AZ

Premyer Liqada kritik tur

ain.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasında bu gün XXII tura start veriləcək. Açılış oyunu “Kəpəz” ilə “Sumqayıt” arasında olacaq. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Zirə” və “Araz-Naxçıvan” Mərdəkanda üz-üzə gələcək. Autsayder “Karvan-Yevlax” “Qəbələ”nin qonağı olacaq. “Neftçi”nin bu turdakı rəqibi “Şamaxı” olacaq. “Turan Tovuz” “İmişli”ni qəbul edəcək. Turun mərkəzi görüşündə lider “Sabah” ən yaxın izləyicisi “Qarabağ”la qarşılaşacaq.

27 fevral / 14:30 Kəpəz – Sumqayıt

Son 4 oyunda qələbə qazana bilməyən “Kəpəz” uğursuz seriyanı sonlandırmaq arzusundadır. Bu tur liqada qalmaq uğrunda əsas rəqiblər “Qəbələ” və “Karvan-Yevlax” üz-üzə gələcək. Gəncə təmsilçisi rəqiblərinin duelini fürsət bilib, xallarını artırmaq, autsayderlər bölgəsindən aralaşmaq niyyətindədir. Ötən tur “Sabah” səfərində yaxşı futbol sərgiləyən “Kəpəz”in Yevlaxda xal qazanmaq şansları yüksəkdir. Azı heç-heçə komanda üçün qənaətbəxş sayılacaq.

“Sumqayıt” da gəncəlilər kimi son turlarda qələbə qazana bilmir. Ardıcıl xal itkiləri ilə avrokubok zonasından uzaqlaşan “kimyaçılar” qələbə qazanaraq, təslim olmadığını göstərmək arzusundadır. “Zirə” və “Araz-Naxçıvan”ın bu tur üz-üzə gəlməsi “Sumqayıt” üçün irəliləmək adına yaxşı imkandır.

27 fevral / 18:00 Araz-Naxçıvan – Zirə

Andrey Demçenkonun rəhbərlik etdiyi “Araz-Naxçıvan” son iki oyunu qələbə ilə başa vurub. Komandada atmosfer yaxşı yüksəkdir və niyyət seriyanı davam etdirməkdir. Ukraynalı mütəxəssis gəlişindən sonrakı ilk ciddi sınağında “Neftçi”yə böyük hesabla (0:4) uduzmuşdu. Demçenko bu dəfə daha bir çətin sınaq qarşısındadır. Avrokuboklara iddiaçılardan “Zirə”ni məğlub etmək mütəxəssisin adına yazılan pozitiv məqam olacaq və eyni zamanda naxçıvanlılar “üçlük” yarışından qopmayacaq.

“Zirə” isə ötən turda “Turan Tovuz”a uduzmaqla 4-cü sıraya gerilədi. Rəşad Sadıqovun yetirmələri bu görüşün ikinci hissəsində toparlanmağa çalışsa da, qollar vurmaq alınmadı. “Araz-Naxçıvan” səfərində də xallar itirilsə, komanda üçün medal şansları azalacaq.

28 fevral / 14:30 Şamaxı – Neftçi

Ötən turu “Qarabağ”ın Çempionlar Liqasındakı matçına görə boş keçirən “Neftçi” Şamaxıda qonaq olacaq. Yuri Vernidubun komandası son oyunlarda sərgilədiyi performansla avrokuboklar zonasına yaxınlaşıb. “Şamaxı” səfərində qazanılacaq qələbə iddianı daha gücləndirəcək.

İki həftə öncəyədək yaxşı ritmdə olduğu görünən “Neftçi”nin aradakı fasilədən sonra hansı tonusda olduğu maraqlıdır. “Şamaxı” azarkeşləri önündə daha yaxşı təsir bağışlayır. Son dörd matçda cəmi bir dəfə uduzan “şirlər” məğlubiyyətsizlik seriyasını davam etdirməyi planlaşdırır.

28 fevral / 17:00 Qəbələ – Karvan-Yevlax

Autsayder “Karvan-Yevlax” üçün həlledici görüş olacaq. Turnir cədvəlinin 10-cu sırasında yer alan “Qəbələ”yə məğlubiyyət komandanın liqada qalmaq şanslarını minimuma endirəcək. Bu gün “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq və qələbə qazanacağı halda, yevlaxlılarla fərqi 10-a yüksəldəcək. “Karvan-Yevlax” belə ssenari olacağı halda, matçda daha təzyiq altında olacaq. Bu, komandada neqativ təsirlər yarada bilər və hansısa tələskənlik, həyəcan komandaya baha başa gələ bilər.

“Qəbələ” isə “Turan Tovuz”la təxirə salınmış oyunu çıxmaqla digər matçlarda yaxşı təsir bağışlayıb. İkinci dövrədə qazanılan xallarla ehtiyatını gücləndirən “qırmızı-qaralar” autsayderi məğlub edəcəyi halda, liqada qalmaq yolunda böyük və önəmli addım atmış olacaq.

1 mart / 16:30 Turan Tovuz – İmişli

Ardıcıl qələbələrlə “üçlüy”ə daxil olan və 4-cü pillədəki “Zirə” ilə xal fərqini 5-ə yüksəldən “Turan Tovuz” indiki məqamda mükafatçılar sırasında olmağa əsas namizəddir. Tovuz təmsilçisinin hədəfi avrokuboklara vəsiqədir və bu andan sonra yeri itirmək komanda üçün faciəvi hesab edilə bilər. 4-cü pillədəki “Zirə” bu turda “Araz-Naxçıvan”ın qonağı olacaq və matç “Turan Tovuz”unkundan daha erkən baş tutacaq. “Qartallar”ın məğlubiyyəti tovuzluları daha motivasiyalı edə bilər.

“İmişli” isə son turlardakı xal itkilərinə baxmayaraq, liqadakı yerini qorumağı bacarır. “Qəbələ” xallarını artırıb yaxınlaşsa da, bölgə təmsilçisinin hədəfi elitanı tərk etməməkdir ki, indiki məqamda bu, real görünür.

1 mart / 19:00 Qarabağ – Sabah

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” artıq bütün diqqətini daxilə verəcək. Premyer Liqanın lideri “Sabah”la görüş “atlılar” üçün çempionluq mübarizəsinin davam edib-etməyəcəyi kimi kritik önəm daşıyır. Komandalar arasındakı fərq 7 xaldır və “Qarabağ”ın ehtiyatda bir görüşü var. “Sabah”la matçda qələbə qazanama bilməmək yayda komandanın qızıl medallara çata bilməməsi ilə bitə bilər.

“Sabah” yaxşı forma yığıb və komanda ardıcıl 10 oyundur, qələbə qazanır. “Qarabağ”la görüşdə prioritet məğlub olmamaqdır. Həm fərq qorunacaq, həm psixoloji üstünlük “bayquşlar”da olacaq. Valdas Dambrauskasın bu görüş üçün əsas silahı hücumdakı sürəti və driblinqi ilə seçilən Aaron Maluda və komandanın yaradıcı adları – Aleksey İsayev ilə Velko Simiç olacaq. “Sabah” bu turda qələbə qazansa, tarixinin ilk çempionluğu üçün böyük addım atmış olacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
futbolpress.az

1Mənbələr