AZ

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə Yardımlıda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kənd təssərüfatı, heyvandarlıq, arıçılıq, taxılçılıq sahələrində fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri görüşdə Yardımlıda biznesin inkişaf etdirilməsi üçün imkanlar və bu potensialın reallaşdırılmasına dövlət dəstəyi barədə müzakirələr aparılıb.  

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov və KOBİA idarə heyətinin sədri Orxan Məmmədov Yardımlıda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, rayonun ekoloji təmiz mühiti kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də turizm və xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar yaradır. Nəzərə çatdırılıb ki, bu, biznes subyektlərinin yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük vermək imkanı qazandırır. O da vurğulanıb ki, müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi məhsuldarlığın artmasında faydalı ola və sahibkarlar arasında əməkdaşlıq və birgə fəaliyyət xərclərin azalmasına və yeni imkanların yaranmasına şərait yarada bilər. Həmçinin dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadənin sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul yaradacağı bildirilib. 

Tədbirdə sahibkarlarla arıçılıq təsərrüfatının inkişafı, emal müəssisəsinin yaradılması, satış imkanlarının genişləndirilməsi, artezian quyusunun qazılmasına dəstək, torpağın təyinatı, baytarlıq, subsidiyalar, biznesin maliyyələşdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb. 

Görüşdən sonra KOBİA nümayəndələri Yardımlıda ailəvi istirahət mərkəzində və çörək istehsalı müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar. 

S.QUBADOĞLU,

"Azərbaycan"

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr