AZ

Xocalı soyqrımının qurbanları anılıb

Fevral ayının birinci ongünlüyündə yağan qar əriyib obalara gedən yolların bəzi yerlərində su gölməçələri yaradıb. "Niva"dan başqa ayrı bir avtomobillə buradan keçib getmək mümkün deyil, baxmayaraq ki, qarlı günlərdən sonra havaların nisbətən istiləşməsi ucsuz-bucaqsız Muğan düzünün aylardan bəri davam edən boz rəngini dəyişməyə başlamışdı. Torpaq da yavaş-yavaş yaşıl donunu geyinir. 

Qazılan xəndəklər sürücünü məcbur edir ki, 200-300 metrdən bir sürəti azaltsın. Halbuki keçən əsrin 

40-50-ci illərinədək buralarda heç bir xəndək-filan olmayıb. Əgər olsaydı, buralar böyük şairimiz Səməd Vurğunun ceyran ovlağı ola bilməzdi. Odur ki, bizi qarşılayan Adil Quluzadədən soruşuram: 

- Bilmirsən, qoyun yataqları burada nə vaxt salınıb? 

- Vallah, bu mənim yaşımdan əvvəl oub, - amma yaşlılardan eşitmişəm ki, "Acı" adlanan bu ərazilər 1940-cı ildən bəri Lerikin Buravurd kəndindəki "Azərbaycan" kolxozuna təhkim olunmuş, yəni bizim kəndin heyvandarlarına qış otlaq sahəsi kimi verilmişdi. Kolxoz o zaman çobanlar üçün yaşayış evləri tikmişdi. Çoban uşaqlarının təhsil almaları üçün burada məktəb də vardı. Bir neçə yatağın uşaqları həmin məktəbdə oxuyublar. 

Yol gedə-gedə Adildən burada qoyunları necə suvardıqlarını, özləri üçün içməli suyu haradan gətirdiklərini soruşduq. Deyir ki, sovetlər zamanında dövlət qışlaqlara saxsı borularla su xətti çəkibmiş. "Xüsusi yerlər olub və su gəlib ora dolurmuş. Qoyun-quzu, mal-qara oradan doyunca su içirmiş. İndi isə uzaqdan keçən Şaqay şor su kanalından istifadə etməli oluruq. Palçıq olduğu vaxtlarda uzaq məsafədə yerləşən kanala su içməyə getmək heyvanları üzür, yorğun salır. Özümüz üçün isə maşınlarla içməli su gətiririk", - deyir və sonra digər mühüm məsələyə aydınlıq gətirir: 

- Əvvəllər hər yataqda işıq olub. İndi isə imkanı olanlar "divijok" alıb günün müəyyən vaxtlarında, daha doğrusu, axşamlar ondan istifadə edir, televizordan dünyada baş verən hadisələrdən xəbər tuturlar. 

Bəzən dərə-təpəli, bəzən hamar yolla irəliləyirik. Qarşıda müxtəlif istiqamətlərdə yerləşən obalar görünür. Adil əli ilə ərazinin şimal-şərq hissəsində yerləşən obanı nişan verərək "Odur bizim oba", - deyir. 

Gəlişimizi bildikləri üçün buraya xeyli çoban yığışıb. Əl verib görüşürük, işlərinin necə getdiyi ilə maraqlanırıq. Yaşlı çoban qışın bu vaxtında onlara baş çəkdiyimiz üçün minnətdarlıq edir. 

- Siz sağ olun. İşləriniz necə gedir? Qışı necə yola verirsiniz, qoyun-quzunun vəziyyəti necədir? - deyə soruşuruq. 

- Qışın ömrü, demək olar ki, qurtarmaq üzrədir. Artıq yazın qoxusu gəlir. Su çərşənbəsini yola saldıq. Xırda-para çətinlikləri nəzərə almasaq, bu il qışı pis keçirmirik. Yay-payız aylarında tədarük etdiyimiz arpa, yonca qoyun-quzunun qışdan gümrah, itkisiz çıxmasına başlıca səbəb olub. Fevral ayında yağan qar bizim üçün müəyyən çətinlik yaratsa da, bərəkətdir deyib sevindik. Yağan həmin qarın hesabına hər tərəfdə yaxşı ot çıxıb. Novruz bayramından sonra buraya gəlsəniz, başqa bir mənzərəni görərsiniz. Hər tərəf sizə yaşıl bir xalını xatırladar , - deyə həmsöhbətimiz bildirir.  

Söhbətə Adil Quluzadə qoşulur: 

- Bağışlayın, sizi çobanlarımızla tanış etməyi unutdum, - deyib bir-bir onları təqdim edir: - Məlikağa Əliyev, Şirməmməd Tağıyev, Vəliağa Tağıyev, Əliheydər Sadıqov, Xanverdi Tağıyev, Əhliman Tağıyev, Qəzənfər Rəşidov, Bayram Tağıyev. 

İçəri keçirik. Döşəməyə sərilmiş xalçanın üstünə sıra ilə döşəkçələr düzülüb. Odun sobasının üstündə çay sızıldayır. Hər kəs yer seçib oturur. Söhbətimiz davam edir. Xanverdi Tağıyev: 

- Bizim bir çoxumuz bu obalarda dünyaya göz açmışıq. Dədə-babalarımız keçmiş zamanlardan qoyu-quzusunu qışlağa Biləsuvarın bu ərazisinə gətiriblər. Hər il oktyabr ayında bura köçüb qışdan sonra ilin necə keçməsindən asılı olaraq bəzən may, bəzən iyun ayında yaylağa - doğma Lerikin Buravurd kəndinə qalxıblar. Çörəyini qoyunçuluqdan çıxaran çobanlıq peşəsi nəsildən-nəslə ötürülüb. Hərə bir işin qulpundan yapışır. Bizim də işimiz budur. Şükürlər olsun ki, pis dolanmırıq. Ailəmizi halal zəhmətimizlə, alın tərimizlə saxlayırıq. Heç kəsdən gözümüz kölgəli deyil. İl uğurlu gələndə, yem bol olanda qoyunların çoxu əkiz balalayır. Bu da maddi vəziyyətimizə təsir göstərir. Ətin qiyməti indiki halda hər bir çobanı qane edir. Amma yun haqqında bunu demək olmaz. Qırxdığımız yun hər il bir-birinin üstünə yığılıb qalır. Axı bir vaxtlar yun qızıl qiymətinə olub. Hər halda əlaqədar təşkilatlar bu barədə tədbir görsələr yaxşı olar. 

Məlikağa Əliyev isə dövlətin heyvandarlara göstərdiyi diqqət və qayğıdan, bu sahə ilə bağlı mühüm qərarlar qəbul edildiyindən danışır. Deyir ki, qoyunçuluğun inkişafı üçün otlaq sahəsinin olması birnömrəli məsələdir: "Bu sahədə işlərimiz heç də yaxşı deyil. Biləsuvar Rayon İcra Hakimiyyəti bir neçə çobanın Dövlət Fondundan olan örüş sahəsini əlindən alaraq başqasına verib. 800 baş qoyun-quzusu olan Şirməmməd Tağıyevin örüş torpağı Lerikdən olmayan başqa birisinə verilib. Şirməmməd hazırda qışlaqda olan heyvanlarını tövlə şəraitində saxlayır. Axı belə haqsızlıq olmaz. Digər bir məsələ bu Acı düzünə qışlamaya heyvan gətirən biz 9 fermerin hər birinə aiddir. 2023-cü ildə icarə müqaviləsi bitməsinə baxmayaraq, Biləsuvar RİH bizimlə yenidən müqavilə bağlamır. Bununla əlaqədar icra hakimiyyətinə müraciət edəndə məsul şəxslər hər dəfə bir bəhanə gətirib vaxtı uzadırlar. Səbəb nədir, bilmirik". 

Müəyyən çatışmazlıqlara baxmayaraq, ümumilikdə Biləsuvarın Acı düzündəki lerikli fermerlər qışı uğurla yola salmaq, qarşıdan gələn Novruz bayramını xoş ovqatla qarşılamaq üçün çalışırlar. İnanırlar ki, belə də olacaq. 

Seyran CAVADOV, 

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr