AZ

Başqırd, qırğız, türkmən bunlar bir soydur... Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Vilayət QULİYEV

Bilirəm ki, təhrifə yol vermişəm.

Məşhur mahnının sözləri fərqlidir: "Özbək, türkmən, uyğur, tatar, azər bir boydur,

Qarapalpaq, qırğız, qazax - bunlar bir soydur..."

Amma riyaziyyatın təməl qaydasında da deyildiyi kimi, "toplananların yeri dəyişəndə cəm dəyişmir". Türk xalqlarını hansı ardıcıllıqla düzsən də, yenə qardaşdır. Eyni dilin dörd qrupuna bölünsələr də, fərqli coğrafiyalarda, fərqli həyat şərtləri altında yaşasalar da, hamısı bir-birinin yanında doğma görünür.

Yaxşı başa düşürəm ki, Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində hazırladığım əsasən biobiblioqrafik xarakterli silsilə yazıları "elmi" olmamaqda suçlayanlar tapıla bilər. Amma hər insan bioqrafiyadan başlayır. Bu baxımdan mühüm tarixi hadisənin ildönümünün qeyd edildiyi günlərdə onun iştirakçıları barəsində səhih məlumatların toplanıb elmi-mədəni ictimaiyyətə, oxucu kütləsinə çatdırılması mühüm məsələdir. Çünki əksəriyyəti repressiya qurbanı olmuş bu insanları tanımaq lazımdır. Onların arasında təsadüfi adamlar yox idi. Doğrudur, bəziləri universitet diplomuna, professor mantiyasına malik deyildilər. Amma Sovet İttifaqı adlanan totalitar ölkədə çətinlik və ziddiyyətlərlə  dolu 1920-ci illərdə öz xalqlarının bu və ya digər dərəcədə seçkin xadimləri, öncül nümayəndələri, bəzi hallarda isə maarif və mədəniyyət məşəllərinin daşıyıcıları idilər. Yəqin ki, məşhurluq, qurultaydakı fəallıq dərəcəsindən asılı olmayaraq onların hər birini tanıtmağa, təqdim etməyə lüzum var. Bu dəfə söhbətimiz Bakıya Başqırdıstan, Türkmənistan və Qırğızıstandan gələn qonaqlar haqqındadır.

Başqırd nümayəndə heyəti 6 nəfərdən ibarət idi. Amma qurultayda rəsmi qeydiyyatdan keçmiş 8 başqırd ziyalısı iştirak edirdi. Sadəcə, nəşriyyat və mətbuat işçisi olan Səlahətdin Atnaqulov (1893-1937) tatar heyətinin tərkibində gəlmişdi. Aralarında  tarixi şəxsiyyətlərlə bağlı indi də mübahisə gedən qonşu və qardaş xalqların ikisi də ona iddialıdır. Amma deyəsən, son illərdə vəziyyətdən çıxış yolu tapılıb - S.Atnaqulov başqırd əsilli tatar şairi sayılır. Qurultayda iştirak etdiyi dövrdə isə "Kızıl Tatarstan" qəzetinin və Tatarıstan Dövlət Nəşriyyatının baş redaktoru idi. 1917-1919-cu illərdə başqırd milli hərəkatının fəal iştirakçısı, Əhməd Zəki Validovun ən yaxın silahdaşı olmuşdu. Təbii ki, belə bir bioqrafiya ilə 1937-ci ilin süzgəcindən sağ-salamat keçə bilməzdi.

Qurultayda Gürcüstanı təmsil edən Şərif Manatov (1887-1936) başqırd əsilli idi. Ruhani ailəsində doğulmuşdu. Rusiya və Türkiyədə ali təhsil almış, bir müddət İsveçrədə yaşamışdı. 1917-ci ildə I Ümumbaşqırd qurultayı onu Mərkəzi Şuranın sədri, yəni başqırdların lideri seçmişdi. Müavini isə sonralar başqırd milli lideri və siması kimi tanınan görkəmli tarixçi alim, Ə.Z.Validov - Zəki Vəlidi Toğan (1890-1970) idi. 1918-ci ilin yanvarında Ş.Manatov Başqırdıstan muxtariyyətinin rəhbəri kimi İsveçrədən tanıdığı Leninlə görüşmüş, ona başqırd milli hərəkatının xarakteri və məqsədləri haqda məlumat vermişdi. Sonradan Əhməd Zəki ilə yolları ayrılan Ş.Manatov bolşevik cəbhəsinə keçmişdi.

1924-1925-ci illərdə Azərbaycanda yaşamışdı. Azərbaycan K(b)P MK-nın mətbuat şöbəsinin müdiri, Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuşdu. 1925-1931-ci illərdə Tiflisdəki Zaqafqaziya Kommunist universitetində çalışırdı. Bakıya Gürcüstan heyətinin tərkibində gəlməsi də, bununla əlaqədar idi.

Başqırd nümayəndə heyətinin tərkibinə daxil olan 6 nəfər isə aşağıdakı şəxslər idi: Məcid Bilalov (1885-1933, Başqırdıstan xalq maarif komissarlığının Moskva təmsilçisi), Xabibulla Qabitov (1886-1939, başqırd şairi, milli hərəkat fəalı, dilçi və folklorçu), Qabdelaxat Vildanov (1879-1954, başqırd etnoqrafı, dilçi, ədəbiyyatşünas, başqırd dilinin tətbiqi üzrə komissiyanın üzvü), Karim İdelqujin (1895-1937, başqırd milli hərəkatının ideoloqlarından biri, "Başkortostan" qəzetinin məsul katibi), Zakir Şakirov (1881-1968, Xalq maarifi institutunun əməkdaşı, dilçi), Saqit Mryasov (1880-1932, başqırd milli hərəkatının fəalı, ölkəşünas-tarixçi, Başqırdıstanı öyrənmə cəmiyyətinin üzvü). Bu şəxslərin çoxunun dəbdəbəli titulları, yaxud yüksək vəzifələri olmasa da, 1920-ci illər  başqırd elmi və yaradıcı ziyalıları kimi milli mədəniyyəti tarixində mühüm izlər qoymuşdular.

 Şərif Manatov

Qurultaydan ardıcıl məlumatlar yayan tatar mətbuatından fərqli olaraq başqırd qəzetləri forumun işıqlandırılmasına o qədər də ciddi maraq göstərməmişdilər. Yalnız martın 16-da rəsmi "Başkortstan" qəzetində S.Mryasovun "Türkoloji qurultayda" adlı icmal xarakterli məqaləsi çap olunmuşdu. Müəllif  Bakıda demək olar ki, bütün türk xalqları təmsilçilərinin iştirakı ilə baş tutan böyük elmi-mədəni  hadisənin əsas yekunlarını əks etdirməyə çalışmışdı.

Zakir Şakirov Bakı səfəri ərəfəsində rusdilli "Başqırdıstan ölkəşünaslıq məcmuəsi"ndə dərc olunan "Türkoloji qurultayla əlaqədar" adlı məqalədə çox güman kollektiv ifadə etmişdi. Müəllif aşağıdakı təklifləri irəli sürmüşdü: "1) Türk dilinin fonetik və morfoloji qaydalarını işləyib hazırlamaq üçün onun Hind-Avropa və ərəb dillərindən əsas fərqlərini müəyyən etmək; 2) Yeni terminləri türk dili bazasında yaratmaq və hamı üçün anlaşılan olmasına çalışmaq; 3) Türk dilində olmayan termini başqa dildən götürəndə onu türk dilinin xarakter və təbiətinə uyğunlaşdırmaq; 4) Danışıq dilinə daxil olmuş sözləri olduğu kimi saxlamaq; 5) Avropa türkoloqlarının əsərlərinin geniş oxucu kütləsi nəşrinə nail olmaq; 6) Hər bir zəhmətkeşin fikirlərini ana dilində ifadə etməsinə çalışmaq; 7) Türk dilinin dialekt və ləhcələrini öyrənmək; 8) Bütün türk ləhcələrinin lüğətini hazırlamaq; 9) Türkcə danışanların hamısı üçün vahid işarələr hazırlamaq; 10) Qeyd olunanları həyata keçirmək üçün xüsusi türkoloji tədqiqatlar institutu təsis etmək".

Başqırd təmsilçiləri K.İdelqujin qurultayın rəyasət heyətinə, X.Qabitov isə Nəvainin 500 illik yubileyi ilə əlaqədar komissiyanın tərkibinə seçilmişdilər. Onların arasından qurultayda məruzə ilə çıxış edən olmamışdı. Sadəcə müzakirələr zamanı X.Qabitov söz alıb başqırd, Ş.Manatov isə rus dilində danışmışdı. Tatarlarla başqırdlar arasında ənənəvi polemika qurultayda da özünü göstərmişdi. Qəribədir ki, çıxışını tatar Şamil Usmanovun rus dilinə tərcümə etdiyi X.Qabitov tatarıstanlı həmkarı Q.İbrahimovu qurultay iştirakçılarına başqırd dili və Başqırdıstanda islahat hərəkatı haqda düzgün məlumat verməməkdə günahkar saymışdı.

Eyni regionu təmsil etmələri, eyni soy-kökə və çox yaxın tarixi-mədəni əlaqələrə malik olmalarına rəğmən, latın əlifbasına keçid məsələsində başqırdlarla tatarlar tam fərqli mövqelərdə dayanırdılar. Artıq Bakı qurultayı işə başlayana qədər Ufada radikal əlifba islahatı ilə bağlı müəyyən addımlar atılmışdı. Başqırd ziyalıları latın əlifbasının tərəfdarı idilər. Hətta özləri ilə qurultaya latın qrafikalı başqırd əlifbasının ilkin layihəsini də gətirmişdilər. Burada islah olunmuş ərəb yazısının tərəfdarlarının sayı az, mövqeləri isə zəif idi. Ona görə də qurultaydan dərhal sonra yeni əlifbanın tətbiqinə başlanan regionlardan biri  Başqırdıstan olmuşdu.

O da maraqlıdır ki, başqırd nümayəndələri digər türk xalqları ilə müqayisədə 1937-ci ilin "böyük terrorundan" nisbətən az itki ilə çıxmışdı. S.Atnaqulov və K.İdelqujin güllələnmiş, X.Qabitov 10 illik həbs cəzasına məhkum edilmişdi. Kiçik istisnalarla tam tərkibdə məhv edilən Azərbaycan, qazax, özbək, tatar, Krım tatarları, Şimali Qafqaz türkləri, türkmən və b. heyətlərlə müqayisədə bu, o qədər də dəhşətli görünməməli idi. Əlbəttə, yol verilən "ayrı-seçkilikdə" Stalin-Beriya cəza maşınının başqırdlara xüsusi loyal-mərhəmətli münasibətinin izini axtarmaq tarixi-mənəvi baxımdan heç bir əsasa malik deyil. Yəqin ki, başqırd ziyalılarının nisbətən liberal-ehtiyatlı davranışı, bəzilərinin isə "vaxtında ölməyi bacarması" daha radikal tədbirlərə əl atmağa yer qoymamışdı. Bəlkə də yanlış fikirdir, amma mənə elə gəlir ki, rejim fitnəkarlıq nümayiş etdirərək türklüyün öncül dəstəsində yer alan, fikirlərini daha açıq, kəskin şəkildə söyləməkdən çəkinməyən tatar nümayəndələrə  kütləvi şəkildə divan tutmaqla  başqırdlara guya etimad göstərdiyini, onları özünə daha "yaxın"  bildiyini nümayiş etdirməyə çalışmışdı.

lll

1924-cü ildə SSRİ tərkibində müttəfiq respublika statusu alan Türkmənistan qurultayda 5 nümayəndə ilə təmsil olunmuşdu. Onların sırasına Bekki (Bekmurad) Berdiyev (1898-1970), Məhəmməd Gəldiyev (1889-1931),  Bəşim Qulbəşərov (1898-1938), Bəşim Perenqliyev (1898-1937) və Oraz Şahmuradov (1888-1938) daxil idilər. Bundan əlavə, Türkmənistan Dövlət Nəşriyyatı direktorunun müavini Gümüşəli Boriyevlə (1896-1937) "Türkmənistan" qəzetinin müxbiri Abdulhəkim Qulməhəmmədovun (1876-1931) iştirakı ilə bağlı məlumatlar da mövcuddur. Sonuncunun sayəsində "Türkmənistan" və rusca çıxan "Turkmenskaya iskra" qəzetləri qurultayın gedişini mütəmadi işıqlandırmışdı.

Tərkibində iki nazir olmasına baxmayaraq, türkmən nümayəndə heyətinin əsas söz sahibi, birinci skripkası heç şübhəsiz, Bekki Berdiyev sayıla bilərdi. Çarizm dövründə universitet təhsili almış barmaqla sayılacaq qədər az türkmənlərdən idi. Akademik Muradgəldi Söeqov onun hansı ixtisasa yiyələndiyini göstərmədən  Peterburq universitetini bitirdiyini yazır. Əgər ali təhsilini tanınmış alimin də iddia etdiyi kimi, 1917-ci ildə, yəni 19 yaşında başa vurmuşdusa, o zaman təvəllüd tarixinin qeyri-dəqiqliyi fikri ilə razılaşmaq lazımdır. Çünki XX əsrin əvvəlində 19 yaşda əksər hallarda gimnaziyadan məzun olmaq mümkün idi. Türkmən aliminin dediyindən isə belə çıxır ki, B.Berdiyev 1917-ci ildə artıq universitet təhsilini başa vurmuş, növbəti ildə isə Oraz Sərdarın elan etdiyi və ömrü üç ay sürən Müsəlman-Türkmən hökumətində nazir olmuşdu. Hətta burada "hökumət" və "nazir" anlayışlarının reallıqla çox az əlaqəsi olduğunu (çar Rusiyasının süqutundan sonra belə məhəlli hökumətlər sürətlə yarandığı kimi, heç bir iz qoymadan sürətlə də sıradan çıxırdı - V.Q.) nəzərə alsaq da, göstərilən tarixlər inandırıcı görünmür (Bax. The Oriental Studies, 2015, № 69, s. 119 - V.Q.).

1926-cı ilin yanvar-fevral aylarında Türkiyənin arxiv və kitabxanalarında işləmək, türk həmkarları ilə elmi əlaqələr yaratmaq məqsədi ilə İstanbulda olan akademik Bartoldun "Konstantinopol gündəliyi"ndə fevralın 2-nə aid maraqlı bir qeydə rast gəldim: "Teodor Menzelin gəlişi (Qurultayın yanvarın 3-də açılacağı haqda məlumat alan T.Menzel Bakıya gəlmiş, amma dəqiq tarixi öyrənib İstanbula qayıtmışdı - V.Q.). Bakıda komissiyanın iclası ilə bağlı təəssüratı. Türkmən nümayəndəsi Berdiyev xüsusi ilə istedadlı və ağıllı adam təsiri bağışlayıb. Berdiyev və qırğızlar (Baytursunov) qəti şəkildə latın əlifbasının əleyhinə çıxırlar".

Qurultayın əlifba məsələsi ətrafında qızğın mübahisə getdiyi 3 mart tarixli 11-ci iclasında B.Berdiyevin ağıllı, əsaslandırılmış nitqi onun həqiqətən də sağlam tənqidi təfəkkürə, yaxşı mənada Qərb düşüncə tərzinə və polemika mədəniyyətinə malik istedadlı ziyalı, fikir adamı olduğunu göstərir. Linqvistika sahəsində ixtisaslaşmasa da, o, müzakirə olunan məsələnin mahiyyətinə varmağı, müəyyən dərəcədə obyektiv mövqe tutmağı bacarmışdı. Bütünlükdə, B.Berdiyev qurultayın fəal nümayəndələrindən sayıla bilərdi. Stenoqramdan da göründüyü kimi, əsas məruzəsi ilə bir sırada müxtəlif məsələlərlə bağlı dörd dəfə çıxış etmişdi.

Məhəmməd Gəldiyev

 Berdiyevin fikrincə, hər insan bədən quruluşuna uyğun paltar geyinməyə çalışdığı kimi, hər dil də fonetikasına, orfoqrafiyasına, ümumən qrammatik qaydalara daha çox uyğun əlifbadan istifadə etməlidir. Ona görə də T.Menzelin  gətirdiyi xəbərdən göründüyü kimi, başlanğıcda latın əlifbasına keçidin əleyhdarı olsa da, yəni türk dilinin yeni dəbə uyğunlaşdırılmış əvvəlki qiyafəsində - yəni islah olunmuş  ərəb əlifbasında qalmasını istəsə də, sonrada "latın dəbli paltarı" daha münasib saymışdı. Görünür, fikir dəyişikliyi qurultay günlərində baş vermişdi, yəni bəlli amillərin təsiri altında fikrini dəyişməli olmuşdu. Çünki yanvar ayında komissiyada müzakirələr zamanı latın qrafikasının türk dillərinə tətbiqinin qəti əleyhdarı mövqeyində dayanmışdı. Amma yəqin daxili narazılığını boğa bilməyib qurultay tribunasından elan etmişdi ki, "nə latın, nə də ərəb əlifbası indi mövcud olduğu şəkildə türk dillərinin fonetik ardıcıllığına tam şəkildə cavab verirlər. Əlifbaya və yazıya münasibətdə tələblər hansı nöqteyi-nəzərdən irəli sürülür? Oxuma və yazma asanlığı, yoxsa çap işinin sürətlənməsi baxımından?" Eyni zamanda belə bir fikirlə də razı idi ki, ərəb əlifbası daha çox əlyazmaların, bayat və cünglərin, latın isə çap maşınının, kitab və kütləvi nəşrlərin əlifbasıdır və sürətlə dəyişən, yeniləşən əsrin ortaya atdığı problemlərə daha operativliklə cavab verir.

Qurultaya hazırlıq mərhələsində də iştirak edən B.Berdiyev türkmən heyətini layiqli təmsil etmək baxımından səy və zəhmətini əsirgəməmişdi. İlk iclasda rəyasət heyətinə, türk etnoqrafiyası üzrə qərar layihəsi hazırlayan komissiyaya seçilməsi, nəhayət, gündəlik bülletenlərin çapını təşkil etməsi ölkəsinin rəsmi təmsilçisi kimi qəbul olunması və türkoloqlar arasında qazandığı nüfuzun nəticəsi idi. 26 nəfər digər həmkarı ilə birlikdə əlifba məsələsi haqda  qətnaməyə əlavə və düzəlişlər edən komissiyanın tərkibinə türkmən heyətinin üzvü kimi salınması isə soydaşları arasında aparıcı rolundan xəbər verirdi. Qurultaydan sonra latın qrafikalı yeni əlifba layihəsini də xalq maarif komissarlığı yanında Elmi Şuranın sədri Bekki Berdiyevin rəhbərlik etdiyi mütəxəssislər qrupu hazırlamışdı. Türkmənistan MİK-nin 3 yanvar 1928-ci il tarixli qərarı ilə türkmən dilinin tələblərinə uyğun şəkildə yenidən işlənən latın əlifbası qəbul olunmuşdu. Növbəti ilin may ayında isə ölkənin bütün müəssisə və təşkilatları istisnasız olaraq yeni əlifbaya keçmişdi.

Türkmən nümayəndə heyətinin digər üzvlərinə gəldikdə, dilçilik elmi və türkologiya ilə elə bir əlaqəsi olmayan, müxtəlif vaxtlarda qəza inqilab komitəsinin sədri, torpaq şöbəsinin müdiri, Türkmənistan inqilab komitəsi inzibati şöbəsinin müdiri, xalq ədliyyə komissarı kimi çeşidli vəzifələrdə çalışmış ali-ibtidai təhsilli B.Qulbəşərov vətənindən daha çox Moskvanın nümayəndəsi sayıla bilərdi. Çünki 1925-ci ildən Özbəkistan və Qırğızıstan arasında sərhədlərin dəqiqləşdirilməsi üzrə paritet komissiyanın sədri kimi orada çalışırdı. Xüsusi biliklər tələb edən ədliyyə komissarı kimi yüksək və məsul vəzifə tutmasına baxmayaraq, intellektual səviyyəsi çox da yüksək sayıla bilməzdi. Amma bununla bərabər, 1930-cu illərdə Moskvada SSRİ MİK Millətlər Şurasının katibi vəzifəsinə aparılmışdı. Ona 1925-ci ildə verildiyi təxmin edilən xasiyyətnamədə deyilirdi ki, "yoldaş Qulbəşərov türkmən əhalisi arasından çıxıb. Sovet işinə yalnız qəza miqyasında yararlı ola bilər. Çünki bütünlükdə (xüsusən də siyasi sahədə) inkişafı yetərli deyil".

Nümayəndə heyətinin digər üzvü B.Perenqliyev də yüksək rütbəli türkmən məmuru idi. Qurultaya Türkmənistanın xalq maarifi komissarı qismində qatılmışdı. 1925-1928-ci illərdə bu vəzifəni yerinə yetirməklə bir sırada, həm də nazirlik yanında Baş elmi şuranın sədri, 1932-ci ildə isə Orta Asiya Zooveterinar institutunun rektoru olmuşdu. İki il türkmən-rus, iki il yarımçıq qoyduğu ali-ibtidai məktəbdə (təxminən indiki orta məktəb səviyyəli təhsil müəssisəsi) oxuması yeni quruluş şəraitində elm və təhsil kimi mühüm, strateji sahələrə rəhbərlik etməsi üçün yetərli sayılmışdı. Əslində burada təəccüblü bir şey yoxdur. Proletariat diktaturasının "qalib gəldiyi" türk respublikalarının çoxunda vəziyyət belə idi. Bu məqamda bizim ilk xalq maarif komissarı Dadaş Bünyadzadəni xatırlamaq da yerinə düşərdi...

Rəsmi heyət üzvlərindən yalnız xalq maarif komissarlığı yanında Elmi Şura üzvü, pedaqoji texnikumun müəllimi M.Gəldiyev və fəhlə fakültəsinin dekanı, türkmən elmi-ədəbi cəmiyyəti rəyasət heyətinin üzvü O.Şahmuradov pedaqoji işdə çalışdıqları üçün praktiki mütəxəssis kimi müzakirə olunan məsələlərə müəyyən dərəcədə yaxın idilər. Türkmən dilinin ilk qrammatikasının (K.Boriyevlə birlikdə), əlifba, orfoqrafiya və terminologiyaya dair məqalələrin, bədii əsərlərin müəllifi kimi tanınan M.Gəldiyev qurultay katibliyinin və terminologiya məsələləri üzrə qərar layihəsi hazırlayan komissiyanın tərkibinə seçilmişdi. Türk xalqlarında ədəbi dilin inkişafına  həsr olunmuş 14-cü iclasında  türkməncə çıxış etmişdi.

lll

Qəribədir ki, digər türk respublikalarında Birinci Türkoloji qurultayın nümayəndə və iştirakçılarına qarşı ittihamlar 1937-1938-ci illərdə irəli sürülmüşdüsə, Türkmənistanda bu prosesə daha tez - nisbi sakitlik dövrü kimi görünən 1932-ci ildə start verilmişdi. Həm də türkmən alimlərinin "dağıdıcı əməllər" üçün təlimatı Bakıda aldıqları açıq və birbaşa bəyan edilmişdi. Tarixi qurultaydan düz altı il sonra, 1932-ci ilin fevral-mart aylarında Türkmənistan Dövlət Siyasi İdarəsi B.Berdiyevin rəhbərliyi altında fəaliyyət göstərmiş mifik "Türkmən azadlığı" adlı əksinqilabi-millətçi təşkilatın ifşa edildiyi, onun özü başda olmaqla 34 nəfər üzvünün həbs olunduğu barəsində xəbər yaymışdı.

Qasım Tınıstanov

Həbslərin qanunauyğunluğunu əsaslandırmaq məqsədi ilə tərtib edilən rəsmi arayışda deyilirdi: "Türkmənistanda millətçi hərəkata təkan verən əsas amil 1926-cı ilin əvvəlində Bakıda keçirilən Türkoloji qurultay və Türkoloqlar Komitəsinin plenumu (1927-ci ildə S.Ağamalıoğlunun sədrliyi ilə Yeni Əlifba Komitəsinin Moskvada keçirilən II plemunu nəzərdə tutulur - V.Q.) olmuşdu. Türkmənistandan nümayəndə kimi qurultaya göndərilən və başdan-başa millətçi ünsürlərdən, o cümlədən Berdiyev, Perenqliyev, Geldiyev, Qulahmədov, Şahmuradov və b. ibarət olan heyət orada millətçi türk xadimləri - Çobanzadə, Köprülüzadə ilə görüşüb söhbətlər aparmış, gələcək fəaliyyət üçün lazımi təlimat almışdılar".

Həbs olunanlar arasında B.Berdiyevdən başqa, digər qurultay iştirakçıları - O.Şahmuradov, Krım tatarı Şövqi Bektörə də vardı. B.Berdiyevin əleyhinə hətta doğma qardaşı Kakacan Berdiyev də ifadə vermişdi. İttihamlarda B.Berdiyev və tərəfdarlarının Türkoloji qurultayın gedişində əksinqilabçı-millətçi qüvvələrlə təmas qurması, aldıqları direktivlər əsasında Britaniya imperializminin maliyyə dəstəyi ilə antisovet fəaliyyət mərkəzi yaratması iddia olunurdu. Qurultay nümayəndəsi O.Şamuradov 1932-ci ilin dekabrında istintaqa verdiyi ifadəsində demişdi: "Türkoloji qurultay millətçi əhval-ruhiyyəli ünsürlərə geri qayıdandan sonra ədəbi cəmiyyət pərdəsi altında yeni qüvvə ilə əksinqilabi mübarizəyə başlamağa təkan verdi. Qurultay özü isə sanki belə ünsürlərin bir araya gəlməsi və gələcək birgə fəaliyyətlə bağlı razılıq əldə etmələri naminə təşkil olunmuşdu. Bizim Aşqabad nümayəndələri də vətənə məhz belə bir əhval-ruhiyyə ilə qayıtmışdılar".

Görünür, müttəhimlərə münasibətdə 1937-ci ilin üsul və metodları hələ tam şəkildə tətbiq edilmədiyindən "Türkmən azadlığı" hərəkatının beyin mərkəzi sayılan Türkmən Ədəbi-Elmi Cəmiyyətinin qurucusu B.Berdiyev 1932-ci ilin iyununda istintaqa verdiyi ifadəsində özünə haqq qazanırmağa çalışaraq demişdi: "Cəmiyyət mənim göstərişimlə yaradılıb. Verdiyim göstərişin əsasında sovet hökumətinin ümumi kursuna uyğun şəkildə hərəkət etmək, bu zəmində Türkmənistanın gələcək milli müstəqilliyini hazırlayıb həyata keçirmək dayanırdı. Elmi-Ədəbi cəmiyyət leqal təşkilat idi. Mən bu qurum vasitəsi ilə yeni türkmən milli mədəniyyəti yaratmaq ideyasını həyata keçirmək istəyirdim. Həm də bir müddət sonra qazax yoldaşlarla müzakirələr nəticəsində qərara alındığı kimi, bu işi sovet aparatının köməyi ilə görməyi düşünürdük".

Əslində 1934-cü ildə 10 il həbs cəzası alan, cəzasını günü gününə Uxto-Peçorsk islah-əmək düşərgəsində çəkən, həbs müddəti başa çatandan sonra vətəninə qayıtmaq hüququndan məhrum edilən, hər şeyini - evini, ailəsini, karyerasını, elmi irsini itirən, həyatını özgə künclərində yarı səfil vəziyyətdə başa vuran B.Berdiyev nisbətən "yaxşı" qurtarmışdı. O, sağ qalmışdı, Türkmənistandan nümayəndə və qonaq qismində qurultayda iştirak edən digər 6 nəfər həmkarı isə 1931-1937-ci illərdə fərqli yollarla "xalq düşməni" kimi aradan götürülmüşdü.

lll

Qırğızıstan muxtar vilayətindən  qurultaya üç nəfərlik heyətin - "Erkin Too" ("Azad dağlar", 1928-ci ildən "Qızıl Qırğızıstan" adlanırdı - V.Q.) qəzetinin baş redaktoru Qasım Tınıstanov (1901-1938), qırğız maarifçisi, ilk qırğız əlifbası (islah olunmuş ərəb-qırğız qrafikası əsasında) dərsliyinin müəllifi, İşenalı Arabayev (1882-1933) və tanınmış pedaqoq, Oş şəhərində ilk qırğız pedaqoji texnikumunun qurucusu Bazarkul Daniyarovun (1897-1942) ezam olunması planlaşdırılırdı. Bu barədə muxtar vilayətin xalq maarif şöbəsinin 27 dekabr 1925-ci il tarixli qərarı qəbul edilmişdi. Sənəd müəyyən mənada həm də təlimat xarakteri daşıyırdı. Latın əlifbasına keçid məsələsində qırğız nümayəndələrin çoxluğun mövqeyini dəstəkləyərək qərara tərəfdar çıxması tapşırılırdı. Onlar münasib şərait yarandığı təqdirdə Bakıda qırğız eposu "Manas"ın nəşri ilə bağlı danışıqlar aparmalı idilər. Qurultayın bədii hissəsində qırğız incəsənətini nümayiş etdirmək məqsədi ilə üç nəfərdən ibarət milli musiqi dəstəsinin - akınların göndərilməsi də alınan qərarlar sırasında idi. Hazırlıq işlərinə rəhbərlik Qasım Tınıstanova həvalə olunmuşdu.

Lakin naməlum səbəblərdən İ.Arabayev qurultayda iştirak edə bilməmişdi. Çox güman,  Qırğızıstanın 1924-cü ilə qədər tərkibində olduğu Türküstan SSR-dən ayrılması tələbi ilə çıxış edən, qırğız xalqının müstəqil özünüidarə hüququ uğrunda mübarizənin öncüllərindən olan İ.Arabayev hökumətin nəzərində şübhəli şəxsə çevrilmişdi. 1933-cü ildə sosialist ideyaları zəminində vahid türk dövləti qurmaq məqsədi qoyan Sosialist Turan partiyasının (guya "sosialist" adına ləkə gətirməmək üçün sənədlərdə ad Sosial Turan partiyası kimi göstərilmişdi - V.Q.) fəalı kimi həbs edilməsi və həmin il Daşkənd həbsxanasında həlak olması onu milli-siyasi zəmində qırğızlara qarşı çevrilmiş repressiyanın ilk qurbanlarından  saymağa əsas verir.

Qasım Tınıstanov 1926-cı ildə muxtar respublikaya çevrilən  Qırğızıstanın nümayəndəsi kimi müxtəlif ölkə və təşkilatları təmsil edən 22 nəfər tanınmış siyasət və elm xadimləri ilə birlikdə qurultayın rəyasət heyətinə seçilmişdi. Əlifba ətrafında müzakirələrlə bağlı mərkəzin verdiyi təlimat əsasında hazırlanan tezisləri gündəlik bülletendə çap olunmuşdu. Eyni zamanda martın 4-də keçirilən 12-ci iclasda çıxış edib qırğız heyətinin latın əlifbasına keçidin tərəfdarı olduğunu bəyan etmişdi.

1927-1930-cu illərdə ölkəsinin xalq maarif komissarı olması ona Bakı qurultayında lehinə səs verdiyi qərarı təcrübədə həyat keçirmək imkanı yaratmışdı.

Təəssüf ki, türkoloqların Bakı qurultayına dair silsilə yazılarımda səslənən ənənəvi nəqəratı burada da təkrarlamalı olacağam: qırğız alimi, ictimai və dövlət xadimi ilk qırğız professoru Qasım Tınıstanov 1937-ci ilin avqustunda "burjua millətçisi" və Sosial Turan partiyasının rəhbərlərindən biri kimi həbs edilmiş, növbəti il noyabrın 8-də böyük ümidlər bəslədiyi "inqilab günündə" Üçlüyün qərarı ilə güllələnmişdi. Bazarkul Daniyarov isə qırğız feodalı - manap kimi 10 il həbs cəzasına məhkum edilmiş, 1942-ci ildə Sverdlovsk həbs düşərgəsində antisanitariya, aclıq və xəstəliklər nəticəsində həlak olmuşdu.

1926-cı ildə başqırdlar, xüsusən də türkmən və qırğızlar, eləcə də digər türk-müsəlman xalqların təmsilçiləri üçün Bakı böyük dünyaya açılan qapı, çağdaş mədəniyyətlə təmas nöqtəsi, ümidverici gələcəyə və milli-mədəni tərəqqiyə aparan yolun başlanğıcı idi. Əgər bu yol yarıda qırılmasaydı, Birinci Türkoloji qurultayın enerjisi, amalı və ruhu yaşadılsaydı, yəqin ki, türk xalqları hələ ötən əsrin 20-ci illərində məngənəsində əzildikləri sehrli dairədən xilas olar, aradan yüz il ötəndən sonra yenidən eyni problemlərə qayıtmağa ehtiyac duymazdılar...

Sarayevo, fevral 2026-cı il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr