AZ

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

Qarabağ və Şərqi Zəngəzur bu gün yalnız bərpaolunan torpaqlar deyil, həm də yenidən doğulan iqtisadi məkanlardır. Uzun illər dağıntılara məruz qalmış bu ərazilər indi böyük quruculuq meydanıdır. Müasir yollar, hava limanları, yaşayış kompleksləri ilə yanaşı, regionun gələcəyini müəyyənləşdirən əsas dayaqlardan biri də sənaye parklarıdır.

Dövlətin məqsədi aydındır: Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın ən dinamik və innovativ iqtisadi bölgələrindən birinə çevirmək. Məhz bu baxımdan Ağdam Sənaye Parkı və  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı kimi layihələr xüsusi əhəmiyyət daşıyır. Bu sənaye zonaları yeni iş yerləri, yeni imkanlar və yeni həyat deməkdir. İndi azad edilmiş ərazilərdə ucalan hər zavod binası, quraşdırılan hər istehsal xətti bir mesaj verir: bölgə artıq iqtisadi dirçəliş mərhələsinə qədəm qoyub. Sənaye parkları sahibkarlığın inkişafına təkan verir, investisiyaları cəlb edir və neftdənkənar sahənin güclənməsini sürətləndirir. Ən əsası isə onlar öz doğma yurduna qayıdan insanlar üçün sabit gəlir əldə edir və uzunmüddətli perspektivə yol açır. Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının yaradılması təkcə iqtisadi layihə deyil, böyük qayıdışın və davamlı inkişafın rəmzidir. Regionun gələcəyi məhz bu istehsal və innovasiya mərkəzlərində formalaşır.

Sözdən əmələ keçidin ən parlaq nümunəsi isə məhz azad edilmiş ərazilərdə qurulan sənaye parklarında özünü göstərir. Qısa zaman kəsiyində Ağdam Sənaye Parkı regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilməyi bacarıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib: "Bu gün parkın ərazisində 32 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir. Buraya yatırılan investisiyaların həcmi 145,8 milyon manata çatır, yaradılan daimi iş yerlərinin sayı isə 1000-ə yaxınlaşır. Rezidentlərin sayına görə Ağdam Sənaye Parkı artıq ölkədə ikinci pillədə qərarlaşıb. Qeyd olunan faktlar onun artan nüfuzunun və iqtisadi çəkisinin bariz ifadəsidir".

Bu rəqəmlər sadəcə statistika deyil, Qarabağın iqtisadi dirçəliş salnaməsinin ilk parlaq səhifələridir. Burada fəaliyyətə başlayan müəssisələr tikinti materiallarından qida sənayesinə, emal və istehsal sahələrindən logistika xidmətlərinə qədər müxtəlif istiqamətləri əhatə edir. Bu isə o deməkdir ki, park təkcə ayrı-ayrı müəssisələrin deyil, bütövlükdə regionun iqtisadi ekosisteminin formalaşmasına xidmət göstərir. Ağdam Sənaye Parkında qurulan hər yeni istehsal sahəsi yerli resursların dövriyyəyə cəlb olunmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə əlavə imkanlar yaradır. Sənaye zonasında istehsal olunan məhsullar artıq daxili bazarla yanaşı, ixrac potensialı baxımından da perspektiv vəd edir. Seymur Adıgözəlov sənaye parkının investisiya cəlbediciliyinin artdığını və istehsal potensialının genişləndiyini də qeyd edib: "Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub". 

İZİA sədrinin  söylədiklərinə əsaslanaraq deyə bilərik ki, Ağdam Sənaye Parkı bu gün Qarabağın yeni iqtisadi simasının formalaşdığı strateji platformadır. Burada görülən işlər regionun uzunmüddətli inkişaf hədəflərinə doğru inamlı addımlarla  irəlilədiyinin göstəricisidir. Ən önəmlisi isə sənaye parkının fəaliyyəti Böyük qayıdış prosesinə real iqtisadi zəmin formalaşdırır, insanlar üçün yalnız yaşayış deyil, dayanıqlı məşğulluq və sabit gəlir imkanı yaradır.

Bu baxımdan, Cəbrayıl rayonunda yaradılan  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı regionun iqtisadi inkişaf xəritəsində xüsusi yer tutur.  Parkın əsas məqsədi Şərqi Zəngəzurun potensialını reallaşdırmaq, investisiyaları cəlb etmək və qeyri-neft sektorunu gücləndirməkdir. Parkda müxtəlif sahələr üzrə müəssisələr üçün əlverişli infrastruktur təmin olunub, eləcə də rezidentlərlə bağlı vergi və logistika güzəştləri yaradılıb. Sənaye parkı bölgədə iş imkanlarının artması, kiçik və orta sahibkarlığın genişlənməsi və yerli resursların dövriyyəyə cəlb olunması üçün şərait yaradır. Burada formalaşan sənaye mühiti həm daxili bazarın tələbatını ödəyir, həm də ixrac imkanlarını artırır. Bütün bu imkanlar nəticəsində  "Araz Vadisi İqtisadi Zonası"  Sənaye Parkında artıq 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib, 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb.

Göründüyü kimi, Ağdam və Cəbrayılda yaradılan sənaye parkları regionun iqtisadi simasını yenidən formalaşdırır, investisiya mühitini zənginləşdirir və  neftdənkənar sahənin inkişafına güclü təkan verir. Sənaye parkları yalnız müəssisələrin fəaliyyət göstərdiyi məkanlar deyil. Onlar həm də insanların sabit gəlir əldə edə biləcəyi, uzunmüddətli perspektivlərini quracağı yerlərdir, həmçinin  Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin canlı göstəricisidir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
1
azerbaijan-news.az

1Mənbələr