş rejimi imkanı verdi;

* Türk alimləri, müəllimləri bu sahədə ilk dəfə Avropa, Rusiya və digər dövlətlərin elmi ictimaiyyəti ilə praktiki, nəzəri problemləri birgə müzakirə etmək imkanı əldə etdilər;

* Qurultayın gündəliyində əlifba, terminologiya, ədəbi dil, çoxsaylı türk-tatar xalqları arasında mədəni əlaqələrin əməli və ictimai məsələlər səviyyəsində inkişafı araşdırılırdı;

* Qurultay Avropa və Şərq alimlərinin dostluq, yoldaşlıq şəraitində əməkdaşlığın ilk bariz təzahür forması idi. Bakıda keçirilən qurultay müxtəlif sahələrdə aparılan tədqiqatlarla elmi yanaşmanın təkmilləşməsinə səbəb oldu.

Sonradan sovet birliyinin iyerarxiyası türk xalqlarının birləşərək güclü real qüvvəyə çevrilməsindən ehtiyatlandıqlarını və "siyasi səhv"ə yol verdiklərini anlayaraq Azərbaycan və digər türk xalqlarının iradəsinə zidd, mərkəzin təzyiqi ilə 1939-cu ildə Kiril əlifbasına keçidi reallaşdırdılar. Bu qərar türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, bir-birindən uzaq salaraq yadlaşdırmaq, onların birləşərək təhlükəli (özləri üçün) bir qüvvəyə çevrilməsinin qarşısını almaqdan ibarət idi.

XX əsrin 30-cu illərində 100-dən çox qurultay iştirakçısı pantürkizm, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırılaraq repressiyalara məruz qaldı. Onların arasında Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə, Osman Ağçöhrəli, Əhməd Bəytursınov, Salman Mümtaz, Ruhulla Axundov, İsidor Baraxov, Hənəfi Zeynallı, Ayna Sultanova, Həmid Sultanov və digərləri var idi. 

Ulu Öndər Heydər Əliyevin 2 avqust 2001-ci ildə imzaladığı fərmanla Azərbaycan Dili və Əlifbası Günü təsis edildi. Bu da Azərbaycan xalqının mütəfəkkiri Mirzə Fətəli Axundzadənin arzularının, xəyallarının gerçəkləşməsi idi. Bəli, yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra latın əlifbası bərpa edildi. 1992-ci ildən həyata keçirilən latın əlifbasına keçid 2001-ci ildə yekunlaşdı.

Ötən il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam diqqəti cəlb edən mühüm tarixi hadisə və türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoydu.

Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Görüşdə dövlət başçısı İlham Əliyev öz çıxışında türk xalqlarının ortaq tarixi, etnik köklərimiz, dilimizin bizi bir ailə kimi birləşdirdiyini açıqlayıb, 100 il əvvəl 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıb və Türk Dövlətləri Təşkilatı çərçivəsində qurultayın 100 illik yubileyinin keçirilməsini təklif edib. Zirvə görüşünün qəbul ediləcək qərarlarla birgə Türk Dövlətləri Təşkilatının mövqeyinin yüksəlməsinə, güclənməsinə, türk xalqlarının rifahı və təhlükəsizliyinə töhfə verəcəyi vurğulanıb.

Zemfira HACIYEVA,

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, professor

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr